Nida.az
Nurçulara yardım edənlər terrorçu sayılacaq? - Qanun( YENİLƏNDİ)
Zahid Oruc: “Qanuna dəyişiklik nə vəhhabiliyə, nə də nurçuluğa yönəlib”
Azərbaycanda “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna
dəyişiklik edilir. Martın 14-də bu qanun layihəsinin parlamentin
iclasına çıxarılacağı gözlənir. Həmin dəyişikliklərlə terror
anlayışının əhatə dairəsi genişləndirilir. Terrorçuluğa açıq
çağırışlar aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup
yaratmaq, terrorçuluğu maliyyələşdirmək terror faktı kimi
qiymətləndiriləcək.
3 MADDƏ DƏYİŞİR
Publika.Az Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü
Zahid Oruc AzadlıqRadiosuna müsahibəsini təqdim edir.
– Bəzi fikirlərə görə, son dövrdə ölkədəki ayrı-ayrı dini
qurumlara, cərəyanlara qarşı siyasi diskussiyaların, debatların
artması fonunda qanunvericilər də bunu davam etdirirlər. İkinci
qrup bunun Suriyadakı hadisələrdən doğduğu qənaətinə gəlib.
İkincinin üstündə daha çox dayanardım. İstisna etmək olmaz ki,
gələcəkdə nəinki Suriya, dünyanın digər ərazilərində də Azərbaycan
vətəndaşlarının müxtəlif terror qruplarına, hər hansı silahlı
dəstələrə, hərbi birləşmələrə qatılmaq cəhdi olacaq. Legionerlik,
muzdluluq geniş şəkildə tirajlandırılır. Təkcə Suriyada 60 mindən
çox yaraqlı döyüşür. Qanunvericiliyin 3 maddəsinə dəyişiklik olub.
Əslində, BMT-nin bir konvensiyasını biz ratifikasiya etmişdik.
Cinayət Məcəlləsində də terrorçuluqla bağlı bir neçə müddəa var.
İndi, konkret olaraq, dini məzhəbləri yaymaq adı altında insanları
hər hansı terror qruplarına cəlb etmək, insanlarımızı düşmənçilik
zəminində başqa bir ölkədə silahlı fəaliyyətə qoşmağın özü, bu
fəaliyyəti maliyyələşdirmək terrora yardım kimi dəyərləndiriləcək
və məsuliyyət doğuracaq.
“NƏ ƏFQANISTANA, NƏ DƏ ÇEÇENİSTANA BU QƏDƏR AXIN
OLMAMIŞDI”
–Deyirsiniz ajiotaj doğuracaq dəyişikliklər deyil. Bəs niyə
məhz indi əlavələrə ehtiyac yarandı?
– Ajiotaj doğurmamalıydı. Axı Suriyada vuruşan azərbaycanlıların
məsələsini parlamentdə də müzakirə etmişdik. “Biz onlarla nə
etməliyik?” sualı qarşısında bir çox parlamentari daha sərt qanuni
münasibət tələb etdi. Bu əməllərin terror kimi tövsif edilməsini
yanlış sayanlar da vardı. Halbuki BMT-nin sözügedən konvensiyası 10
illərdir ratifikasiya olunub. Artıq bu konvensiyanın ali tətbiq
hüququ var. Hansı formada, necə? Bu məsələlər indi dəqiqləşdirilir.
Əvvəl də oxşar fəaliyyətə görə hüquqi təqib vardı, sanki indi
işləməyə başlayıb. Nə Əfqanıstana, nə də Çeçenistana bu qədər
kütləvi insan axını baş verməmişdi. Heç dünyada da belə
olmamışdı...
– Yəni məhz Suriyaya, Əfqanıstana gedənlərin artması zəruri
etdi bu dəyişiklikləri, eləmi?
– Bu faktın birmənalı təsirini inkar etmək mümkün deyil. “Xarici
amil rol oynamadı” demək yanlış olardı. Dünənəcən ölü olan həmin
maddələr indi özünü göstərməyə başladı.
SURİYADA 117 AZƏRBAYCANLI VAR
– Necə tətbiq olunacaq həmin maddələr?
– Bundan sonra özəlliklə müxtəlif dini qollar, islami məzhəblər,
cərəyanlar, digər dini cərəyanlarda insanları təşkil edən, onların
fəaliyyətinə maddi yardım göstərən, digər ölkələrdə hərbi
birləşmələrə qoşulmasına kömək edənlərin əməli terror, yaxud
terrora yardım kimi tövsif edilir. Məsələn, bu gün Suriyada 117
azərbaycanlı var, onların bir qismi məhz bu dini qrupların
vasitəsilə gedib. Dəyişiklik həmin təşkilatların qapanmasına əsas
verir. Mən iddia etmirəm ki, ölkədə vəhhabi kimi tanınan bütün
şəxslər və ya məscidlər, qurumlar hamısı terrorçu yetişdiriblər.
Hansı ünvanda bunlar baş veribsə, onlara qarşı hüquq təqibi seçilə
bilər. Bu dəyişikliklərin nə vəhhabilik, nə də nurçuluğa
yönəldiyini də düşünmürəm. Ancaq Suriyadakı proseslərin bu
dəyişikliklərə təsirini birmənalı qəbul etməliyik.
– Ölkədə dini ekstremizm təhlükəsinin elə də ciddi olmadığını,
hakimiyyətin dini pərdə altında, Qərbə ölkəiçi dini təhlükə mesajı
verməklə demokratik islahatlardan yayındığını da düşünənlər var.
Ukraynadakı inqilabi proseslər də bu fikirləri gücləndirir.
YAS MƏRASİMLƏRİ MOLLALARIN ALNINA YAZILIB?
– Bu məsələyə bir təbiət hadisəsi ilə cavab vermək istərdim.
Dənizdə dalğalar yerin təkindən başlayır, tədricən sahilə yan alır.
Mətbuat orqanlarının mühakimələri maraqlı olur. Aşağı nöqtədən
zərbələri başlayırlar, səthə qədər gətirirlər, səthə çatanda
deyirlər ki, hakimiyyətin burada əlahiddə marağı var. KİV-lər bu
prosesi hədsiz şişirdib, onu milli təhlükəsizliyə hədə kimi
dəyərləndirir, “siyasi demokratik proseslər getmir deyə digər
tendensiyalar, özəlliklə dinə tapınmaq istəyi genişlənir” kimi
versiyalar ortaya çıxarmışdılar. İndi nədən bu proseslər
“hakimiyyətin inqilabi viruslardan qorunmaq üçün Qərbi dini
radikallarla şantaj edir” fikirlərinə çevrildi? Dünənə qədər hakim
elita ölkədə bütün etiqad daşıyıcılarının dinc-yanaşı yaşadığını
vurğulayıb. Nədən onda həmin şantaj aləti sakit saxlanırdı? Dini
təhlükə Azərbaycanın unitar quruluşunu təhdid edəcək səviyyədə
deyil, ancaq heç də saymaq olmaz. İstəyiriksə ki, vəhhabilik,
sadəcə, bir inanc olmasın, onların maliyyə mənbəyi ilə
genişlənməsin, vətəndaşlar islamı vahid xətdə tapsınlar, – dini
azadlıqları genişləndirməli, təbliğatımızı daha müasir vasitələrə
daşımalıyıq. Nə qədər ki bizdə İslam dini yas yerlərində savadsız
mollaların bir ayini səviyyəsində keçəcək, vəhhabilik də, nurçuluq
da genişlənəcək. Nədən yas yerlərimizdə mollayla yanaşı bir tarixi
müəllimi, sosioloqa yer vermirik ki, bu təbliğata qatılsın? Matəm
mərasimləri molların alnına yazılıb? Harda yazılıb ki, onların
monopoliyasıdır?
“Bu qanunun konkret hər hansı bir dini cərəyana qarşı yönəlmiş olduğunu söyləmək çox çətindir. Lakin etiraf eləmək lazımdır ki, Suriyadakı hadisələr Azərbaycanda qanunvericilik sahəsində tədbirləri intensivləşdirdi”.
Bu sözləri “Axar.az”a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc dedi. O bildirdi ki, bu sahədə qanunun qəbul edilməsi istiqamətindəki görülən işlərdə Suriyaya döyüşməyə gedənlərin də böyük payı var:
“İlkin olaraq parlamentdə Suriyada döyüşlərdə iştirak edənlərin əməllərinin terror fəaliyyəti kimi qiymətləndirilməsi çağırışı ilə çıxış etdim. Bir çox parlamentarilər də bu fikrə qoşuldular. BMT-nin “xarici hərbi birləşmələr və hərbi dəstələrin içərisində yer almağın muzdluluq hərəkəti kimi qəbul olunması” haqqında 1997-ci il konvensiyasının tələblərindən irəli gəlir. Hüquq sisteminin vəziyyətinə görə hər hansı bir məsələ ilə bağlı qanun qəbul edilməyibsə belə, dövlət beynəlxalq konvensiyaları ratifikasiya edirsə, bu halda həmin hüquq alilik dərəcəsinə malikdir və qanun kimi keçərlidir. Bu hal cinayət qanunvericiliyimizdə tam öz əksini tapmasa da həmin insanlara qarşı cinayət təqibi üçün əsas götürə bilərik. Artıq Milli Məclisin Hüquq siyasəti, Təhlükəsizlik və Müdafiə komitələri tərəfindən mövcud qanunvericiliyə dəyişiklik edilməsi və bir neçə maddə əlavə edilməsi ilə bağlı təklif oldu. Bundan sonra dini cərəyanları maliyələşdirənlər də məsuliyyət dərəcəsinin içərisinə daxil edilir”.
Millət vəkili qanun layihəsində dini cərəyanları yaymaq istəyənlərin də terrorçuluğa yardım kimi qiymətləndirlməsi və bunun nurçuluqla əlaqələrindən danışdı:
“Bu qanun layihəsinin qəbul edilməsinin səbəbi kimi “nurçuları terorçularla əlaqələndirmək” iddiası yanlış olardı. Bir də son olaraq deyim ki, bu qanunun qəbulu ilə məsuliyyətə cəlb ediləcək insanlar məhz terrorçu kimi deyil, terrorçuluq fəaliyyətinə yardım kimi qiymətləndirilməsi qərarlaşdırılır. Anti-terror sahəsində indiyə qədər 15-ə yaxın qanun qəbul edilib və bu qanun da olduqca normaldır”.
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?