Qüdrət Həsənquliyev:" ABŞ-ın Ukrayna torpaqları işğal olunarkən nə etdiyini gördük”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev:" ABŞ-ın Ukrayna torpaqları işğal olunarkən nə etdiyini gördük”

Qüdrət Həsənquliyev: ABŞ-ın Ukrayna torpaqları işğal olunarkən nə etdiyini gördük”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Publika.Az həmin müsahibəni təqdim edir:

Xorvatiyaya səfəriniz necə keçdi?

– Bildiyiniz kimi, Xorvatiyanın prezidentinin və spikerinin Azərbaycana səfərləri olmuşdu. Eyni zamanda, bu ölkənin baş nazirinin də ölkəmizə səfəri gözlənilir. Səfər zamanı həm prezident, həm də spikerlə görüş oldu. Baş nazirlə də görüş planlaşdırılmışdı. Ancaq bilirsiniz ki, orada daşqın, yəni təbii fəlakət olduğuna görə baş nazir təbii fəlakət zonasında idi. Ona görə də görüşümüz baş tutmadı. Amma həm prezident, həm də parlamentin sədri ilə görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən məsələ qaldırıldı. Beynəlxalq hüquqa Ermənistanın sayğısız münasibəti ifadə olundu. Bəzi beynəlxalq güclərin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin işğalçı dövlətə sanksiyalar tətbiq etməməsi xüsusi vurğulandı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi diqqətə çatdırıldı. O da vurğulandı ki, Azərbaycan bu problemi sülh yolu ilə həll etmək istəyir. Xorvatlar bizi çox gözəl başa düşürdülər. Ona görə ki, onlar da serblərlə eyni problemi, ərazi bütövlüyü problemini yaşayıblar. Bu baxımdan Xorvatiyanın prezidenti və parlamentin sədri vurğulayırdılar ki, onlar Azərbaycan və Xorvatiya prezidentlərinin imzaladığı Zaqreb bəyannaməsinə sadiqdirlər. Bu bəyannamədə hər iki dövlətin strateji müttəfiqliyi nəzərdə tutulur. Və onlar da buna sadiqdirlər. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə, yəni mədəni əlaqələrin yüksək səviyyəyə qaldırılması, turizmin inkişafı və sair məsələlərdə də yaxından əməkdaşlıq edəcəklər. Üç günlük səfər müddəti ərzində bizim nümayəndə heyətinə həddindən artıq yüksək diqqət və ehtiram göstərildi. Bu da sözsüz ki, onların bizə olan münasibətlərinin göstəricisi kimi qiymətləndirilməlidir. Hər halda səfəri Azərbaycan üçün uğurlu hesab edirəm. Bilirik ki, Xorvatiya böyük dövlət olmasa da, Avropada nüfuzlu bir ölkədir.

Son vaxtlar Azərbaycanda ən çox müzakirə olunan məsələ ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müsahibəsidir. Amerikalı diplomatın fikirlərinə sizin münasibətiniz necədir?

– Əlbəttə, Azərbaycanda istər demokratiyanın səviyyəsi, istərsə də insan haqları ilə bağlı problemlər var. Bunu iqtidar da inkar eləmir. İnkar da eləyə bilməz, çünki problemlər göz önündədir. Biz zaman-zaman buna görə hökuməti ölkədə siyasi islahatlar aparılmasına, iqtisadi islahatların sürətləndirilməsinə çağırırıq. O müsahibədə diqqət çəkən bir neçə məqam var. Hansı ki, həmin məqamlara mətbuatda ayrı-ayrı ekspertlər, siyasətçilər münasibət bildirirlər. Səfir sual verir ki, Azərbaycanın müstəqilliyinin təminatçısı ABŞ və Avropa Birliyindən başqa kim ola bilər? Kifayət qədər təvazökarlıqdan uzaq fikirlərdir. Ona görə ki, Azərbaycanın müstəqilliyinin qarantı yalnız Azərbaycan xalqıdır. Biz Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin qarantı olan ABŞ-ın Ukrayna torpaqları işğal olunarkən nə etdiyini və nə edə biləcəyini gördük. Halbuki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı ABŞ, Rusiya və Böyük Britaniya arasında müqavilə imzalanmışdı və bütün dünya qarşısında bu 3 ölkə öhdəlik götürmüşdü. Öhdəliklərə əməl edib etməmək isə hər bir ölkənin nüfuz və ləyaqət məsələsidir. Ancaq gördünüz ki, Amerika heç nə olmamış kimi bir-iki kiçik sanksiyalar tətbiq etməklə öz vəzifəsini bitmiş saydı. Belə bir vaxtda belə bir müsahibənin verilməsi həm qıcıq, həm istehza və həm də gülüş doğurur. Digər tərəfdən, ABŞ necə Azərbaycanın müstəqilliyinin qarantı ola bilər? Axı söhbət Azərbaycanın paytaxtından getmir. Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunanda və Azərbaycan buna müqavimət göstərəndə bu müqaviməti qırmaq, zəiflətmək üçün ABŞ ölkəmizə qarşı 907-ci düzəlişi tətbiq elədi. Və beləliklə, Azərbaycan ABŞ-ın dövlət yardımlarından məhrum olundu. Bizə ən yaxın olan qardaş Türkiyənin hökumətini alçaldaraq, onların da şəxsi ləyaqətinə toxunaraq məcbur elədilər ki, Ermənistana ərzaq yardımı edilsin. 2010-cu ildə Surixdə Türkiyənin xarici işlər nazirinin boynunun arxasında dayanaraq məcbur etdilər ki, Ermənistanla protokolu imzalasın. Bu gün də Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmaz olduğunu bəyan eləmirlər. Ancaq bildirirlər ki, Dağlıq Qarabağın statusu ölkə konstitusiyasına zidd olaraq regional səviyyədə keçirilmiş bir referendumla həll olunmalıdır, Laçından dəhliz verilməlidir. Yəni Laçın tamamilə azad olunmamalıdır. Bütün bunları söyləyəndən sonra ardınca bəyanat vermək ki, “Azərbaycanın müstəqilliyinin qarantı ABŞ və Avropa Birliyindən başqa kim ola bilər”, hesab edirəm ki, ən yüngül formada desək bu, təvazökarlıqdan uzaqdır.

Bundan başqa, səfirin toxunduğu digər bir məqam ondan ibarətdir ki, iqtidar monolit deyil. Əlbəttə bu iqtidara aiddir və iqtidar da buna cavab verəcək. Digər bir məqam söylədiyim kimi insan haqları ilə bağlıdır. ABŞ-ın və beynəlxalq təşkilatların bu məsələni qabartması hətta bir çox hallarda Azərbaycanın xeyrinə olan açıqlamaların verilməsi bizim xalqımızda əks effekt verir və qıcıq doğurur. Mən müxtəlif tədbirlərdə dəfələrlə demişəm - bir xalq görür ki, bir milyondan artıq insan yaşayış hüququndan məhrum olub, onu evindən-eşiyindən didərgin salıblar və bunu edənlərə hər hansı sanksiya tətbiq olunmur, bunu edənlərin əməlləri hər hansı formada pislənilmir və qınanmır, əksinə, bu cür zorakılığa və təcavüzə məruz qalanlara deyilir ki, gedin zor göstərənlərlə barışın, razılaşın və güzəştə gedin. Bundan sonra söyləyəndə ki, ayrı-ayrı fərdlərin hüquqları pozulur, bu da təbii olaraq insanlarda çox ciddi qıcıq doğurur və qeyri-səmimilik, riyakarlıq nümunəsi kimi qəbul olunur. Ona görə də dəfələrlə vurğulamışam ki, beynəlxalq təşkilatlar bu tipli insan haqları ilə bağlı açıqlamalar verəndə birinci növbədə ölkədəki qaçqın və məcburi köçkünlərin hüquqları barədə danışmalıdırlar. Sonra digər fərdlərin insan haqlarından danışmağa mənəvi haqları çata bilər.

Bəs Azərbaycanda proseslərin belə davam edəcəyi təqdirdə Maydan tipli olayların baş verməsinin mümkünlüyünün önə çəkilməsini necə qiymətləndirirsiniz?

– Gələcəkdə nəyin baş verib verməyəcəyi təkcə o ölkənin özündə yox, həm də ölkə ətrafında, dünyada baş verən proseslərdən müəyyən mənada asılı olan bir məsələdir. Biz bilirik ki, bir çox hallarda Maydan tipli proseslər təkcə narazı əhalinin istəyi ilə yox, böyük dövlətlərin arzu və istəyi ilə baş verir. Bilirik ki, böyük dövlətlər bu prosesləri daha da inkişaf etdirmək üçün həmin proseslərə qatılan insanlara maliyyə dəstəyindən tutmuş həmin ölkələrin hökumətlərinə müxtəlif təzyiqlərin edilməsinə qədər hansı vasitələrə əl atırlar. Hesab edirəm ki, Ukraynadakı sosial vəziyyət Azərbaycandakı kimi deyil. Azərbaycanda əhalinin mütləq əksəriyyətinin iradəsinə əsaslanan sabitlik mövcuddur. Çoxları bunu hansısa repressiyalarla əlaqələndirməyə çalışsa da, ancaq ümumən əhalinin əksəriyyəti mövcud idarəetməni qəbul edir. Yeri gəlmişkən, qeyd edim ki, biz axırıncı səfərdə olanda görüşdüyümüz siyasətçilər, hansılar ki, Azərbaycanda olmuşdular, onlar ölkəmizdəki inkişafdan heyrətləndiklərini dilə gətirdilər. Eyni zamanda, Azərbaycanın sürətli inkişafından danışdılar. Bu o demək deyil ki, Azərbaycan hökuməti belə xoş sözləri eşidib, bununla kifayətlənib iqtisadi-siyasi və demokratik islahatları genişləndirməməlidir. Ona görə də Azərbaycanı Ukrayna ilə müqayisə etmək tamamilə yanlış yanaşmadır. Hesab edirəm, səfirin seçdiyi taktika, ola bilsin xoş niyyətlə, bunu iqtidara təzyiq kimi söyləyib ki, iqtidar hansısa addımlar atsın, amma ümumən bölgədə yaranmış gərgin vəziyyətin olduğu dönəmdə uğursuz bir taktikadır. Bu mənada səfirin bu tipli açıqlamaları qəbul oluna bilməz. Diplomatik korpus nümayəndələri bu və ya digər ölkədə “insan haqları və demokratiya heç bir dövlətin daxili işi deyil” deyib, sərbəst şəkildə öz fikirlərini səsləndirirlər. Bununla yanaşı, bəzi səfirlər və onların burdakı əlaltıları, xüsusi nüfuz müvəkkilləri, agentləri də başa düşməlidirlər ki, səfir tənqid elədiyi kimi, səfiri də tənqid eləmək olar. Söhbət doğrudan da demokratiyadan gedirsə, bu qarşılıqlı olmalıdır. Bunlar hesab edirlər ki, səfir ölkə haqqında hər şey danışa bilər, ancaq kimlərsə bundan narazı qalıbsa, onlar qətiyyən səfirə cavab verə, alternativ fikir söyləyə bilməzlər. Əgər söyləsələr, bu, artıq səfirə qarşı bir kampaniya kimi qiymətləndirilməlidir. Bu da anormal düşüncənin göstəricisidir. Düşünürəm ki, səfirin özü də müsahibəsinə olan münasibətləri öyrənəcək və növbəti açıqlamalarında daha diqqətli olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm