Heydər Əliyev 2001-ci ildə sonuncu dəfə iştirak etdiyi Zirvə toplantısında nə demişdi?
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyev 2001-ci ildə sonuncu dəfə iştirak etdiyi Zirvə toplantısında nə demişdi?

“Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün doğulmayıblar, bəlkə bütün xalqa və insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün dünyaya gəliblər. Bu cür adamlar nəinki sağlığında, dünyasını dəyişəndən sonra da insanlara xeyir verirlər!..” Böyük mütəfəkkir, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin bu sözlərini Ümummilli Liderimiz Heydər Əliyevə şamil etmək olar”.

Bu sözləri Pulika.az-a açıqlamsında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, hər bir xalqın tarixində öz müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni üzərinə götürmüş liderlər var:

“Necə ki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür, müasir müstəqil Azərbaycanın qurucusu da Ulu Öndər Heydər Əliyevdir. O, Azərbaycanı müstəqil və güclü dövlətə çevirən şəxsiyyətdir. Müasir Azərbaycan dövləti Ümummilli liderin güclü ideyaları üzərində qurulub. Bu gün bu ideyalar Azərbaycanın Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən yeni ideyalar əlavə edilməklə uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin rəsmiləşdirdiyi və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın çağdaş dünyadakı rolunu, güclü dövlətçiliyini ortaya qoyub.

Ümummilli lider Sovet İttifaqı dövründə türk xalqlarının birliyinin möhkəmləndirilməsində mənəvi körpülərin qorunması, ortaq dəyərlərimizin birləşdirilməsi istiqamətində böyük səylər göstərmişdir. Böyük qürur hissi ilə deyə bilərəm ki, Ulu Öndərin SSRİ-də bir türk müsəlmanı kimi yüksəlişi və dövrün idarəçiliyində ən mötəbər üç şəxsdən birinə çevrilməsi türk xalqını sevindirib. Türk və Azərbaycan xalqı əsrlər boyu dost, qardaş olub, bir-birinin köməyinə gəliblər”.

Sabiq səfir diqqətə çatdırıb ki, Ulu Öndər Sovet İttifaqında yaşayan eyni etnik mənsubiyyətə, eyni kökə, eyni sivilizasiyaya malik türk xalqları ilə dostluq və əməkdaşlığa hər zaman diqqət edib:

“Bu kontekstdə qonşu Türk dövlətləri olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan arasında ədəbi-mədəni əlaqələr inkişaf etmiş, bu ölkələrdə mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər təşkil edilməsinə nail olmuşdur. Mixail Qorbaçovun “Heydər Əliyevin ruhunun dərinliklərində türkçülük və islamçılıq həmişə yaşayıb. Ona görə də ona inanmıram” sözləri onun nə qədər böyük türk olduğunun əyani sübutudur.

Ulu Öndərin 1993-cü ildə Bakıya gələrək ölkə idarəçiliyini öz üzərinə götürdüyü ikinci hakimiyyət dövrü təkcə Azərbaycan dövləti üçün deyil, həm də müstəqilliyini yenicə əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün bir fürsət idi. Zəngin dövlət idarəçiliyi təcrübəsi və potensialına malik olan Ümummilli lider Heydər Əliyev də Türk Dünyasının birliyi üçün güclü lider kimi böyük işlər həyata keçmişdir. O, 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində tarixi çıxış etmiş və türk xalqının sevgi və hörmətini qazanmışdır”.

H.Kılıç Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu vurğulayıb:

“Ulu Öndər Heydər Əliyev 10 illik prezidentliyi dövründə Türkiyə ilə olduğu kimi digər Türk dövlətləri ilə sıx əlaqələr qurub. Onun siyasi səyləri təkcə Azərbaycanın hüdudları daxilində deyil, fəaliyyəti bütün türk dünyasını əhatə edib. O, həmçinin 1994-2001-ci illər arasında keçirilən Türk Dövlətləri Başçılarının 6 zirvə toplantısında iştirak edib. Bu zirvələrdə o, türk dünyasının inteqrasiyası, birliyi ilə bağlı mühüm təkliflər və bəyanatlar vermişdir. 2001-ci ildə Heydər Əliyevin sonuncu dəfə iştirak etdiyi Türk Dövlətləri Başçılarının zirvə toplantısındakı nitqi XXI əsr Türk Dünyasına bir nümunədir. O, “Türk dövlətləri dünyanın ən strateji nöqtəsində yerləşir. Türk dövlətləri zəngin təbii sərvətlərə və yüksək intellektual potensiala malik insan resurslarına malikdir. Əminəm ki, yeni əsr türk dövlətləri üçün dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və firavanlıq əsri olacaq” demişdi.

Böyük qürur hissi ilə qeyd etməliyəm ki, Ulu Öndərin türk dünyası ilə bağlı siyasətini Ali Baş Komandan, Prezident İlham Əliyev vəzifəyə gəldiyi gündən indiyə kimi qətiyyətlə həyata keçirir. Prezident Ulu Öndərin Qarabağla bağlı vəsiyyətini yerinə yetirərək 30 il erməni işğalı altında olan torpaqları azad edib. Bundan əlavə, 2009-cu ildə Naxçıvan sammitində başlayan Türk Dövlətləri Təşkilatının 2021-ci ildə İstanbulda yaradılması prosesində üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Bundan əlavə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin xatirəsini yaşatmaq üçün Heydər Əliyev Fondunu yaratmaqla Ulu Öndərin arzu və ideallarını uğurla həyata keçirməkdə davam edir. O, Heydər Əliyev fondu sayəsində həm ölkə daxilində, həm də xaricdə yüzlərlə layihə həyata keçirib. Bu layihələr sayəsində Azərbaycanın xaricdə nüfuzu və dəyəri artdı. Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, hərbi və vətəndaş irsi Ali Baş Komandan Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ulu Öndər cismən aramızda olmasa da, onun ideyaları Azərbaycanın uğurlu gələcəyinə, Türk dünyasına işıq tutacaq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm