Türk jurnalist Azərbaycanda məzhəblərarası ədavətə səslədi
Bizi izləyin

Nida.az

Türk jurnalist Azərbaycanda məzhəblərarası ədavətə səslədi

Türkiyədə yaşayan və ya dinlə məşğul olan çalışsın ki, Azərbaycanın işlərinə qarışmasın. Ümumiyyətlə, kim nə deyirsə, hamısına cavab vermək düz deyil. Çünki ilk növbədə mən heç kimə fitva vermirəm ki, gedib orda döyüşsünlər.

Türkiyəli jurnalist azərbaycanlıları Suriyada cihada çağıran müraciət yaydı; Furkan Azeri adlı müəllif hər kəsi Suriyaya cihada dəvət edir; buna qarşı olanlar isə tənqid olunur; Qamət Süleymanov: “Onlar dini baxımdan gedib orda xəvaric olub gəlirlər”

Bu gün Türkiyənin “Timeturk” saytında Furkan Azeri adlı müəllifin imzası ilə Suriyada döyüşən azərbaycanlılarla bağlı yazı yayımlanıb. “Ey sünni xalq” xitabı ilə başlayan məqalədə Suriyada Bəşər Əsədə qarşı savaşın vacibliyinə vurğu edilir, eyni zamanda Suriyada savaşın müqəddəs müharibə olmadığını deyən Qamət Süleymanova qarşı ittiham yer alır.

“Bu məktubu zülm altında acı-acı inləyən müsəlmanları, Səfəvi-Rafizi-Erməni-Rus zalımlarına qarşı Suriyanın müsəlman xalqına köməyə gedən Azəri mücahidlərini və Suriya müqavimətini qaralayan, onlara böhtan atan, onları xaricilikdə ittiham edən Qamət Süleymanova və bənzərlərinə cavab olaraq yazdıq. Ayrıca, sünni xalqımıza şərəfli, ədalətli və vicdanlı insanlara da səslənmək istədik” – cümlələri ilə başlayan yazıda dünya insanlarının Suriya olaylarına səssiz qaldığı qeyd olunur.

“Haradasa iki heyvana əziyyət verilsə, iki ağac kəsilsə, bütün dərnəklər və dünya ayağa qalxar, vicdanlar sızlayar, iztirab çəkilər. Halbuki, Suriyada yüz əlli min insan vəhşicəsinə qətl edildi və edilməyə davam edilir, bunların arasında 14 mini uşaq, 10 mini qadındır. 250 minə yaxını məhbus var və 80 min adam itkin düşüb, minlərlə yetim yaralı var. Bütün bunlar siz mədənilərin gözlərinin qarşısında olur, gizlin heç bir şey yoxdur. Sabah sizin nəvələriniz bu tarixi oxuduqları zaman, “yüz minlərlə adam haqsız yerə öldürülüb, bizim babalarımız niyə susublar”, deyilən zaman sizdən utanmayacaqlarmı? Bu gün Suriyada Əsəd tərəfindən vuruşan ermənilərin 1994-cü ildə Qarabağda döyüşdüyünü və Xocalı qətliamında ön cərgədə olduqlarını və bunların türk düşməni olduğunu bilmirsinizmi? Ermənistanın ən yaxşı dostlarından birinin Suriyada qətliam törədən İran olduğunu xatırlatmağım lazımdırmı?

Dünyadakı alimlər, müsəlmanlar, şərəfli və azad insanlar bu zülmə səssiz qalmır. Azəri müsəlmanlar da bütün təşkilatlardan müstəqil şəkildə Suriyanın müsəlman xalqını və onların şərəfli müqavimətini dəstəkləyir. Buna Suriya xalqıyla birlikdə “Ahraruş Şam” tərəfində, Hələbdə Hələb camaatıyla birlikdə bombalanan şəhidimiz Əsgərov Rüstəm örnəkdir.

“Mən dakka dukka” deyə bir söz var (bizdə qarşılığı: Nə tökərsən aşına, o da çıxar qaşığına. – red.) və tarix təkrarlardan ibarətdir, sabah bir gün Qarabağda müharibə başlasa, o vaxt Azərbaycan dövləti ümmətdən kömək istəsə, bu ümmət deməyəcəkmi “Qəzzada üstümüzə bombalar yağanda siz harada idiniz? Misirdə ümmətin iradəsi tankların altında əzilərkən siz nə edirdiniz? Suriyada ümmət yox ediləndə hansı köməyi etdiniz?” Onda verəcək bir cavabınız olacaqmı? Yoxsa ermənilərin ən böyük dəstəkçisi İranı köməyə çağıracaqsınız? Yoxsa Ermənistana ən böyük silah köməyi edən və 20 yanvar 1990-cı ildə Bakı küçələrində tanklarla əliyalın xalqı əzən, 600 insanımızı vəhşicəsinə qətlə yetirən, Azərbaycan xalqının haqqı olan milyardlarla dəyəri olan Xəzər neftinin üzərində oturan, sırf buna görə neft-qaz ölkəsində insanların dolanışıq çətinliyi çəkməsinə səbəb olan Rusiyanı çağıracaqsınız? Qonşunuz Gürcüstanımı? Və ya Erməni diasporunun ürəyi olan Avropanımı? Və ya Rusiyanın arxa-dayağı, Rusiyanın əli altında olan, lakin adına Türk dünyası deyilən Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanımı çağıracaqsınız köməyə? Yoxsa bütün xarici təzyiqlərə baxmayaraq, hələ də Ermənistana Dağlıq Qarabağın işğalından ötrü sərhədlərini bağlayıb embarqo tətbiq edən Türkiyədənmi kömək istəyəcəksiniz? Türkiyə və fədakar Anadolu xalqının Ermənistan işğalı dövründə etdikləri, hər halda, yadınızdan çıxmayıb. Amma bu gün siz özünüzə milliyyətçi deyərək ermənilərin, İranın, Rusiyanın, Çinin və qatil Misir fironu Sisi və bənzərləri ilə eyni siyasəti yürüdür, Suriyaya, Misirə ümmət coğrafiyasında baş verən vəhşiliklərə və Türk dünyasına onların nöqteyi-nəzərindən baxırsınız. Tarix bunu əsla unutmayacaq!”

Qeyd edək ki, məqalə daha çox qızışdırıcı tonda yazılıb. Son zamanlar Azərbaycanda Suriyaya savaşa yollanan vətəndaşlarla bağlı narahatlıqlara cavab olaraq yazıldığı görünür. Eyni zamanda, müəllifin “ey sünni xalq” ifadəsi işlətməsi Azərbaycanda məzhəbi yöndə bölücülük yaratmaq, şiə icmasını aşağılamaq cəhdləri də hiss olunur. Ancaq eyni zamanda savaşa qarşı çıxdığı üçün yerli sələfi icmasının lideri Qamət Süleymanov da pislənilir.

F.Azərinin bu yazısında ittiham olunan Azərbaycan sələfi icmasının lideri Qamət Süleymanov ittihamlara cavab verib. Axar.az saytına açıqlama verən Q.Süleymanov bildirib ki, bu barədə əvvəllər söylədiyi fikrində qalır. Eyni zamanda o, Suriyada döyüşənlərin marginal qruplar olduğunu və Azərbaycan üçün təhlükə yaratdığını bildirib. Sitat: “Ümumiyyətlə, Türkiyədə yaşayan və ya dinlə məşğul olan çalışsın ki, Azərbaycanın işlərinə qarışmasın. Ümumiyyətlə, kim nə deyirsə, hamısına cavab vermək düz deyil. Çünki ilk növbədə mən heç kimə fitva vermirəm ki, gedib orda döyüşsünlər. Mənim bu məsələ ilə bildirdiyim bütün fikirlər, ustad şeyxlərin sözlərinə əsaslanır. Demək olar ki, böyük islam alimlərinin sözlərini təkrarlayıram. Bir daha bildirəm ki, alimlərin sözlərinə istinadən, Suriyaya mücahidlərin göndərilməsinin əleyhinəyəm. Çünki onlar dini baxımdan gedib orda xəvaric olub gəlirlər. Gələndən sonra da bizləri, yəni xəvaric olmayan hamını öldürəcəklər. Səsləndirdiyim bütün fikirlər, Quran və sünnəyə əsaslanan alimlərin sözləridir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm