Qəbiristanlıqlarda israfçılığa qarşı mübarizə başlandı – AÇIQLAMA
Bizi izləyin

Nida.az

Qəbiristanlıqlarda israfçılığa qarşı mübarizə başlandı – AÇIQLAMA

“Azərbaycanda təkcə yas mərasimlərində deyil, həm də qəbiristanlıqlarda israfçılığa yol verilməsinin əleyhinə mübarizəyə başlanılıb”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib.

Deputat qəbiristanlıqlarda təmtəraqlı abidələrin ucaldılmasını düzgün hesab etmədiyini vurğulayıb:

“Bu, təkcə maddi baxımdan yox, həm də mənəvi və dini baxımdan düzgün deyil. Onu da qeyd edim ki, qəbiristanlıqlardakı ümumi vəziyyət heç də ürəkaçan deyil. Əgər Qurd qapısı və Köhnə Yasamal qəbiristanlıqlarına fikir versək, orada hökm sürən natəmizliyin şahidi olarıq. Bir çox qəbirdaşları dağılıb, ot alaq içində, zibillə dolub. Buradakı yaşıllıqların suvarılması üçün su tapılmır, buna görə də yanğınlar baş verir. Mən inanmıram ki, hər hansı sivil Avropa dövlətində bu cür mənzərənin şahidi olmaq mümkündür. Xaricdə, əsasən Rusiyada, İsraildə, ABŞ-da yaşayan soydaşlarımız vətənimizə gələrkən öz yaxınlarının qəbirlərini ziyarət etdikdə xoşagəlməz hallarla qarşılaşmalı olurlar.

Həmçinin qəbirlərin salınmasında nizam yoxdur. Bir də görürsən ki, qəbirlər artıq yolun üstündə qazılmağa başlayır. Qəbirlərin salınması, yerlərin müəyyən olunması, yer haqları ilə bağlı tariflərin müəyyən olunması mərkəzləşməlidir. Qəbiristanlıq rəhbərlikləri təkcə yer satmaqla yox, qəbiristanlıqlarda təmizliyin, abadlığın təmin olunması işləri ilə də məşğul olmalıdırlar.

Mən bildiyimə görə, hörmətli həmkarım Musa Quliyev qəbiristanlıqlarla bağlı qanunun qəbul olunmasının vacibliyini vurğulayaraq bu yaxınlarda belə bir layihəni Milli Məclisə təqdim edəcəyini qeyd edib. Mən çox şad olardım ki, bu məsələlər də qanunda öz əksini tapsın və lazım gələrsə, problemin həll edilməməsinə görə inzibati cərimələr nəzərdə tutulsun”.

E.Axundova bu yaxınlarda hökumət tərəfindən çox mühüm bir addım atılaraq yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirildiyini xatırladıb:

“Rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradıldı, sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edildi. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Çox şadam ki, Kamal müəllim də öz növbəsində bu işə çox ciddi yanaşır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm