Xatirələrdə yaşayan böyük insan
Bizi izləyin

Tarix

Xatirələrdə yaşayan böyük insan

Xatirələrdə yaşayan böyük insan - Foto

Hörmət və ehtiramla, sevilə-sevilə insanların qəlbində və xatirələrində məğrur, yaraşıqlı görkəmi, işıqlı üzü, dərin mənalı nüfuzedici baxışları, gur səsi ilə yadda qalan Yunis Qəhrəman oğlu Rzayev, yaşasaydı, 90 yaşı tamam olardı.

O, 1924-cü il mayın 2-də Qərbi Azərbaycanda qədim Göyçə mahalının Şişqaya kəndində anadan olub. Bilik, istedad və bacarığına güvənib, onu orta məktəbi bitirdikdən dərhal sonra həmin məktəbə müəllim təyin edirlər. 2 il şagirdlərə həm mənəvi, həm əxlaqı cəhətdən örnək olan müəllim Böyük Vətən müharibəsində iştirak edir. 1950-ci ildə Azərbaycan KP MK yanında 2 illik partiya məktəbini, 1953-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirir. Basarkeçər Rayon Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1953-1957-ci illərdə rayon soveti icraiyyə komitəsinin sədri, 1957-1960-cı illərdə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışır. 1960-1962-ci illərdə Moskvada Ali Partiya Məktəbində oxuyur. 1963-1965-ci illərdə Basarkeçər-Martuni-Kamo Rayonları Ərazi İstehsalat İdarəsi partiya komitəsinin katibi, Rayon inzibati-ərazi bölgüsü bərpa olunduqdan sonra 1965-1968-ci illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968-1970-ci illərdə Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifələrində işləyib.

1959-cu ildən Ermənistan KP MK–nın üzvü, 3 çağırış Ermənistan Ali Sovetinin və VII çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Şübhəsiz ki, dərin ağıla, xüsusi xarizma və bacarığa, fərqli üstün qabilliyyətə, işgüzarlığa malik olmasaydı, bir azərbaycanlını, xüsusilə də, Ermənistanda ermənilərin içərisində pillə-pillə bu cür sürətlə yüksəlməsinə və irəli getməsinə mane olardılar. O vaxt kəndə əsgərliyə gedən gənci qohumlar qonaq dəvət edər, onun şəninə süfrə açardılar. Müəllimlik etdiyi müddətdə davranışı, qabiliyyəti, işgüzarlığı ilə böyük hörmət qazanan 19 yaşlı Yunisi bütün kənd camaatı öz evlərinə qonaq dəvət edib, hörmətlə əsgərliyə yola salmışdılar. Artıq illərin təcrübəsi ona erməni xislətini yaxşı tanıtmışdı. Buna görə də onun qəlbində ermənilərə dərin nifrət yaranmışdı. O, yaxşı görürdü ki, ermənilər qeyri-millətləri, xüsusilə də azərbaycanlıların yüksək vəzifə tutmalarına mane olurlar. Qərbi Azərbaycanlıların guman yerinə, müdafiəçisinə, fəxrinə və sevimlisinə çevrilməsi erməniləri milli siyasətinə mane olduğu üçün onu sevmirdilər. Ermənilərin pərəstiş etdiyi, Varpet adlandırdıqları Ermənistanın Xalq yazıçısı S.Xanzadyanı Ermənistan KP Mərkəzi Komitəsinin iclasında millətçi şovinist yazıçı kimi tənqid etməsi ermənilər tərəfindən xüsusi narazılıqla qarşılanmışdı. Məhz bunlara görə də üzdə özlərini Yunis Qəhrəman oğluna dost kimi, yoldaş kimi göstərən erməni millətçiləri öz aralarında onu Ermənistanın qoynunda yetişmiş bir türk sultanı adlandıraraq fiziki cəhətdən məhv etmək üçün min bir tələ qurur, alçaq hərəkətlərlə onu ləkələməyə çalışırdılar. Yalnız Azərbaycan xalqının ümumilli lideri, ulu öndər Heydər Əliyev Yunis Rzayevi erməni məkrindən, şantajından xilas etdi və 1970-ci ildə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi təyin etdi.1970 ─1973-cü illərdə bu vəzifədə işləyən Yunis Rzayev ümumilli lider Heydər Əliyevin kənd təsərrüfatını inkişaf etdirməklə bağlı qarşıya qoyduğu vəzifələri müvəfəqqiyyətlə yerinə yetirilməsini təmin etmək, H.Əliyevin ona göstərdiyi yüksək etimad və inamı doğrultmaq üçün var gücü ilə çalışdı. Əldə edilən konkret nəticələr ilə kənd təsərrüfatı sahəsində mahir təşkilatçı olduğunu yenidən sübuta yetirdi. Şamaxı rayonu qısa müddət ərzində üzümçülük, taxılçılıq, heyvandarlıq sahəsində ön cərgəyə çıxdı, aparıcı rayona çevrildi. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, indi də bu rayonun zəhmətkeşləri Yunis Rzayevi minnətdarlıqla xatırlayırlar.

Y.Rzayevə göstərilən etimadı doğrultmaq üçün göstərdiyi bacarıq, iş keyfiyyəti və təcrübəsinə inanıb, ona daha mühüm vəzifə etibar edilir. O, 1973-cü ildə Azərbaycan Respublikası Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri təyin olunur. Bu vəzifədə 1985-ci ilə, ömrünün son gününədək vicdanla çalışır, dahi Heydər Əliyevin bu sahəyə məhz Yunis Rzayevi rəhbər təyin etməsi təsadüfi deyildi. Heydər Əliyev kimi böyük siyasət korifeyi tərəfindən edilmiş bu seçimdə, xüsusilə, SSRİ dönəmində üzümçülük və şərabçılığın respublikamızın iqtisadiyyatındakı prespektiv imkanları və çox gəlirli olan bu sahənin inkişaf etdirilməsi zərurəti nəzərə alınmışdı. Heydər Əliyev bu işi məhz təcrübəli, bacarıqlı, işə yaradıcı münasibətinə və dövlətə sonsuz sədaqətinə inandığı bir adama etibar edir və öz seçimində yanılmadığına əmin olur. Tezliklə, üzümçülük və şərabçılıq Azərbaycanda misli görünməmiş dərəcədə inkişaf edərək büdcənin gəlirlərinin 40%-ni təşkil edir. Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra Respublikadan qəbul edilən ilk şəxs məhz onun rəğbətini qazanmış Yunis Rzayev oldu.

Keçmiş Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin əməkdaşları onun haqqında belə deyirlər: "Yunis Rzayev çox yüksək şəxsi keyfiyyətlərə malik bir şəxsiyyət, mədəniyyət və etik davranış nümunəsi idi. O, təsərrüfatın bir sıra sahələrindən gözəl baş çıxaran təşkilatçı idi, yorulmaq nə olduğunu bilməzdi. Respublikamızda və o zamankı SSRİ məkanında çox böyük nüfuza, hörmətə malik idi. Onunla işlədiyimiz uzun illər ərzində Moskvada, keçmiş SSRİ Yeyinti Sənayesi Nazirliyində ona qarşı olan hörmətin, diqqətin dəfələrlə şahidi olmuşuq. Özünə və tabelliyində olanlara, eyni dərəcədə tələbkar idi. Nə qədər ciddi, zəhmli idisə, o qədər də kövrək, həssas və qayğıkeş idi. İnsanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd–sərinə hayan olmaq onun həyat amalı idi. İnsanlarda həmişə dürüstlüyü, səmimiliyi və etibarı sevərdi, çünki özü də düz, səmimi və etibarlı adam idi. İnsanlarda xoş ünsiyyət, onların arasında səmimiyyət görmək istəyirdi. Həyatı yaxşı bilirdi, hadisələrə analitik fəlsəfi təhlil verməyi bacarırdı. İşi işbilənə, bacarana tapşırırdı, gənc kadrlara diqqət və qayğı ilə yanaşırdı. Əsl ağsaqqal idi, xeyirxah və sədaqətli insan, gözəl ailə başçısı idi, həyatda ondan öyrəniləsi çox şey vardı”.

Yunis Rzayevi digər vəzifə sahiblərindən fərqləndirən bir çox üstün cəhətlər olub. O, müxtəlif illərdə, müxtəlif vəzifələrdə çalışarkən həmişə ön planda ona rəhbərlik tərəfindən tapşırılan işin yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilməsi olubsa, digər cəhət onun insan amillinə verdiyi böyük dəyər olub. İstər Şamaxıda birinci katib işləyərkən, istərsə də Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində sədr olarkən onun tabeliyində işləyənlər, əməkdaşlıq edənlər Y.Rzayevi çox yüksək dəyərləndirir, nəcib insani keyfiyyətləri misilsiz iş bacarığı, prinsipial və təmənnasız mövgeyi olan vəzifə sahibi kimi, eyni zamanda ətrafındakılara münasibətdə xoş simalı, mülayim, həyatsevər bir insan kimi xarakterizə edirlər.

İnsan var ki, rəhbərliyin tapşırıqlarını yerinə yetirərkən ətrafdakılara əhəmiyyət vermir, vəzifəsindən asılı olmayaraq, ancaq doğulduğu kənddə el-oba tərəfindən tanınıb, qismən sevilir. İnsan da var ki, oturduğu kreslodan asılı olmayaraq, ürəyində dərin xalq məhəbbətini, tükənməz el-oba sevgisini şərəflə daşıyır.

Y.Rzayev belə şəxsiyyətlərdən idi. Müəllimliyi dövründə bütün kəndin sevgisini qazanan bu dəyərli insan, birinci katib işləyərkən bütün Qərbi Azərbaycanlıların, daha sonra Şamaxıda, Bakıda yüksək vəzifələrdə çalışarkən bütün respublikanın dərin hörmət və təmannasız sevgisini qazanır. Y.Rzayev təkcə bütöv ziyalı nəslinin çox dəyər verdiyi bir insan deyil, bütün Azərbaycanda tanınıb-sevilən biri olub.

Buna görə də fədakar əməyi o dövrlər üçün çox yüksək sayılan “Lenin”,

“Oktyabr İnqilabı”, üç dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri, digər medallar və fəxri fərmanlarla giymətləndirilib. O, 1971-ci ildən Azərbaycan KPMK–nın üzvü, VIII, IX, X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Yunis Qəhrəman oğlu Rzayev kimi şəxsiyyətlər heç vaxt unudulmur, daim xatirələrdə yaşayır, xoş sözlərlə yad edilir, ruhuna dualar oxunur. O öz əməlləri ilə tarixdə, onu tanıyan insanların qəlblərində, yaddaşlarında silinməz izlər, xatirələr qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm