Sülhəddin Əkbər: “Müsavatdan AzDP-yə gəlmək istəyənlərə məqbul yanaşacağıq”
Bizi izləyin

Nida.az

Sülhəddin Əkbər: “Müsavatdan AzDP-yə gəlmək istəyənlərə məqbul yanaşacağıq”

“Müsavatda fəaliyyətini dayandırıb, bizim partiyada mübarizəyə davam etdirmək istəyənlər olacaqsa, biz buna məqbul yanaşacağıq”.


Bunu Publika.az-a açıqlamasında Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.


Partiya sədri qeyd edib ki, burda qeyri-etik yanaşma yoxdur. Onun sözlərinə görə, hər bir partiya öz sıralarını genişləndirməyi düşünür.


S. Əkbər yeni başqan Arif Hacılı ilə əməkdaşlıq etməyə normal yanaşdıqlarını deyib: “Qurultaydan öncə bu Müsavatla demokratiya və insan haqları mərkəzində əməkdaşlığımız vardı və bu əməkdaşlıq bu gün də davam edir. Demokratiya və insan hüquq və azadlıqları Azad Demokratlar Partiyasının əsas prinsiplərindəndir. O baxımdan Azərbaycanda bu sahədə geniş əsasda funksional əməkdaşlığa hazırıq, gələcəkdə digər partiyalarla da bu sahədə əməkdaşlığımız mümkündür. Taktiki əməkdaşlığa gəlincə, bu, əsasən seçkilərlə bağlı ola bilər. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir, müvəqqəti, seçki müddətində müəyyən partiyalarla əməkdaşlıq edə bilərik”.


AzDP sədri AMİP, KXCP və Liberal partiyaları ilə birgə “Avropa seçimi” partiyalar ittifaqının digər birliklərin taleyini yaşamasını istəmədiyini açıqlayıb.


“Biz ilkin mərhələdə görüşlər keçirmişik, müzakirələr aparmışıq. Qərara almışıq ki, partiyalar ayrılıqda öz daxili strukturlarında müzakirə aparıb mövqelərini dəqiqləşdirsinlər. Ondan sonra ikinci mərhələyə keçmək olar. Yaxın günlərdə, yəqin ki, yenidən toplaşacağıq və bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. İstəmirik ki, bu birlik yarandığı kimi qısa müddətdə dağılsın. Çünki Azərbaycanda yaranan birliklər və onların sonrakı taleyi cəmiyyətdə diskussiya olunan problemli məsələlərdən biridir. Məsələnin qoyuluşu belədir ki, hər bir partiyanın yalnız liderləri deyil, bütün qərarverici orqanları münasibət bildirdikdən sonra qərar mərhələsinə keçmək olar. Bu imkan verəcək ki, artıq liderlərin şəxsi mövqeyindən asılı olmayaraq uzun müddətli və daha dərin əsaslı birlik qura bilək”, - deyə S. Əkbər bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm