• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Müsavatda parçalanma başladı: “Seçkidə ədalət pozulub”

  • Nida.az
  • 29 Sentyabr 2014 10:02
  • 502 Baxış
Müsavatda parçalanma başladı: “Seçkidə ədalət pozulub”

“Seçki kampaniyası zamanı məni hakimiyyətə işləməkdə ittiham edirdilər, hər cür böhtan-şər atırdılar. Bilirsiniz ki, mənim bank hesablarıma həbs qoyulub. İndi burada başları aşağı oturublar. Rayon təşkilatlarının sədrlərinə zəng vurub deyirdilər ki, İsa bəy filan namizədi dəstəkləyir, siz də ona dəstək olun. Təəssüf ki, mən bu insanları tanımamışam, seçki prosesi mənə bunları tanıtdı”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının iclasında partiyanın başqanlığına keçmiş namizəd Qubad İbadoğlu dünən partiya qərargahında seçkidən sonra keçirilən iclasda deyib.

Onun sözlərinə görə, partiyanın başqanlığına seçkilər ərəfəsində heç bir pozuntu müşahidə etməyib: “Mənim seçkinin azad və şəffaf olmasına heç bir şübhəm yoxdur, amma seçkidə ədalətlilik prinsipi pozulmuşdu. Bütün bunlara baxmayaraq, bunu Cəmil Ünala görə bağışlayıram. Çünki biz bu yola çıxmışıqsa, bu yoldan dönməyəcəyik. Biz növbəti dönəmdə partiyanın yeni seçilmiş rəhbərliyinə baxacağıq ki, görək onlar Müsavatı hara aparır? Biz də buna uyğun qərarımızı verəcəyik. Bu gün Müsavatda dəyişikliklərə ehtiyac var. Müsavat qurultay nümayəndələri arasında Gənclər Təşkilatının cəmi iki üzvü vardı. Çünki əvvəldən prosesin necə olacağı bilinirdi. Divan üzvləri Hökumə İbrahimli, Məryəm Oruclu və Vurğun Əyyub kimi şəxslərin adı qurultay nümayəndələrinin sırasında olmayıb. Çünki onların mövqeyi məlum idi”.

Q. İbadoğlu qeyd edib ki, onun komandası Müsavat Partiyasında heç bir seçkili orqanlarda təmsil olunmaq niyyətində deyillər.

Bundan sonra zalda səs-küy yaranıb. Arif Hacılının tərəfdarları Qubad İbadoğlunun çıxışına etiraz ediblər. Müsavatın sabiq başqanı İsa Qəmbər isə qurultay nümayəndələrini sakitləşdirməyə çalışıb.

Q. İbadoğlu isə yeni başqan Arif Hacılını nəzərdə tutaraq “Öz komandanız var və mən sizə uğurlar arzu edirəm” deyə çıxışını yekunlaşdırıb.

Partiyanın sabiq başqanı İsa Qəmbər deyilənlərlə bağlı fikrini bildirərkən deyib ki, seçkilər şəffaf və demokratik keçirilirsə, burada narazılığın olması təbiidir: “Əslində, bilmədiyiniz məqamlar çoxdur. Hər bir məqamın ayrıca izahatı var. Vurğun Əyyub qurultay nümayəndəliyi seçilən ərəfədə Azərbaycanda olmayıb. Bu, məsələnin bir tərəfidir. Mövqeyimi açıqlamaq məsələsinə gəldikdə isə, mən kimi dəstəklədiyimi əvvəlcədən bildirməmişəm. Əgər desəydim, ümumilikdə, səslərə təsir edərdi”.

Müsavat Partiyanın yeni başqanı A. Hacılı isə ona qarşı deyilənlərə toxunmayıb: “Deyilənlərlə bağlı fikir bildirmək istəmirəm. Seçki kampaniyası zamanı da mənə qarşı haqsız çıxışları artıq unutmuşam. Hər kəslə işləməyə hazıram. Müsavatda “Arif Hacılının komandası” adlı komanda yoxdur, Müsavatda müsavatçıların komandası var”.

Qeyd edək ki, sentyabrın 27-də dünən Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə qalib olaraq, partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 səslə ikinci olub.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR