“Bizi Rusiya ilə döyüşlərə təhrik edirlər”- Rəy
Bizi izləyin

Nida.az

“Bizi Rusiya ilə döyüşlərə təhrik edirlər”- Rəy

“Bizi Rusiya ilə döyüşlərə təhrik edirlər”- Rəy

Rusiyanın Krımı işğal etməsindən sonra əsas informasiya axını Azərbaycana doğru başlayıb. “Rusiyanın Azərbaycana müdaxiləsi, ən yaxşı halda təzyiqlərə başlaması qaçılmazdır” səpkili xəbərlər gündəmin əsas mövzusudur.

Dünən Qərb mətbuatında sensasion məlumat yayıldı. Məlumata görə, Azərbaycanın Ermənistanla sərhədə hərbi qüvvələrini cəmləşdirir.
Son proseslər bu istiqamətdə ehtimalları artırır. Belə ki, Krımdan sonra Cənubi Qafqazda gizli narahatlığın olması məlumdur. Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verməsi, ardınca erməni hərbi bölmələrinin gecə saatlarında Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozmasında rus əlinin olması haqda deyilənlər, Rusiyanın Dağıstanda hərbi təlimlərə başlaması təhlükədən xəbər verir. Lakin Azərbaycanın sərhədə qoşun yığması, ümumiyyətlə Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açması nə dərəcədə doğrudur və bu, indiki məqamda rəsmi Bakıya sərf edirmi?

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.Az -a açıqlamasında bunun avantürist yanaşma olduğunu deyir. Millət vəkili hesab edir ki, Azərbaycanı Rusiyaya qarşı çıxmağa təhrik edirlər: “Azərbaycanda antirusiya siyasi dairələr bu mövqeni stimullaşdırmaqla, tirajlamaqla, cəmiyyətə kultivasiya etməklə gərginlik yaratmağa çalışır. Faktiki olaraq Ukraynadakı dramatik gərginliyi Azərbaycana da köçürmək istəyirlər. Məsələ situasiyanı dərdindən dərk etmək və tarixi kateqoriyada düşünməməyi bacarmaqdadır. Çünki biz Gülüstan müqaviləsindən bu yana baxsaq, hadisələri həmin fonda analiz etsək, SSRİ-nin dağılması, Xocalı faktoru, Rusiyanın Ermənistanın yanında yer alması və bu kimi tarixi aspektlərin məntiqi nəticəsi o deməkdir ki, Azərbaycan nəinki cəbhə bölgəsinə, həmçinin öz qoşunlarının Qusardan başlayaraq Şimal bölgəsinə yerləşdirməli və Rusiya əleyhinə addımlar ataraq, az qala Ukraynanın əvəzinə döyüşməlidir. Bu cür avantüraları millətə təqdim etmək olmaz”.

Onun fikrincə, Ukraynanın bölünməsinə Qərb dairələri imza atdı. Belə ki, Putin faktiki olaraq Qərbin ssenarisini özlərinin əleyhinə çevirməyi bacardı.
“Dalğalarla yarışan bir oyun var. Adına sörfinq deyilir. Burda mərkəzdən başlayan dalğa selinin təsiri sahilə qədər gəlib çatır və idmançı üzərində dayandığı alətlə dalğanın təhlükəsindən qoruyur. Siyasi həyatda bundan da daha böyük təhlükələr var və belə təhlükələr qarşısında dövlətlərin həyatı ilə zarafat etmək olmaz. Azərbaycanın dövlət başçısı da nə yaxşı ki, bu cür mövqeləri bölüşmür və xaricdən stimullaşdırılan, daxildən kor-koranə şəkildə tirajlanan yanaşmalarda fərqli siyasət aparır”- deyə millət vəkili bildirib.

Z. Oruc Azərbaycanın BMT-də Ukraynaya dəstək verməsini nə Rusiyaya qarşı çıxmaq, nə də Qərbin dövlət çevrilişlərini dəstəkləmək olduğunu deyib: “ BMT-dəki səsvermə Ukrayna və Rusiya dilemması qarşısında qalan dövlətlərin bölünməsi və qruplaşması deməkdir. Azərbaycan antirusiya dairələrinə qoşularaq rəsmi Kremlin əleyhinə bundan sonra aparılacaq siyasi müharibəyə imza atdımı? Xeyr. Bu mənim subyektiv təhlilimdir. Hesab edirəm ki, ərazi bütövlüyü məsələsində ölkələrin başqa mövqeyi olmamalıdır. Var, amma bu başqa söhbətdir. Çünki ərazi bütövlüyü fundamental ana prinsipdir. Digər tərəfdən Ukraynanı dəstəkləməyimiz o demək deyil ki, biz Ukraynada yeni dövlət çevrilişi, iqtidarın meydandan ələ keçirilməsi, Qərbin bu cür çevrilişlərinin tərəfindəyik”.

Komitə üzvü bildirib ki, Ukrayna hadisələrini Cənubi Qafqaza köçürmək istəyənlər, bunu arzulayanlar millətlə düşmənçilik edir.
“Faktiki olaraq Azərbaycanı Rusiya ilə döyüşlərə təhrik edirlər. Amma bizim önə çıxıb bu savaşın forpostu olmağımız yanlış olardı. Əksində hesab edirəm ki, Rusiya ilə münasibətləri daha yüksək səviyyədə saxlamaq lazımdır. Cəbhəyə, yaxud digər sərhədlərə Rusiya əleyhinə qoşun yığmaqla nə etməliyik, bunun geosiyasi izahı nə ola bilər? belə bir döyüşlər başlasa qazanc nə olacaq? Müasir dövrdə müharibələr deyil, daha başqa faktorlar önə çıxır. Hesab edirəm ki, bu gün daha böyük gücə malik olanlar, Ukrayna hadisələrində məsuliyyəti bölüşənlər kiçik ölkələr böyük sunaminin qarşısında əzdirmək üçün bu cür informasiya sızdırmaları ilə cəmiyyətləri ağır müharibələrə sürükləməyə çalışır. Azərbaycan sonu uğursuz olan şantaj əməliyyatlarına getməməlidir”-deyə Z. Oruc bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm