Vaşinqton son sözünü dedi: ABŞ rus mühərriklərinə əvəz axtarır
Bizi izləyin

Nida.az

Vaşinqton son sözünü dedi: ABŞ rus mühərriklərinə əvəz axtarır

ABŞ Hərbi-Hava Qüvvələrinin komandanlığı raket mühərrikləri alınması və istehsalı ilə bağlı tender elan edib.

Publika.az-ın “Defense News” nəşrinə istinadən verdiyi məlumata görə, söhbət kosmosa müxtəlif yüklərin çatdırılması üçün istifadə olunan raket-daşıyıcılarının mühərriklərindən gedir.

Xatırladaq ki, ABŞ-ın Federal Məhkəməsi may ayında “Lockheed Martin” və “Boeing” şirkətlərinin ortaq “United Launch Alliance” müəssisəsinə Rusiyanın raket mühərriklərini almağı qadağan etmişdi. “RD-Amros” Rusiya-ABŞ müəssisəsi ilə “United Launch Alliance” arasında bağlanan müqaviləyə görə, ABŞ-a 36 “RD-180” raket mühərriki tədarük edilməli idi.

ABŞ “RD-180” raketlərinin analoqu ilə bağlı şirkətlərin bir neçə təklifinə baxmağa hazırdır. ABŞ Hərbi-Hava Qüvvələrinin tələblərinə əsasən, yeni mühərriklər effektli və ticari baxımdan münasib olmalıdır. Şirkətlərin təklifləri 19 sentyabr 2014-cü il tarixinə qədər qəbul ediləcək.

ABŞ Federal Məhkəməsinin may ayında qəbul etdiyi qərara baxmayaraq, Vaşinqton iyunda Rusiya istehsalı olan raket mühərriklərinin alışını azaltmaq fikrindən daşınmışdı. Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirmişdi ki, ABŞ Rusiyadan daha çox raket mühərriki almağa hazırdır. D.Roqozin daha əvvəl isə Rusiyanın ABŞ-ın sanksiyalarına cavab olaraq “RD-180” və “K-33” raket mühərriklərinin ABŞ-a satışını dayandıra biləcəyini söyləmişdi. “Amerikalılar bizdən “K-33” və “RD-180” raket mühərriklərini alırlar. Onlar hazırda Rusiyadan daha çox raket mühərriki almağa hazırdır”, - D.Roqozin deyib.

Xatırladaq ki, Ukrayna hadisələrindən sonra ABŞ Rusiya ilə hərbi əməkdaşlığın dayandırılacağı barədə bəyanatlar verdi. ABŞ müdafiə naziri Çak Hegel ABŞ Hərbi Hava güclərinin rəhbərliyinə hərbi-texniki sferada Rusiya ilə əməkdaşlığın yenidən gözdən keçirilməsi və raket mühərriklərinin ixracının azaldılması barədə əmr vermişdi.

“Bloomberg” agentliyi isə Rusiyanın “RD-180” raket mühərriklərinin əvəz olunması üzərində iş getdiyini xəbər vermişdi. Agentlik bunun üçün 1,5 milyard dolların lazım olduğu və prosesin altı il çəkəcəyini bildirsə də, ABŞ Hərbi-Hava Qüvvələrinin elan etdiyi tender bu müddətin daha az olacağını göstərir.

Heç kimə sirr deyil ki, amerikan peyk-casusları və məxfi kosmik qurğuları orbitdə Rusiya raket mühərriklərinin köməyilə fəaliyyət göstərir. Bu barədə yazan “The Washington Post” qəzetinin müxbiri Coel Akenbak bildirir ki, müdafiə müəssisələrinin məmurları və aerokosmik sahəyə aid mütəxəssislər ABŞ-ın artıq çoxdan raket mühərriklərinin hazırlanması üçün istehsal bazası yaratmalı olduğunu təsdiqləyir: “Bu baza Rusiya bazasından geri qalmamalıdır. Nəzəri baxımdan hər şey sadədir: Nəyə görə ABŞ ölkənin milli təhlükəsizliyi ilə bağlı proqram məsələsində ruslardan asılı olmalıdır? ABŞ-da raket mühərriklərinin istehsalı bir neçə ilə başa gələ bilər”.

Amerikada “Atlas V” raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər – “РД-180”lə təchiz olunmalıdır. Amma amerikanlarda cəmisi 16 bu cür mühərrik var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm