• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kremlə Bakı üzərindən zərbə: NATO hərəkətə keçdi? – Analiz

  • Nida.az
  • 16 İyul 2014 17:54
  • 3 113 Baxış
Kremlə Bakı üzərindən zərbə: NATO hərəkətə keçdi? – Analiz

Ukrayna, Polşa və Litva birgə hərbi briqadanın yaradılması haqda razılığa gəldilər. NATO-nun Rusiyaya qarşı layihəsi Moskva üçün qarabasma effekti yarada bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva analitikləri Şərqi Avropada reallaşan NATO ssenarisinin Rusiya üçün təhlükəli siqnal olduğunu düşünür. Ən pis variant isə buna paralel olaraq Qafqazda da eyni ssenarinin tətbiq edilməsidir. Hansı ki, Qafqazın iki ölkəsi – Gürcüstan və Azərbaycan Türkiyənin rəhbərliyi ilə görünməyən bağlarla sıx bağlıdır.

Rus ekspertlər hesab edir ki, NATO Türkiyə vasitəsilə Gürcüstan və Azərbaycanın iştirak etdiyi hərbi hissələr yarada bilər. Bu isə Moskvaya öz sərhədinin dibində böyük təhdiddir.

Kreml politoloqları belə bir layihə üçün artıq hərəkətə keçildiyini düşünürlər və hətta ilkin proseduraların hazırlandığı ehtimal olunur.

Qeyd edək ki, bir neçə ay öncə eyni Tiflisdə görüşən Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşündə yeni hərbi birlik haqda məlumatlar yayılmışdı.

Publika.az-a diplomatik mənbədən daxil olan məlumatda deyilirdi ki, dövlət başçıları Türkiyənin təklifi ilə hərbi blok məsələsini müzakirə ediblər.

“Rusiya təhlükəsinin regionda artması Qərbi belə bir layihənin reallaşdırılmasına sövq edir. Əsas narahatçılıq Azərbaycan və Gürcüstanda Rusiyanın eyni ssenarini davam etdirməsidir. Rusiyanın başı Ukraynaya qarışıb, belə bir məqamda Kremlə qarşı digər cəbhənin açılması gündəmdədir. Faktiki olaraq, iki ölkə, xüsusilə də Bakı Kremlin təzyiqini üzərində hiss edir. Rusiyanın başı açılmamış regionda yeni cəbhənin açılmasını istəyir, məhz bu iş Ankaraya tapşırılıb”, - deyə mənbə bildirirdi.
Mənbə qeyd edirdi ki, regionda öz varlığını yenidən nümayiş etdirmək üçün bu, Ankaraya da lazımdır.

Ən maraqlı məqamsa yaradılması nəzərdə tutulan hərbi təhlükəsizlik birliyinin ilkin konturlarının məlum olmasıdır. Belə ki, blok NATO-nun dolayı dəstəyi ilə yaradılır. Mənbə iddia edirdi ki, blokun adının Regional Əməkdaşlıq Mərkəzi – ingilis dilində Centre of Regional Collaboration (CERCO) –olması təklif olunur, lakin bu, ilkin variantdır.

“CERCO ilkin mərhələdə iqtisadi əməkdaşlıq formasını özündə əks etdirəcək, sonrakı mərhələdə isə bunun hərbi bloka çevrilməsi nəzərdə tutulur. Bu istiqamətdə bir sıra məqamlar razılaşdırılıb, amma tərəflərin irəli sürdüyü şərtlərdə açıq qalan məqamlar da var”,– deyə qeyd edilirdi.
Hər üç ölkənin yeni birliklə bağlı öz şərtləri də olub.

Buna rəsmi reaksiya verilməsə də, Kreml politoloqlarının həyəcan təbili çalması mövzunu yenidən aktuallaşdırır. Deməli, Qərb öz ssenarisini Qafqazda reallaşdırmaq niyyətindədir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR