• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şeyxin yeni nümayəndəsi: “Burda vəhhabilər şəriət hökmü çıxartmaq istəyir” - Şok faktlar

  • Nida.az
  • 21 Aprel 2014 15:31
  • 1 777 Baxış
Şeyxin yeni nümayəndəsi: “Burda vəhhabilər şəriət hökmü çıxartmaq istəyir” -  Şok faktlar

Onları Suriyaya aparan xarici kəşfiyyatın desantlarıdır”


Qafqaz Müsəlmanları İdarəsinin Şimal bölgəsində yeni təyin etdiyi səlahiyyətli nümayəndəsi Yaşar Rzayevin Publika.Az -a müsahibəsi.

“Qonşularımız Azərbaycanda çaxnaşamlar yaratmaq istəyirlər”

- Yeni təyin olundunuz. Əsas hansı istiqamətlərdə işləyəcəksiniz?

- Bu bölgədə dini durum nöqteyi-nəzərdən əvvəldən amalım hər bir məzhəbin dinə uyğun hərəkət etməsi, dini çaxnaşmalar yaratmaması, dövlətçiliyimizə xələl gətirənlərin qarşısının alınması olub. Bundan sonra da belə olacaq. Hər bir dindar qardaşımız Azərbaycan bayrağı altında birləşib dövlətçiliyimizə xidmət etməlidir. Hazırda xarici dövlətlərin əks-kəşfiyyat idarələri müsəlmanları parçalamağa çalışırlar, buna cəhdlər olur. Mənim məqsədim Şimal bölgəsində bunun qarşısının alınmasıdır. Mövcud vəziyyətdə qonşularımız Azərbaycanda çaxnaşmalar yaratmaq istəyirlər. Bunun qarşısı almaq üçün dindarlar yanlış fikirlərə uymamalıdır.

“Onlar şəriət hökmü çıxartmaq istəyirlər”

- Bu bölgədə əsas problemin sələfilərlə bağlı olduğuna dair xəbərlər var. Bu məsələdə vəziyyət necədir?

- Onlara dövlət tərəfindən Qobuqqıraqlı məscidi verildi və bu məscidə təmir işləri aparılır, yaxınlarda istifadəyə veriləcək. Onlara şərait yaradılıb, hazırda bir sıra məsciddə ibadətlərini edirlər. Amma məsələ bundadır ki, onlar məscidlərdə təkcə ibadət etmirlər, çalışırlar ki, məscidləri ələ alsınlar, öz hökmlərini yerinə yetirsiniz. Onlar şəriət hökmü çıxartmaq istəyirlər. Amma buna icazə verilməyəcək. Azərbaycan dünyəvi dövlətdir və hər şeyi qanunla həll olunur.

- Hansısa məsələ ilə bağlı şəriət hökmü çıxardıblarmı?

- Onların bu istəkləri var. Amma yanlış fikirdir. Təbii ki, hər bir vətəndaş azad formada fikrini deyə bilər, amma deməklə olmur, reallıq başqa cürdür.

“Onları Suriyaya aparanlar da xarici kəşfiyyatın ölkədəki desantlarıdır”

- Şimal bölgəsində əsas problem bu bölgədən Suriyaya döyüşməyə gedənlərin çoxluq təşkil etməsidir.

- Hazırda Suriyaya gedən yoxdur. Çünki bununla bağlı qanun sərtləşdirildi və dövlət nəzarətini artırdı. Hesab edirəm ki, hər bir insan öz dövlətində xalqı uğrunda vuruşmalıdır. Əgər cihad istəyirlərsə, bu ilk növbədə Qarabağda olmalıdır. Torpaqlarımızın 20 faizi işğaldadır. Cihadın hökmü var ki, birinci öz vətənin uğrunda vuruşmalısan. Yəni ailənə təcavüz edirlərsə, o zaman cihada qalxmalısan. Suriyaya gedənlər cihad hökmünü özlərinin əmirlərindən alırlar. Halbuki bu cihad deyil. Onların Suriyaya getdiyini hər kəs yaxşı bilir. Bilirik ki, onlar muzdla gedirlər. özlərinin hökmünə görə isə orda ölənlər şəhiddirlər, şəriətdə isə belə bir şey yoxdur.

- Bu insanları Suriyaya aparanların kimliyi maraqlıdır, hər –halda onlara kimsə istiqamət verir.

- Təbii ki. Ora gedənlər öz başına getmirlər. Onlara arasında əvvəlcə təbliğat aparılır. Şimal bölgəsində bunu təbliğ edənlər də, onları Suriyaya aparanlar da xarici kəşfiyyatın ölkədəki desantlarıdır.

- Onların konkret kimliyi bəllidirmi?

- Konkret kim olduğu bilinmir. Çünki onlar məxfi işləyirlər. Hər 10 nəfərin bir əmiri var və həmin 10 nəfər əmirləri hökm verir. Bütün fəaliyyətləri də gizli formada qurulub.


“Kim də ora gedirdi, özlərinki kimi ibadət etməyə məcbur edirdilər”


- Əsas mübahisəli məsələ Xaçmaz şəhər məscidinin təmirə bağlanmasından sonra yaşandı. Bildiyim qədər orda sələfilər də digər camaatlarla yanaşı namaz qılırdı. Siz həmin məscidin axundusunuz, bu barədə nə deyə bilərsiniz?

- Məsciddə həm sələfilər, həm şiə, həm də sünnilər namaz qılırdı. Onu qeyd edib ki, sələfilər firqədir, onlara məzhəb demək doğru olmaz.
Onlar bu gələndə biz dedik ki, mömin qardaşlardır, icazə verək əvvəl onlar namaz qılsınlar, sonra biz. Amma sonradan gördük ki, onlar təkcə namaz qılmırlar, həm də məscidi ələ alıb qruplaşma yaradırlar. Sünniləri də qovdular. Başladılar özləri bildikləri kimi namaz qılmağa. Kim də ora gedirdi, özlərinki kimi ibadət etməyə məcbur edirdilər. Gördük ki, onlar öz hökmlərini yeritmək istəyirlər, buna qarşı çıxdıq. Ondan sonra aramızda bu mübahisəli məsələ yarandı. Bu məsələdə şiələrlə sünnilər eyni mövqedən çıxış edirlər. Sələfilər iddia edirlər ki, sünnilər onları qovur, amma bu yalandır.


“Xaçmaz şəhər məscidi sünni və şiələrə veriləcək, sələfilərə yox”


- Təmirdən sonra məscidin vəziyyəti necə olacaq?


- Təmirdən sonra əvvəlki kimi sünni və şiə camaatı bu məscidə namaz qılacaqlar. Sələfilərsə yox, onlara Qobuqıraqlı məscidi verilib.

- Bölgədə zərərli dini ədəbiyyatın yayıldığı da deyilir.

-Bizə dini ədəbiyyat ruhani idarəsi və dövlət komitəsindən gəlir. Bu ədəbiyyatı biz paylayırıq. Hazırda vəhhabisi, sələfisi, xəvarici, nurçusu, süleymançısının hər birinin öz ədəbiyyatı var. Onlara bu ədəbiyyatı hansısa mənbələrdən gətirib, paylayırlar.


- Buna qarşı hansısa addımlar atılacaqmı?

- Bununla bağlı qanunlar var. Əgər kimsə dini məsələlərə xələl gətirsə, bununla ciddi məşğul olunacaq. Lazım olsa, ruhani idarəsi və komitə tərəfindən onlara qarşı tədbirlər görüləcək.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR