• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Perspektif" jurnalı Prezident İlham Əliyevdən yazdı

  • Nida.az
  • 21 Noyabr 2014 09:26
  • 329 Baxış
"Perspektif" jurnalı Prezident İlham Əliyevdən yazdı

Türk Dünyası Bələdiyyələr Birliyinin yaradılmasının 10-cu ildönümü münasibətilə qurumun “Perspektif” jurnalının xüsusi nömrəsində “Azərbaycan Prezidenti İlham Əliyev – uğurlu dövlət başçısı örnəyi” sərlövhəli məqalə dərc olunub.

Həmçinin Birliyin dəstəyi ilə Özgen Keskinin “Türk dünyası” kitabı çapdan çıxıb.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, “Perspektif” jurnalında dərc olunan məqalədə ötən ilin oktyabrında keçirilən seçkilərdə əhalinin 85 faizinin səsini qazanaraq üçüncü dəfə prezident seçilən dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanı iqtisadi və siyasi sahədə inkişaf etdirərək beynəlxalq aləmdə söz sahibinə çevirdiyi xüsusi vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyevin siyasi xətti və strategiyası sayəsində bölgənin lider dövlətinə çevrilən Azərbaycanda əhalinin rifah halı yaxşılaşmaqda, təhsil, səhiyyə və digər sahələrin inkişafına böyük əhəmiyyət verilməkdədir. Azərbaycanın xarici siyasət, iqtisadiyyat, mədəniyyət və idman sahələrində əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Jurnalda Prezident İlham Əliyevin on illik hakimiyyəti dövründə əldə olunan inkişafı, qazanılmış uğurları diqqətə çatdıran Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iqtisadi və siyasi baxımdan böyük önəm daşıyan bu göstəricilərin Azərbaycanda müstəqil dövlətin formalaşması mərhələsinin başa çatdığını sübut etdiyini bildirir.

Yazıda bu il yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının Azərbaycanın sosial-iqtisadi inkişafını uğurla davam etdirdiyi və beynəlxalq aləmdə nüfuzunu qoruyaraq Davos Dünya İqtisadi Forumunun hesabatında 39-cu yerə layiq görüldüyü barədə fikirləri diqqətə çatdırılır. Qeyd edilir ki, həmin iclasda 2013-cü ildə Azərbaycanın ilk milli peykinin – “Azerspace-1”in orbitə çıxarılmasının dövlətin tarixi nailiyyəti olduğunu vurğulayan Prezident İlham Əliyev turizm və nəqliyyat sektorlarında da mühüm işlərin görüldüyünü bildirib. İclasda “Şahdəniz-2” və TAP kimi qlobal layihələrin reallaşmasında Azərbaycanın rolunu vurğulayan dövlət başçısı 2014-cü ili “Sənaye ili” elan edib.

Dövlətimizin başçısının mahir siyasi xadim kimi xarakterizə edildiyi yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində əldə olunan uğurlar sadalanır. Prezident İlham Əliyevin milli maraqlar məsələsində çox həssas dövlət xadimi olmasının xüsusi vurğulandığı məqalədə dövlətimizin başçısının yürütdüyü xarici siyasətin Azərbaycan xalqı tərəfindən dəstəkləndiyi qeyd edilir. Məqalədə vurğulanır ki, seçkilərdə qələbəsindən sonra ilk xarici səfərini Türkiyəyə edən Prezident İlham Əliyev dövlət başçısı Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə bir sıra görüşlər keçirib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan ilə Türkiyə arasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu “bir millət, iki dövət” siyasəti daha da konkretləşib, ikitərəfli strateji əməkdaşlıq Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini gücləndirərək Türkiyənin də bölgədə nüfuzunun artmasında mühüm rol oynayıb. İki ölkə xüsusilə enerji və nəqliyyat sahələrində birlikdə hərəkət edərək ortaq layihələr həyata keçirib, Xəzər dənizi hövzəsindəki neft və təbii qazın Avropaya və dünya bazarlarına çatdırılmasını təmin edib.

Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə çapdan çıxan “Türk dünyası” kitabında isə tükdilli ölkələrin və xalqların tarixi, coğrafiyası, dövlət və imperatorluqları, dastanları, dövlət xadimləri, nüfuzlu şair və yazıçıları, milli geyimləri və mətbəxi, adət-ənənələri haqqında ətraflı məlumat verilir.

Nəşrdə türk dünyasının iki böyük dövlət xadimi, ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı geniş məlumatlar təqdim olunur.

Bildirilir ki, xalqı tərəfindən hakimiyyətə dəvət olunan Heydər Əliyev 30 ildən çox siyasət aləmində mühüm rol oynayıb. Hakimiyyətdə olduğu müddətdə Azərbaycanın sosial, mədəni, iqtisadi və siyasi sahələrdə inkişafına mühüm töhfələr verib. Azərbaycanın ən ağır dövründə Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət edilməsi onun xalq tərəfindən nə qədər çox sevildiyinin təsdiqidir. Diqqətə çatdırılır ki, Heydər Əliyev siyasi hakimiyyəti dövründə yüksək mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Kitabda, həmçinin müstəqil türkdilli dövlətlərin və muxtar bölgələrin bayrağı, ərazisi, dil və ləhcələri, əhalisinin sayı, etnik tərkibi, dövlət himni barədə və s. məlumatlar da yer alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR