• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Milli Məclis qərar verdi: “Xalqın mal, can və heysiyyətinə təcavüz edənlər..” – Gizli tarix

  • Nida.az
  • 10 Fevral 2014 10:40
  • 2 318 Baxış
Milli Məclis qərar verdi: “Xalqın mal, can və heysiyyətinə təcavüz edənlər..” – Gizli tarix

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər kəs üçün maraqlı olacağını düşünürük.

(Yazının əvvəli ilə burda tanış olun: "Hakimiyyət milli hökumətin əlinə keçməlidir" - Gizli tarix )

AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XALQ KOMİSSARI GENERAL-MAYOR (YEMELYANOV)

10 dekabr 1945-ci il

№ 2070

1945-ci il dekabrın 12-də Təbriz şəhərində Azəbaycan Milli Məclisi açılır. Məclis elə həmin gün Seyid Cəfər Pişəvərini baş nazir seçir və o, da 10 nəfərdən ibarət hökumət yaradır.

Məclisi ən yaşlı deputat Nizamüddövlət Rəfii açıq elan etdi. Daha sonra səlahiyyətlər, vəzifələr, iş qaydaları, həmçinin daxili nizamnamə qəbul olundu. Ali hakimiyyət orqanı olan Milli Məclis qanun yaradıcılığı fəaliyyətini və qanunların icrasına nəzarəti həyata keçirməyə başladı. Artıq deyildiyi kimi, Milli Məclis tərəfindən ali icra orqanı – Azərbaycan Hökuməti yaradıldı. S.C.Pişəvəri baş nazir, doktor Salamulla Cavid daxili işlər naziri, Cəfər Kaviyan xalq qoşunları naziri, doktor Məhtaş kənd təsərrüfatı naziri, Məhəmməd Biriya maarif naziri, doktor Övrənci səhiyyə naziri, Qulamra İlham maliyyə naziri, Yusif Əimi ədliyyə naziri, Mirzə Rəbi Kəbiri yollar, poçt, telefon və teleqraf naziri, Zeynalabdin Qiyami Ali Məhkəmənin sədri, Firudin İbrahimi Baş Prokuror təyin olundu.

Milli Məclis nümayəndələri Milli hökumətdən və onun ayrı-ayrı orqanlarından hesabat tələb etmək hüququna malik idilər.

Elə birinci iclasda gizli səsvermə ilə Məclisin Rəyasət Heyəti seçildi. İki il müddətinə seçilən Rəyasət Heyəti 9 nəfərdən ibarət idi: Hacı Mirzəli Şəbüstəri - Məclis sədri, Sadıq Padeqan, Rəfii və Həsən Vilayi - sədrin müavinləri, Məhəmməd Əzimi və Muradəli Teymuri – Rəyasət Heyətinin üzvləri. Rəyasət Heyəti Milli Məclisin razılığı ilə dövlət idarəçiliyi üzrə ən mühüm işlərin yerinə yetirilməsini həyata keçirirdi. Azərbaycan Milli Məclisi Azərbaycan xalqının hüquq və azadlıqlarını təmin etmək və onun muxtariyyətini müdafiə etməklə yanaşı, milli azlıqlara da sərbəstlik hüququ verdi.

1946-cı ildə "Azad millət" qəzetinin 18-ci nömrəsində Milli məclis nümayəndələrinin tərkibi haqqında məqalə dərc olunmuşdu ki, burada da onların əhalinin müxtəlif təbəqələrindən olması aydın görünürdü: 101 deputatdan 12-si kəndli, 16-sı ziyalı, 14-ü sənətkar, 12-si mülkədar, 15-i fəhlə, 10-u qulluqçu, 10-u tacir, 8-i müəllim, 2-si fabrik sahibi, 2-si ruhani idi.

Azərbaycan Milli Məclisi bir illik fəaliyyəti ərzində 100-dək mütərəqqi qanun və qərar qəbul etdi və bu qanunlar ardıcıl şəkildə Milli hökumət tərəfindən icra olundu. Milli Məclis tərəfindən qəbul olunmuş mühüm qanunlardan biri Məclisə qadınların da seçilə bilməsini nəzərdə tutan qanundur. (Yaxın və Orta Şərqdə ilk dəfə olaraq).

Azərbaycan xalqının milli müstəqillik və demokratiya uğrunda mübarizəsi təkcə İranda böyük əhəmiyyəti malik olmayıb, öz hüquqları uğrunda gələcək mübarizədə qonşu ölkələrə də böyük təsir göstərdi. Forma və məzmununa görə mütərəqqi hakimiyyət orqanı olan, geniş kütlələrin səyi və iradəsi ilə yaradılmış Milli Məclis bütün Azərbaycan xalqının maraqlarını ifadə edir və demokratik dəyişikliklər etmək məqsədi güdürdü.

AZƏRBAYCAN* MİLLİ DÖVLƏTİNİN

ELAMİYYƏSİ

Azərbaycan qəzeti, № 79, 1945

Azərbaycan Məclisi Millisinin müntəxab etdiyi Azərbaycan Milli dövləti İranın istiqlal və tamamiyyətini hifz etməklə bərabər işə başladığını bu vasitə ilə bütün xalqa elan edir. Bu elamiyyə müntəşir olan gündən etibarən malikiyyə xüsusi hifz olmaq şərtilə bütün Azərbaycanda olan dövlət idarələri təzə hökumətin təhdi ixtiyarına keçdiyindən ümumdövlət məmurlarına öz vəzifələrini düzgünlük və sədaqət ilə əncam vermələri tapşırılır. Təzə dövlətin əmrinə itaət edib onun dəsturu ilə rəftar edən işçilər üçün münasib iş şəraiti vücuda gətiriləcək. İşləməkdən imtina edirlərsə kəmale-ehtiramla istədikləri yerlərə göndəriləcəkdir. Azərbaycan Milli hökuməti xalqın səadət və xoşbəxtliyindən ötrü qurulduğu üçün ümumxalqı fəaliyyətə, düzgünlüyə, asayiş və əmniyyəti hifz etməklə bir-birilə qardaşvarı yaşamağa dəvət edir. Əmniyyəti ixlal edən və xalqın mal və can, namus və heysiyyətinə təcavüz edənlər, həmçinin dövlət malına xəyanət əli uzadıb dövlət idarələrindən sui-istifadə edənlər və ya dövlət idarələrində xəbərdarlıq, müsahimə və öz vəzifəsində tənbəllik etmək kimi xainanə təşəbbüslər büruzə verənlər isə xalqın düşməni hesab olunub millət və dövlət yanında nifrət qazanmaqla qanuni məhkəmə vasitəsilə mücazat ediləcəklər. Hamıdan xalqa və ölkəyə xidmət və Azərbaycanın gələcəyi yolunda ciddiyyət gözlənilir. Dövlət isə onun şəraitini vücuda gətirməyə çalışacaqdır. Azərbaycan Milli Nazirlər Heyəti eyni zamanda Azərbaycanda məmuriyyətləri olan xarici dövlətlərin diplomatik nümayəndələrinə məlumat verir ki, keçmişdəki kimi onların yeni beynəlmiləl qanunlar şəraitində olan haqq və ixtiyarları kamali-diqqət və ehtiramla müraat olunacaqdır. Həmçinin demokratik dövlətlərin nümayəndələrinin asayiş və əmniyyətini hifz etmək yolunda milli dövlət heç bir fədakarlıqdan imtina etməyəcəkdir. Bu gündən etibarən dövlətə mütəəlliq olan mənqul və qeyri-mənqul əmval, həmçinin nəqd və cins və etibar milli dövlətin ixtiyarına keçdiyindən onların saxlamağına müəzzəf olan dövlət məmurları keçmişdə verdikləri təəhhüd və qəbul etdikləri məşğuliyyət üzrə onları hifz və hərasət etməyə məcburdular. Bu əmvalı heyf-meyl edənlər ağır cəzalandıralacaqlar. Artıq Azərbaycan milli hökuməti təhəqquq tapmış, xalqın iradəsi ilə daxili milli dövlətimiz vücudə gəlib, rəsmi sürətdə xalqımızın arzu və amalını izhar etməyə başlamışdır. Xalq isə öz milli hökumətinə var qüvvəsi ilə müsaidət göstərib onun fəaliyyəti üçün münasib şərait vücudə gətirməlidir.

Yuxarıda qeyd edildiyi kimi dövlət var qüvvəsi ilə əmniyyəti hifz etməyə çalışır. Ona görə xalq üçün nigaran olmağa heç bir dəlil yoxdur. Hər kəs öz işi ilə məşğul olmalı, öz istədiyiy kimi yaşamalıdır. Bazarı bağlamaq, mədrəsələri tətil edib, vəhşət və iztirab yaratmağın mənası yoxdur. Hökumət öz bərnaməsini xalqın ehtiyacatı üzərində qurmuşdur. Ona görə xalqı narahat edən hadisələrə yol verməyəcəkdir. Təsadüfi hadisələrə isə çox tez bir zamanda xitəmə veriləcək, macəracular, asayişi ixtilal edənlər saleh məhkəmə tərəfindən mühakimə və şəhid bir surətdə mücazat olunacaqlar. Heç bir pis ittifaq düşməyəcək, heç kəsin hüququna toxunmayacaqdır. Milli hökumət nəzmiyyə idarəsini təzə qüvvələr, geniş ixtiyaratla gücləndirmişdir. Hərc-mərcliyə artıq meydan verilməyəcəkdir. Xüsusən mədrəsələrimiz həmin keçmiş proqramlarını təqib etməli, tələbələrimiz var qüvvələri ilə imtahanlara hazırlaşmalıdır. Kəndlər və şəhərlərdə isə ciddi surətdə işə başlayıb adi hal vücudə gələcək və dövlət məmurları fədailərin və qeyri-məsul şəxslərin dəxaləti olmadan öz vəzifələrini əncam verməyə qadir olacaqlar. Fədai dəstələri intizam altına alınıb müəyyən mərkəzə tabe olacaq. Bu vasitə hər bir sui-hadisə ehtimalının qabağı alınacaqdır.

Gedin çalışın, asudə olun. Millətimizin gələcəyi və səadətini təmin etmək üçün qəbul etdiyiniz vəzifəni sədaqət və iman ilə əncam verin. Dövlət ümum həmvətənlərdən bunu tələb edir.

Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR