• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cavanşir Paşazadə Bakı Bulvarını bağlatdıracaq - Şok ittihamlar

  • Nida.az
  • 8 Fevral 2014 15:11
  • 3 524 Baxış
Cavanşir Paşazadə Bakı Bulvarını bağlatdıracaq -  Şok ittihamlar

“Sədərək” və “Binə” ticarət mərkəzlərində çalışan sahibkarlar Milli Məclisin deputatı Cavanşir Paşazadəyə etiraz müraciəti yayıblar.

Publika.Az sahibkarların müraciətini təqdim edir:“4 fevral 2014-cü il tarixində Milli Məclisin deputatı Cavanşir Paşazadənin saytlarda yayılan müsahibəsində “Sədərək” və “Binə” ticarət mərkəzləri ilə bağlı mənfi fikirləri biz sahibkarların narazılığına səbəb olub. İlk öncə belə bir müsahibənin hörmətli millət vəkili tərəfindən verilməsinə şübhə ilə yanaşırıq. Lakin bəzi məqamlara aydınlıq gətirilməsi vacib olduğuna görə öz etirazımızı sizin diqqətinizə çatdırırıq.

Müsahibədə ağır ittihamlar irəli sürülür. "Qaşınmayan yerdən qan çıxarmazlar" məşhur atalar sözü var. Bu gün Azərbaycanda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında insanların rahat yaşaması və işləməsi üçün bütün şərait yaranıb. Yeni iş yerləri açılıb. Çoxlu iş yerlərinin açılmasında “Sədərək” ticarət mərkəzinin də öz payı var. Burada hazırda minlərlə iş yeri var. Modern və hər cür rahatlığı olan ticarət mağazaları fəaliyyət göstərir. Çox rahat gediş-gəliş təmin olunub. Möhtərəm Prezidentimizin sərəncamı ilə bu ticarət mərkəzi inşa olunub. Ölkə rəhbəri sahibkarlara daim diqqət və qayğı göstərir.

Müsahibədə vurğulanır ki, əlli min (50.000) insanın toplaşdığı yerdən nə desən gözləmək olar. İki, üç mindən yuxarı insanı bir yerə yığmaq lazım deyil. Bu ticarət mərkəzləri ölkənin iqtisadiyyatına zərər vurur. Şəhərdə tıxac yaradan həmin ticarət mərkəzləridir.

Əvvəla, onu qeyd edək ki, bu ticarət mərkəzləri respublika Prezidentinin sərəncamı ilə 2006-cı ildə Qaradağ rayonuna köçürülüb. Köçürülməsində məqsəd də elə şəhərdə tıxacların və sıxlığın qarşısını almaq olub.

Onu da qeyd edək ki, tıxaclar adətən iş günləri yaranır və həm də rayonlara giriş-çıxış da Qaradağ rayonu ərazisindəndir. Deputat öz seçicilərinin problemləri ilə məşğul olmaq əvəzinə, bu ticarət mərkəzləri haqqında ağır ittihamlarda bulunur. Adamların çox olduğu bu ticarət mərkəzlərində hansısa hadisənin baş verməsindən narahat olur guya...
Onun nəzərinə çatdırırıq ki, Azərbaycan polisi nəinki əlli min adamın, milyonlarla adamın yaşadığı əraziləri yüksək səviyyədə mühafizə etmək imkanındadır. Qaldı ki “Sədərək” ticarət mərkəzinin “Sabit Mühafizə Xidməti” və “Qaradağ” rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi fəaliyyət göstərir və öz işinin öhdəsindən layiqincə gəlir.
Bu gün Cavanşir Paşazadə parlamentin insan haqları komitəsinin üzvüdür. Görünür, əlli minlərlə iş yerlərinin bağlanması təklifi verməklə insanların, burada çalışan seçicilərinin qeydinə belə “qalır”.
Adamların çox toplaşdığı yerlərdən narahat olan millət vəkili bu məntiqlə sabah da universitetləri, parkları, dəmiryolu vağzallarını, avtovağzalları, sağlamlıq ocaqlarını, istirahət mərkəzlərini, Bakı Bulvarını bağlamağı təklif edəcək.

Cavanşir Paşazadə bir az da irəli gedərək, ağlasığmayan bir iddia irəli sürüb deyir ki, ticarət mərkəzlərində narkotik maddələr də saxlanıla bilər. Bu cür ittihamlar bizi nə qədər qəzəbləndirsə də, bir o qədər də ironik gülüş doğurdu. Bir ziyalının, millət vəkilinin, insan haqları komitəsi üzvünün bu cür əsassız mövqeyə, düşüncə tərzinə malik olması bizi həm də məyus etdi. Onsuz da hamı bilir ki, narkotik ticarəti ilə kimlər məşğul olur. Gözə kül üfürməyin heç yeri deyil. Cavanşir Paşazadənin dini təriqətlərlə bağlı toxunduğu məsələ də bizi olduqca narahat edir. Bildiyimiz kimi, ölkəmizdə dini tolerantlıq hökm sürür. İnsanların dini inanclarına görə təqibi qanunla qadağandır. “Sədərək” ticarət mərkəzində müxtəlif dini etiqadlara malik insanlar çalışır. Bunlar arasında bu günə qədər heç bir xoşagəlməz insident baş verməyib. Bu ayrı-seçkiliklə millət vəkilinin nəyə nail olmağa çalışdığı bizə aydın deyil.

Hörmətli Oqtay müəllim, Sizdən xahiş edirik ki, bu müsahibədə deyilənləri ciddi şəkildə araşdırıb, millət vəkili Cavanşir Paşazadənin izahat-təkzib verməsinə müvəffəq olasınız.

Ölkəmizdə əmin-amanlığın, sabitliyin hökm sürdüyü bir dövrdə bu qədər insanın fəaliyyət göstərdiyi ticarət mərkəzlərinin bağlanması təklifi ilə çıxış edən Cavanşir Paşazadənin məqsədi nədir, ölkədə hökm sürən sabitliyi pozmaqdımı? - bunu anlamaq istəyirik.

Hörmətlə: “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinin Sahibkarları”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR