Məscidin axundu hüquq-mühafizə orqanlarına niyə müraciət edib? - Səbəb
Bizi izləyin

Nida.az

Məscidin axundu hüquq-mühafizə orqanlarına niyə müraciət edib? - Səbəb

mən əmrə tabe olan adamam. İndiyədək mən 6 yerdə işləmişəm. Bu o demək deyil ki, məndən sonra kim gələcəksə, mən də onu ittiham etməliyəm?

İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli Aşurbəy məscidində fəaliyyət göstərən icmanın məsul şəxsi Ramin Həmzəyevin ittihamlarına cavab verib.

S. Məmmədli Publika.Az-a açıqlamasında deyib ki, Aşurbəy məscidi ilə bağlı ona şikayətlər daxil olur: “Bir neçə nəfər şəxs gəlib mənim yanıma şikayət edib ki, Aşurbəy məscidində bizim uşaqların əxlaqını pozublar və ona görə də uşaqlarımız Suriyaya getməyə hazırlaşırlar və sairə. Mən də həmin müraciətlərə əsasən danışmışam. Mənim rəhbərlik etdiyim məsciddən heç kəs Suriyaya döyüşməyə gedə bilməz. Ümumiyyətlə, buna heç bir əsasda yoxdur. Ancaq hazırda əlimizdə Aşurbəy məscidindən şikayət məktubları var. Sonuncu məktub isə 2 gün əvvəl bizə verilib. Mən bu məsələlərin ciddi araşdırılması və qarşısının alınması üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə və hüquq mühafizə orqanlarına, o cümlədən polisə müraciət etmişəm. Məscidin bağlanılıb-bağlanılmaması da hüquq-mühafizə orqanlarının işidir. Mən ayrı-ayrı insanlardan mənə daxil olan şikayətlərin nəticəsini deyirəm ki, bu çox xoşagəlməz haldır. Bu kimi şikayətlər İçərişhərdə yerləşən məscidlərdən yalnız Aşurbəy məscidindən mənə daxil olub”.

S.Məmmədli Aşurbəy məscidində namaz qılan insanlara da müraciət edib: “Burada məscid bağlanılmasından söhbət getmir. Hələ ki, hüquq-mühafizə orqanlarının rəyləri də yoxdur. Mən başa düşə bilmirəm ki, bunlar nə üçün bu qədər əl-ayağa düşüblər? Əgər onlar məscid bağlanıldığı təqdirdə harada namaz qılacağlarını düşünürlərsə, o zaman gəlib “Cümə” və “Təzə Pir” məscidlərində namaz qıla bilərlər. Məgər məscid yoxdur? Digər tərəfdən isə biz məscid bağlayan deyilik. Əgər Azərbaycanda məkanından asılı olmayaraq hər hansı məsciddə qanunlar pozularsa, burada ilk növbədə günahkar insanlar cəzalanacaq. Məscid Allahın evidir. Məscid deyil, oradakı günahkarlar, o cümlədən kim xarici ölkələrə xidmət edirsə, onlar cəzalanacaq. Şeyx həzrətləri bu məsələ ilə bağlı mənə deyir ki, bütün məsuliyyət sənin üzərindədir. Mən də Şeyxə hesabat verməliyəm ki, mənim ətrafımda bu şeylər baş verir, sabah o gəlib mənə də keçə bilər. Burada bəşəri dəyərlərin qorunmasından söhbət gedir. Məscid Allahın evidir. Bizim məscidlə nə işimiz var? Bu gün Azərbaycanda president İlham Əliyev çox düzgün siyasət yürüdür, Şeyx həzrətləri işini düzgün qurub. Allah onların canını sağ etsin. Biz də bu imkanlardan doğru-dürüst yararlanmalıyıq”.

İçərişəhər "Cümə" məscdinin imam-camaatı Hacı İlqar İbrahimoğlu ilə münasibətlərinə də toxunan S. Məmmədli deyib: “Mən Hacı İlqarı çıxarmamışam. Məni axund təyin ediblər, mən də gəlib orda işləyirəm. Tutaq ki, bu gün məni Şeyx həzrətləri işdən çıxarsa, o zaman mən də iddia edəcəm ki, məni işdən kimsə çıxardıb? Sadəcə olaraq mən əmrə tabe olan adamam. İndiyədək mən 6 yerdə işləmişəm. Bu o demək deyil ki, məndən sonra kim gələcəksə, mən də onu ittiham etməliyəm? Mən adam çıxardan deyiləm, mən elə güc sahibi də deyiləm. Mən din xadimiyəm və öz işimlə məşğul oluram. Mən insanları dini maarifləndirirəm. Hacı İlqara qarşı da mənim heç bir qərəzim və ya ittihamım yoxdur. Ola bilər ki, tərəf müqabilim ki, o mənim haqqımda nə isə deyir. Ancaq mənim onun haqqında heç bir qərəzim yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm