Başqanlığa namizədlər kampaniyaya start verdi – Arxivlər açılır
Bizi izləyin

Nida.az

Başqanlığa namizədlər kampaniyaya start verdi – Arxivlər açılır

Müsavat başqanlığına namizədlər bu gündən seçki kampaniyasına başlayırlar.

Publika.az xəbər verir ki, namizədlərin rəsmi olaraq qeydiyyata alınmasına start verilir.

Lakin namizədlər sosial şəbəkələrdə təbliğat kampaniyasına başlayıblar. Ən şanslı namizədlərdən hesab olunan Arif Hacılının dəstəkləyənlər onunla bağlı təbliğat materiallarını sosial şəbəkələrdə yayırlar.


“Başqanlığına ən layiqli namizəd”


“Bütün həyatını Müsavat Partiyasına və müsavatçılıq ideologiyasına həsr etmiş Arif Hacılı!
Lap gənc yaşlarından Müstəqil və Demokratik Azərbaycan uğrunda mübarizəyə qoşulan istiqlalçı millət vəkili. Müsavatçıların ən çətin və ən xoş günlərində daim onların yanında olan sədaqətli dost. Başqanımız İsa Qəmbərin 25 illik silahdaşı. Rəsulzadə yolunun layiqli davamçısı. Nəhayət Müsavat başqanlığına ən layiqli namizəd”.


Arif Hacılının təbliğat kampaniyası təxminən bu sözlərlə başlayır.


“Təmiz namizəd”


Gənc müsavatçıların namizədi Tural Abbaslının tərəfdarları isə kampaniyaya gecə saatlarından başlayıb.
“Təmiz namizəd”. Onu belə adlandırırlar. Ardınca onun səhifəsini “Müsavat Partiyası başqanlığına namizəd Tural Abbasli. Bu seçkidə səsini ona verən hər kəsin namizədinə inamı böyükdür. Bizim də inamımız böyükdür” sözləri bəzəyir.


Qubad İbadoğlu arxivləri açır


Digər şanslı namizəd Qubad İbadoğlunun təbliğat kampaniyasında seçdiyi üslub diqqət çəkir.
O, “facebook” profilində keçmiş fotoları paylaşaraq şərhlərini bildirir. Görünür, Q.İbadoğlu Müsavatın həyatındakı roluna diqqət çəkmək istəyir.

Misal üçün, 2004-cü ilə aid bir fotonu paylaşaraq “Mart ayında yağışlı bir gündə Lənkəran təşkilatı konfrans keçirirdi. Səhv etmirəmsə həmin konfransda Yadigar bəy sədr seçildi. Tezliklə sizi azadlıqda və iş başında görək Yadigar bəy” yazıb.

Daha sonra Vurğun Əyyubla fotosunu paylaşan İbadoğlu belə yazıb: “Arxivimdən sizə tarixi şəkillərdən daha birini təqdim edirəm. Təxminən 12 il bundan əvvəlin şəklidir. Şəkildə Müsavatın baş katibi Vurğun bəyin və humanitar məsələlər üzrə katib İbrahim bəyin iştirakı ilə İqtisadiyyat Komissiyasının hazırladığı “İqtisadiyyatda təxirəsalınmaz tədbirlər paketi”ni müzakirə edirik. O zaman İqtisadi siyasət komissiyasında 150-dən çox mütəxəssis üzv cəmlənmişdi”.

Qeyd edək ki, başqanlığa digər namizədlər hələ kampaniyaya start verməyiblər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm