“Nəqliyyat üçün maksimum 5 manat lazımdır” – Araz Əlizadə seçkiyə pulu necə tapdı?
Bizi izləyin

Nida.az

“Nəqliyyat üçün maksimum 5 manat lazımdır” – Araz Əlizadə seçkiyə pulu necə tapdı?

Azərbaycanda 10 siyasi partiya bələdiyyə seçkiləri ilə bağlı hazırlıqlarını başa vurub. Seçkiyə hazır olan partiyaların 9-u parlamentdə təmsil olunan, biri isə qanunverici orqanda təmsilçiliyi olmayan Azərbaycan Sosial-Demokrat Partiyasıdır.


Burada diqqət çəkən məqam sosial-demokratların seçki üçün lazım olan maliyyə vəsaitini necə əldə edə bilməsidir. Çünki parlamentdə təmsil olunmayan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bələdiyyə seçkilərinə pulları olmadığı üçün getməyəcəklərini bildirmişdi. O, Publika.az-a açıqlamasında “Qarabağ” blokunda birgə təmsil olunduqları Ümid Partiyasından da narazılığını ifadə etmişdi.


Parlamentdə təmsil olunan partiyalar “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdiyi üçün onların maliyyə problemi yoxdur. Digər siyasi partiyalar isə maliyyə vəsaitini özləri tapmalıdırlar. Bəs, görəsən, ASDP bu vəsaiti necə tapıb?


Publika.az ASDP sədri Araz Əlizadədən seçkiyə qatılmaq üçün nə qədər vəsait xərcləyəcəyini öyrənib.


A. Əlizadə bələdiyyə seçkilərinə getmək üçün böyük məbləğdə pul lazım olmadığını deyib. Onun sözlərinə görə, maksimum nəqliyyat vasitələrindən istifadə üçün pul lazımdır: “Rayon bələdiyyələrində yol pulu üçün maksimum 5 manat lazımdır. Kənddə isə pul lazım deyil. Kənddə hamı bir-birini tanıyır. Hörmətin varsa, seçilə bilərsən. Hörmətin yoxdursa, nə qədər pul xərcləsən, mümkün deyil. Kənddə plakat asmağa ehtiyac yoxdur”.


Eyni zamanda o, ASDP-nin maliyyə sıxıntısı çəkdiyini deyib: “Bizim partiyanın bir dənə maliyyə mənbəyi var, o da mənəm. Mənim yeganə maliyyəm aldığım təqaüddür. Həmin təqaüdlə də partiyamı saxlayıram. Bəziləri düşünür ki, dövlət təbliğat üçün də pul ayıracaq. Bir məsəl var: “Oynaya bilmirlər, deyirlər, yerimiz dardır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm