Nida.az
Prezident İlham Əliyev neftin qiymətindən danışdı - Müsahibə
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio
Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına
müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.
- Cənab Prezident, günaydın. Bizi yenidən Azərbaycan
torpağında qəbul etdiyinizə görə çox sağ olun.
- Günaydın, xoş gəlmisiniz.
- Cənab Prezident, bu gün tərəfdaşlıq münasibətlərinin çoxu
sınaqdan keçir. Rusiya-Azərbaycan əməkdaşlığı dinamik, dolğun
inkişaf edir. Bu il səfərlər, ikitərəfli əlaqələr
nöqteyi-nəzərindən çox məhsuldar olub. Mövcud tarixi məqamda Siz
Rusiya ilə Azərbaycan arasında siyasi dialoqu necə
qiymətləndirirsiniz?
- Biz daim siyasi dialoq aparırıq. Qeyd etdiyiniz kimi,
münasibətlər çox dinamik inkişaf edir, bütün sahələri əhatə edir və
aramızda həll olunmamış məsələlər, problemlər yoxdur.
Münasibətlərimizin indiki mərhələsində əməkdaşlığımızı
dərinləşdirmək üçün yeni imkanlar, ilk növbədə, iqtisadi sahədə
imkanlar yaranır və biz ilin yekunlarına əsasən görürük ki, artıq
əmtəə dövriyyəsi genişlənir, Azərbaycandan Rusiyaya ixrac artır.
Zənnimcə, bu, uzun illər ərzində münasibətlərimizi məhz
tərəfdaşlıq, qarşılıqlı dəstək, dostluq, mehriban qonşuluq əsasında
qurmağımızın nəticəsidir. Bu da ölkələrimizə, xalqlarımıza fayda
gətirir. Bu gün Azərbaycan ilə Rusiya fəal inkişaf edən və dünyada
mövcud çağırışlara müqavimət göstərməyə hazır olan iki qonşu və
dost dövlətdir.
- Siz hansı sahələrdə əməkdaşlığı inkişaf etdirmək
imkanları görürsünüz?
- Bizdə ənənəvi əməkdaşlıq sahələri var. Əlbəttə, bu, energetika
sektoru, neft-qaz sahəsidir. Burada əməkdaşlığın artıq yaxşı tarixi
və yaxşı potensialı var. Bu il neft-qaz sahəsində sazişlər
imzalanıb. Həmin sazişlər gələcəkdə bu münasibətlərin daha dinamik
inkişafını müəyyən edəcək. Elektroenergetika, nəqliyyat sahələrində
də yaxşı potensial və artıq əməkdaşlıq təcrübəsi var. Biz – Rusiya
da, Azərbaycan da Şimal-Cənub nəqliyyat dəhlizinin daha fəal
işləməyə başlamasında maraqlıyıq. Biz öz tərəfimizdən zəruri
infrastruktur yaradırıq. Bu, həm dəniz limanları, həm dəmir yolu,
həm də avtomobil yollarının yenidən qurulmasıdır. Rusiya tərəfi də
eyni səyləri göstərir. Əlbəttə, Azərbaycanın kənd təsərrüfatı
məhsullarının Rusiya bazarlarında satılması sahəsində yaxşı
əməkdaşlıq potensialı var. Biz ixrac potensialını artırırıq.
Prinsipcə, bu, bizim hökumətin strateji xətti olub. Lakin Rusiya
bazarında indiki vəziyyəti və mallarımıza olan tələbatı nəzərə
alaraq, biz məhz Rusiya istehlakçısının ehtiyacı olan çeşidi
məqsədyönlü şəkildə artırmağa başladıq.
Turizmin də yaxşı perspektivləri var. Biz yayda da, qışda da
Azərbaycana gələn rusiyalı turistlərin sayının artdığını görürük.
Burada yaxşı şərait var – məsafə də böyük deyil, dil maneəsi də
yoxdur. Bir də əlbəttə, mədəniyyət, təhsil sahələri. Zənnimcə, bu
sahələr əməkdaşlığımızın təməlidir. Rusiyanın tanınmış
kollektivləri, demək olar, hər həftə Bakıda qastroldadır. Onlar
burada çox populyardır.
- Əsas budur ki, dil maneəsi yoxdur və bu da bir çox baxımdan
Azərbaycanın səyləri, rus dilinə münasibətdə həyata keçirdiyi
məqsədyönlü və ardıcıl siyasət sayəsindədir. Təhsil də bu gün
Rusiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın çox perspektivli
sahələrindən biridir. Rusiyanın ali məktəblərində 13 min
azərbaycanlı tələbə təhsil alır. Siz bu gün qarşılıqlı fəaliyyət,
rus dilinin Azərbaycanda yeri barədə nə deyə bilərsiniz? Çünki
Azərbaycanda çox böyük rus icması var. Bu gün bunu da xatırlamaq
lazımdır. O, mane olmur ki, hər hansı bir narahatlıq yaratmır ki?
Azərbaycanda rus dilinin həqiqətən, bu rahat mövcudluğu necə təmin
edilir?
- Siz düzgün qeyd etdiniz ki, Azərbaycanda rus icması
Cənubi Qafqazda ən böyük icmadır. Onun üzvlərinin sayı 120 min
nəfərdən çoxdur. Azərbaycanı beynəlxalq məkanda layiqincə təmsil
edən bu insanlar həm müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir,
həm də ölkəmizin inkişafına böyük töhfə verirlər. Onlar
dövlətimizin layiqli vətəndaşları, Azərbaycanın vətənpərvərləri,
eyni zamanda, öz dilinə, mədəniyyətinə, ənənələrinə bağlı olan
insanlardır.
Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri
Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür
adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o
cümlədən sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda
möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir
dinamik inkişafın təməlidir.
Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma,
təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə ümumiyyətlə,
yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti
fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki,
Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki,
öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda,
başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də
hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu sahədə
beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib. Bu
yaxınlarda bizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb,
müxtəlif tədbirlər, beynəlxalq forumlar keçirilir. Əlbəttə,
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə bir nümunə
göstərir ki, sosial sifariş və dövlətin düzgün siyasəti olanda
bütün bu məsələləri bacarıqla həll etmək mümkündür.
Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır.
Bizdə tədris rus dilində olan 300-dən çox məktəb var. Bütün dövlət
ali məktəblərində rus dilində təhsil almaq üçün bölmələr var.
Moskva Dövlət Universitetinin filialı, Slavyan Universiteti
yaradılıb. Hesab edirəm ki, bu müsbət təcrübə dili hücum hədəfi
seçən ölkələr üçün faydalı ola bilər.
- Tolerant, beynəlmiləl şəhər olaraq qalmağı Bakıya tarixin
özü diktə edir. Bakı Sovet İttifaqının ən beynəlmiləl şəhəri idi.
Deyə bilərsinizmi, bəs indi, müasir dünyada, məsələn, Avropanın
aparıcı siyasətçilərinin multukulturalizmin iflasa uğradığını
etiraf etdiyi bir vaxtda bu cür şəhər və bu cür ölkə kimi qalmaq
çətindirmi? Siz daxildən və ya xaricdən təzyiqlər hiss
edirsinizmi?
- Yox, hiss etmirəm. Daxildən təzyiq yoxdur. Çünki cəmiyyət
dövlətin bu məsələyə yanaşmasını tam bölüşür. Burada heç bir fikir
ayrılığı yoxdur. Prinsipcə dövlət siyasəti cəmiyyətdə bu
əhval-ruhiyyəni dəstəklədiyi kimi, ictimai rəy də dövlətin həmin
siyasəti yeritməsinə kömək edir. Biz cəmiyyətin belə vəziyyətinin
üstünlüklərini görürük. Çünki həmişə belə olmayıb. Axı,
müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyyətdə olanda
vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət
siyasəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli
əhalinin sıxışdırılması cəhdləri – bütün bunlar gözümüzün
qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli
rüsvayçılıq illəri idi. Azərbaycan xalqı müdriklik göstərdi və bu
hakimiyyətə cəmi bir ildən bir qədər çox dözdü, sonra bu hakimiyyət
tarixin xarabalığına atıldı.
- Bu peyvənd hələ də təsir edirmi?
- Bəli. Çünki cəmiyyət bu yanaşmaları rədd etdi. Milli siyasət
sahəsində çox böyük səhvlərə, bəlkə də cinayətlərə yol verilib,
eləcə də bütün digər sahələrdə. Odur ki, cəmiyyət bu yad təsirdən
tez bir vaxtda təmizləndi, öz köklərinə qayıtdı. Bu gün bu,
cəmiyyətimizin inkişafının normal vəziyyətidir. Odur ki, daxildə bu
siyasətin təftiş olunmasına heç bir zəmin yoxdur.
O ki, qaldı sərhədlərimizin hüdudlarından kənarda baş verənlərə,
şübhəsiz, bu, narahatlıq doğurur. Çünki biz adada yaşamırıq,
regionda gedən proseslər istər-istəməz müəyyən təsir göstərir.
Burada da yenə cəmiyyətin yüksək şüuru, habelə səmərəli dövlət
siyasəti və belə münasibətin üstünlüklərinin əyani şəkildə
nümayişi, zənnimcə, əsas hərəkətverici qüvvədir.
- Gəlin, Azərbaycanın iqtisadiyyatından danışaq. Çünki hər
hansı ölkənin cəmiyyətinin vəziyyətinə dünya iqtisadiyyatı da
nəzərəçarpan təsir göstərir. Bu il Azərbaycanda ümumi daxili məhsul
üçfaizlik artım göstərir. Bu, yetərincə sabit artımdır və bu gün
çox cəhətdən nümunə olan, hökumətin, dövlətin seçdiyi iqtisadi
siyasətin səmərəliliyini sübut edən göstəricidir. Siz gələn il üçün
hansı proqnozlar verirsiniz və Sizin fikrinizcə, yaxın gələcəkdə
iqtisadiyyatın inkişafını nə müəyyən edəcək?
- Qeyd etdiyiniz kimi, bu il bizdə üçfaizlik artım gözlənilir.
Lakin biz ümumi daxili məhsulu hesablayarkən, əsasən qeyri-neft
sektoruna diqqət yetiririk və orada vəziyyət daha yaxşıdır. Biz bu
il orada 6-7 faiz artım gözləyirik. Ötən il artım 10 faiz olub.
Gələn il də iqtisadiyyatın qeyri-neft sektorunda 6 faizdən 10
faizədək artım gözləyirik. Bu, məhz şaxələndirmə siyasətinin, həm
də əvvəlki illərdə Azərbaycanın iqtisadiyyatını şaxələndirmək üçün
çoxlu investisiya yatırmağımızın və səylər göstərməyimizin
nəticəsidir. Bu gün ümumi daxili məhsulda neft sektorunun payı
təqribən 45 faiz, yəni, yarıdan az təşkil edir. Dünyada neftin
qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək.
Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Neftin
qiymətinin 60 dollar olacağı təqdirdə, iqtisadiyyat sabit inkişaf
edəcək.
- Bəs büdcədə hansı qiymət nəzərdə tutulub?
- Büdcədə 90 dollar nəzərdə tutulub. Ötən il 100 olub.
- Bu nikbin rəqəmdir.
- Bəli. Amma biz 90 dollar nəzərdə tutanda və büdcəni qəbul edəndə
qiymət 90 dollar olub. Yeganə mənfi hal budur ki, biz il ərzində
görməyi planlaşdırdığımız işləri iki ilə görəcəyik. Sadəcə
prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə
xərclərini azaldacağıq. Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin
layihələri əsasən həyata keçirmişik.
İqtisadiyyatı hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün
sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi,
fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb.
Bizdə fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad
olunub. Dövlət kənddə istehsalın inkişafına fəal şəkildə subsidiya
ayırır.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi sabit
inkişaf edir. Azərbaycan artıq kosmik sənayesi olan ölkədir. Artıq
birinci peyk buraxılıb, tezliklə ikincisi buraxılacaq. Yəni, bu
sahə, kənd təsərrüfatı fəal inkişaf edir. Turizmə böyük ümidlər
var. Hazırda bütün ölkə ərazisində çoxlu müasir mehmanxana
yaradılır. Biz Bakıya istirahət yeri kimi üstünlük verən
turistlərin sayının artdığını görürük. Bax, bu əsas istiqamətlər və
üstəgəl artıq neçə ildir həyata keçirdiyimiz sənayeləşdirmə
siyasəti, şübhəsiz, öz bəhrəsini verir. Biz özümüzü təkcə ərzaq
məhsulları ilə deyil, tikinti materialları ilə də tam təmin etməyə
çalışırıq və bu istiqamətdə hələ çox iş görülməlidir.
- Siz iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam
etdirmək niyyətindəsiniz? Elədirsə, idealda ümumi daxili məhsulun
strukturunda neft, xammal gəlirlərinə neçə faiz
ayrılmalıdır?
- Əlbəttə, biz çalışacağıq ki, idealda neft gəlirləri bizim ümumi
daxili məhsulun təqribən üçdəbirini təşkil etsin. Artıq onda
şaxələndirmə siyasətimizin baş tutduğunu hesab edə bilərik. Biz
buna doğru gedirik. Çünki biz bu proqramları başlayanda, neft
amili, ümumiyyətlə, az qala 80 faiz idi, indi isə 45 faizdir. Yəni,
meyil azalmaya doğru gedir. Nəzərə almaq lazımdır ki, biz yaxın
illərdə qaz hasilatının və satışının xeyli artacağını gözləyirik.
Odur ki, ümumi daxili məhsulda neftin payı artacaq.
- O, artıq neft-qaz olacaq.
- Tamamilə doğrudur.
- Buna baxmayaraq, xarici konyunkturadan asılılıq da artacaq. Siz
deyirsiniz ki, neftin bir barreli 60 dollar olsa, Azərbaycan
iqtisadiyyatı sabit inkişaf edəcək. Analitikləriniz bu proqnozu nə
dərəcədə real sayır və bütövlükdə neftin qiymətlərinə nə kimi
proqnozlar verirlər?
- Bilirsiniz, analitiklərimizdən dünya analitiklərindən daha
ətraflı təhlil gözləmək çətindir. Ona görə, yəqin ki, onlar dünya
trendi kimi ümumi proqnoza əsaslanırlar. Heç kəs nə olacağını
irəlicədən dəqiq deyə bilməz. Görünür, bunun üçün obyektiv səbəblər
var. Axı, indiyədək heç kəs dəqiq izah edə bilmir ki, bütün bunlar
nə üçün baş verib.
- Soruşmaq istəyirəm, Siz hansı nəzəriyyəyə meyillisiniz.
Bir neçə konspiroloji, həmçinin obyektiv, daha real nəzəriyyələr
var...
- Mən öz təhlilimdə bütün bu nəzəriyyələri bir qədər inteqrasiya
edərdim. Çünki baş verənlərin obyektiv səbəbləri də var. Əlbəttə,
başqa qəbildən səbəblər də ola bilər. Çünki tarixdən elə dövrlər
tanıyırıq ki, neftin qiymətlərinin kəskin düşməsi bəzi ölkələrdə
müəyyən problemlərə səbəb olub. Odur ki, bunu istisna edə bilmərik.
Xüsusən ona görə ki, mətbuatda da bu barədə çox tez-tez danışılır,
analitiklər də danışırlar. Ona görə burada kimdənsə hər hansı
proqnoz gözləmək yəqin ki, çox çətindir.
- İqtisadi siyasətin səmərəliliyinin mühüm meyarlarından
biri vətəndaşların sosial vəziyyətidir. Siz dediniz ki, xərcləri
azaltmaq lazım gəlsə, infrastruktur layihələrini ixtisara
salacaqsınız. Bu o deməkdir ki, sosial proqramlarınız toxunulmaz
qalır? Siz sosial dövlət haqqında vektoru, tezisi
dəstəkləyirsinizmi?
- Bəli, əlbəttə, sosial proqramlara dəyişiklik edilməyəcək. Əksinə,
biz çalışacağıq ki, daha çox imkanlar yaradaq. İndiki halda söhbət,
əlbəttə, əməkhaqqının artırılmasından, habelə sosial
infrastrukturun yaradılmasından gedir. Bizim üçün sosial sahə
həmişə prioritet olub. Biz onu iqtisadi sahədən heç vaxt
ayırmamışıq və apardığımız islahatlar da sosial amilə bağlıdır.
Buna görə də əsaslı islahatlara baxmayaraq, Azərbaycanda sosial
məsələlər son illərdə çox müvəffəqiyyətlə həll olunur.
Son 10 ildə 500-dən çox tibb müəssisəsi, 3 mindən çox məktəb binası
inşa olunub. Bütün regionlarda su təchizatına dair infrastruktur
layihələri həyata keçirilir. Yəni, sosial infrastruktura sərmayə
yatırmaq bizim prioritetimizdir. Onlar ixtisar edilməyəcək. Lakin,
eyni zamanda, bu sahə iqtisadi sahədən ayrılıqda inkişaf edə
bilməz. Axı, biz son 10 ildə məhz iqtisadiyyatı inkişaf etdirmək
hesabına yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. Bunu əsas
etibarilə yeni iş yerlərinin və iş üçün əlverişli şəraitin
yaradılması hesabına etmişik. Azərbaycanda işsizlik sosial təzahür
kimi, praktiki olaraq, aradan qaldırılıb.
- Azərbaycanda işsizlik neçə faizdir?
- Beş faiz. Təbii ki, bütün bunlar dövlətin iqtisadi siyasətinin,
habelə biznes üçün yaxşı şəraitin yaradılmasının nəticəsində olub.
Çünki iş yerləri neft sahəsində yaradılmayıb. Neft sahəsində iş
yerləri belə tez yaradılmır. Bu yerlər istehsal və xidmət
sahələrində, regionlarda yaradılıb. İqtisadi artım olmadan, sadəcə
büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir.
Burada əsas məsələ o qədər də prioritet olmayan sahələrlə
cəmiyyətin sosial vəziyyətinə təsir göstərməyən sahələr arasında
xərclərin azaldılmasının məhz düzgün balansının tapılmasıdır.
- İqtisadiyyatda hər hansı böhran halları yarandıqda, bir
qayda olaraq, qarşıya belə bir dilemma çıxır: pulları inkişaf üçün
xərcləməli, yoxsa, qənaət etməli, yığmalı, sabitləşdirmə fondları
yaratmalı? Siz hansı yolu seçmisiniz?
- Biz hər iki yolu seçmişik. Fəal islahat illəri ərzində bizim
valyuta xərclərimiz də, investisiyalarımız da ilbəil artıb. Keçən
il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub.
Əhalisinin sayı 10 milyona yaxın olan ölkə üçün bu, az məbləğ
deyil, onun 70 faizi daxili investisiyalardır. Əlbəttə, daxili
investisiyaların strukturunda hələlik infrastruktur xarakterli
dövlət sərmayələri üstünlük təşkil edir. Buna görə biz çalışmışıq
ki, valyuta ehtiyatlarımız ilbəil artsın. Bu ehtiyatlar ilbəil
artır. Eyni zamanda, biz şaxələndirilmiş iqtisadiyyat yaradılması
üçün nə qədər lazımdırsa, o qədər xərcləyirik. Regionlarda normal
həyat şəraiti olmadan isə bunu etmək mümkün deyil.
Müstəqilliyin ilk illərində Azərbaycan vətəndaşlarının xeyli
hissəsi qazanc dalınca başqa ölkələrə, o cümlədən Rusiyaya gedirdi.
İndi bu proses praktiki olaraq dayanıb və ya yavaşıyıb. Lakin başqa
proses başlanıb – regionlardan Bakıya gəlirlər. Buna görə bizim
əsas vəzifəmiz regional inkişaf ilə bağlı məsələlərin həlli idi ki,
yerlərdə yaxşı xəstəxanalar, yaxşı məktəblər, su, elektrik, qaz
təchizatı və iş üçün şərait olsun. Buna görə iqtisadiyyatın
şaxələndirilməsi təkcə struktur baxımından deyil, həm də coğrafiya
baxımından vacibdir. Zənnimcə, biz son illərdə ölkəmizin məhz bu
baxımdan davamlı inkişafını təmin edə bilmişik.
- Coğrafiya mövzusunu bir qədər genişləndirək, xarici
investisiyalar və bu gün dövlət vəsaitlərinin qorunması, inkişaf
etdirilməsi üçün hansı bazarların perspektivli olması barədə
danışaq. Siz hazırda nəzərlərinizi haraya yönəldirsiniz? Şərqin,
məsələn, Çinin bazarları Sizin fikrinizcə, nə dərəcədə perspektivli
və maraqlıdır? Mən bilirəm ki, Azərbaycan suveren fondlara sərmayə
qoyur, hazırda yuan şəklində xeyli sərmayə yatırır.
- Bəli, biz investisiyalarımızı bir neçə il bundan əvvəl
şaxələndirməyə başlamışıq. Bunun bir neçə səbəbi var idi. Birinci
səbəb odur ki, ölkə daxilində iqtisadiyyatı hədsiz inkişaf etdirə
bilməzdik. Bu da təbiidir ki, investisiya portfelimizi
şaxələndirmək istəyirdik. Buna görə, sərmayə qoymağa başladıq. Bu,
həm Asiya, həm Avropa, həm Rusiyadır...
- Mən bunu eşidəcəyimə ümid edirdim.
- Bəli. Buna görə biz, əlbəttə, həm səhmlərə, həm daşınmaz əmlaka,
həm bank sektoruna, həm istehsalata sərmayə qoyuruq. Rusiyaya
gəldikdə isə, biz bank sektoruna sərmayə qoymuşuq, VTB bankının
səhmlərini almışıq, daşınmaz əmlaka, istehsalata da sərmayə
qoymuşuq. Rusiya bazarı bizim üçün perspektivlidir. Biz hər hansı
vəziyyətə, qondarma sanksiyalara baxmayaraq, Rusiya bazarına fəal
sərmayə qoymaqda davam edəcəyik. Ona görə ki, əvvələn, bütün bunlar
müvəqqətidir, ikincisi, biz elə işləməliyik ki, münasibətlərimiz
möhkəmlənsin. Axı, investisiyalar sadəcə öz vəsaitlərini
şaxələndirmək deyil. Bu, həm də əməkdaşlıq münasibətlərinin və onun
səviyyəsinin nümayişidir. Prinsip etibarilə heç bir ölkə sabitlik,
mehriban münasibətlər olmayan yerə dövlət vəsaitlərini
yatırmayacaq. Rusiya bizim dostumuz, tərəfdaşımızdır. Rusiyaya
sərmayə yatırılması davam etdiriləcək. Əlbəttə, biz həm də
Rusiyadan Azərbaycana daha çox sərmayə qoyulmasını görmək
istərdik.
- Siz dəfələrlə demisiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün əsas problemlərdən və
ağrılı mövzulardan biri olaraq qalır. Sizin fikrinizcə, son
vaxtlarda bu məsələnin həllinə nə dərəcədə yaxınlaşa
bilmisiniz?
- Təəssüf ki, burada danışıqlar prosesində uğurlar barədə danışa
bilmərik. Səbəb də kifayət qədər sadə və aydındır. Bizdə belə
təsəvvür yaranıb və özü də bu təsəvvür cəmiyyətdə artıq kifayət
qədər qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin
tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi saxlamaq istəyir.
Başqa sözlə, status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk
qrupunun həmsədrləri olan ölkələrin – Rusiyanın, ABŞ-ın və
Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo
qəbuledilməzdir, o, dəyişməlidir. Status-kvonun dəyişməsi
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Bu,
münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi postsovet
məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun
həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özü
də bir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin
işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb
olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə
yetirilmir.
Ermənistan həmin qətnamələrə sadəcə məhəl qoymur. Çünki bu
qətnamələrin reallaşdırılması mexanizmi yoxdur. Bu qətnamələr
münaqişənin tənzimlənməsinin əsasını təşkil etməlidir, çünki başqa
variant sadəcə mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tarixi
ərazisidir. Dağlıq Qarabağ ona görə “dağlıq” adlanır ki, Aran
Qarabağ da var. Qarabağ qədim Azərbaycan torpağıdır. Bu gün
Qarabağın bir hissəsi işğal altındadır. Özü də yalnız keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayəti hüdudlarında yox, həm də keçmiş DQMV
hüdudlarından kənarda yerləşən, erməni əhalinin, ümumiyyətlə,
olmadığı ərazilər də işğal edilib. Biz etnik təmizləməyə məruz
qalmışıq, bu gün ərazimizin xeyli hissəsi işğal altındadır.
Yəni, bu məsələnin həlli üçün hüquqi baza mövcuddur. Bu, BMT
Təhlükəsizlik Şurasının qətnamələridir. Tarixi baza mövcuddur. Ona
görə ki, “Qarabağ” sözünün özü Azərbaycan mənşəli sözdür, bu
regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı
məlumdur. Ermənistan isə öz hərəkətləri ilə danışıqlar prosesini
hər vasitə ilə pozmağa çalışır.
Deməliyəm ki, bu il əvvəlki illərdən danışıqlar prosesinin intensiv
xarakteri ilə fərqlənib. Bu il həm də onunla fərqlənib ki, Minsk
qrupunun həmsədrləri olan ölkələrin rəhbərləri danışıqlar
prosesində fəal iştirak ediblər, əvvəllər heç vaxt belə olmayıb.
Avqust ayında prezident Putin Soçidə Azərbaycan və Ermənistan
prezidentləri ilə görüş keçirdi. Sentyabr ayında ABŞ-ın dövlət
katibi Kerri bizimlə analoji görüş keçirdi, oktyabrın axırında isə
Fransa prezidenti Olland da Azərbaycan və Ermənistan
prezidentlərini Parisdə görüşə dəvət etdi və biz həm ikitərəfli,
həm də üçtərəfli diskussiyalar keçirdik. Müzakirə mövzuları
arasında münaqişənin tənzimlənməsi və danışıqlar prosesi ilə
yanaşı, etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində
insidentlərin azalması, tərəflərin bir-birinə daha çox etimad
göstərməsi məsələləri də vardı. Hər iki tərəf – həm erməni, həm də
Azərbaycan tərəfi Paris görüşünü müsbət qiymətləndirdi və bunu açıq
şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan
bizim ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər
keçirməyə başladı. Özü də onlar bu təlimləri Ermənistan və hətta
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında deyil,
Azərbaycanın Ağdam rayonunun ərazisində, bilavasitə təmas xətti
boyunca keçirirdilər. Ermənistanın özünün məlumatına görə, orada 47
min hərbi qulluqçu və minlərlə texnika növü iştirak edib. Sual
olunur: Parisdəki müsbət görüşdən dərhal sonra provokasiyalar
törətməyə nə lüzum vardı?! Üstəlik, həmin təlimlər keçirilən bir
neçə gün ərzində Azərbaycan təmkin və səbir nümayiş etdirmiş, buna
heç bir reaksiya verməmişdi. Görünür, erməni tərəfi bununla
kifayətlənməmiş və bizim mövqelərə Mi-24 döyüş helikopterləri ilə
hərbi hücum etməyə cəhd göstərmişdi. Helikopterlər praktiki olaraq
bizim qoşunların mövqelərinə hücum edəndə ordumuz onlardan birini
vurmağa məcbur oldu. Yəni, bu, bizi cavab tədbirlərinə təhrik etmək
və bununla da danışıqlar prosesini yenidən pozmaq üçün bundan bir
bəhanə kimi istifadə etmək məqsədilə şüurlu surətdə törədilən
fitnəkarlıq idi.
Zənnimcə, ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha
dəqiq münasibət bildirməli və onların belə hərəkətlərini pisləməli
idi. Lakin bu, baş vermədiyinə görə onlar bildiklərini edirlər.
Buna görə 2015-ci ildə tənzimləmənin perspektivləri bir neçə
amildən asılı olacaq və həmin amillərdən biri vasitəçilərin erməni
tərəfini buna inandırmağı bacarmalarıdır ki, münaqişənin
tənzimlənməsi onların da xeyrinədir.
- Ümumiyyətlə, Siz müasir münaqişələrin həllində beynəlxalq
təsisatların səmərəliliyi barədə nə düşünürsünüz?
- Mən buna o qədər də nikbin baxmıram və güman edirəm ki, belə
düşünən təkcə mən deyiləm. Dünyada baş verən hadisələr göstərir ki,
beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir,
həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20
ildən çoxdur ki, vasitəçi olduğu bizim məsələyə də aiddir. Bu,
BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Buna görə prinsip
etibarilə dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu,
çox narahatedici, təhlükəli meyildir. Hesab edirəm ki, dünyanın
aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə
bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət
göstərməklə. Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər
görülür – biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə
görmüşük. Ona görə də mövcud beynəlxalq əməkdaşlıq mexanizminin
qırılması sadəcə total hərc-mərcliyə gətirib çıxaracaq. İndi nə isə
təzə bir şey fikirləşib tapmaq çətindir, mövcud beynəlxalq
təsisatlarda islahatlar aparmaq daha çətindir, çünki bu istiqamətdə
məhdudiyyətlər vardır. Zənnimcə, indiki tarixi mərhələdə yeganə
məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür. Onlar ilk
növbədə, beynəlxalq hüququ pozmamalıdırlar. Onlar beynəlxalq hüququ
dəstəkləməlidirlər. Lakin təəssüf ki, çox vaxt belə olmur.
- Bu il biz dünya xəritəsində özünü “İraq-Şam İslam
Dövləti” adlandıran yeni bir terrorçu qurumun yaranmasını gördük.
Bu radikal islamçı qruplaşma get-gedə yeni əraziləri zəbt edir və
qonşularına hədə-qorxu gəlir. Deməliyik ki, bu hadisələr
Azərbaycandan o qədər də uzaqda baş vermir. Bu təcavüzkar və
yetərincə qətiyyətli fenomen barədə Siz nə
fikirləşirsiniz?
- Əvvələn, vəziyyəti düzgün qiymətləndirmək üçün bu qondarma
strukturun necə əmələ gəlməsini, haradan meydana çıxmasını dəqiq
başa düşmək lazımdır. Axı, o, başqa planetdən uçub gəlməyib. Bütün
bunlar ən azı son 10 ildə məhz Yaxın Şərqdə baş verən hadisələrin
nəticəsidir. Bu, Yaxın Şərqdə həyata keçirilən siyasətin bəhrəsi və
həmin siyasətin nəticəsidir. Bu, bir daha sübut edir ki, radikal,
fanatik qrupların dəstəklənməsi məsələlərində çox ehtiyatlı və
uzaqgörən olmaq lazımdır. Terrorçuları yaxşılara və pislərə bölmək
olmaz. Yəni, sənin düşməninə qarşı mübarizə aparan terrorçu yaxşı,
sənin özünə qarşı mübarizə aparan isə pis terrorçudur. Mənim
fikrimcə, öz həllini tapmalı olan başlıca məsələ budur. Bu məsələ
dünyanın aparıcı ölkələri tərəfindən həll edilməyincə, radikalizmə
və terrorizmə qarşı mübarizədə ümumi anlaşma olmayınca belə
vəziyyətlər daim yaranacaq.
Əlbəttə, deməzdim ki, bu, bizim üçün böyük təhlükədir. Amma təbii
ki, biz bu mövzunu izləməliyik. Bu, siz dediyiniz kimi, bizim
sərhədlərdən elə də uzaq deyil. Azərbaycanın daxildə radikalizm
mənbələri yoxdur. Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz
ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və
dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu
ilə yanaşma tələb edir. Eyni zamanda, Azərbaycan dünyəvi cəmiyyəti
olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir
dövlətdir. Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz
savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial
təhlükə ola bilməz. Lakin kənardan baxanda, əlbəttə, biz regionun
bir hissəsiyik, buna görə də Yaxın Şərqdə, sərhədlərimizin
ətrafında baş verən proseslər, təbii ki, bizi narahat edir. Ona
görə ki, bu, cəmiyyətdə ictimai şüura mənfi təsir göstərə bilər və
fiziki təhlükə ola bilər. Lakin bizim sərhədlərimiz etibarlı
qorunur.
- Sonda insanları hələ birləşdirə biləcək bir məsələ
barədə, idman haqda danışmağı təklif edirəm. Rusiyada bu il Qış
Olimpiadası keçirildi, Azərbaycan 2015-ci ildə Avropa Oyunlarına ev
sahibliyi edəcək. Siz bu bayrama necə hazırlaşırsınız?
- Əvvələn, fürsətdən istifadə edib rusiyalıları Soçidə Olimpiadanın
uğurlu keçirilməsi münasibətilə təbrik etmək istərdim. Mən Olimpiya
Oyunlarının açılışında oldum. Bu gözəl, möhtəşəm tamaşa həm
Rusiyanın gücünü, həm müasirliyini, həm inkişafını nümayiş
etdirirdi. Biz Rusiyanın uğurlarına, habelə rusiyalıların
qələbəsinə görə çox sevindik. Buna görə ikiqat təbrik edirəm.
Biz həm də Avropa Oyunlarına hazırlaşırıq. Bu Oyunlar ilk dəfə
keçiriləcək. Biz çox şadıq ki, Avropa Olimpiya Komitəsi bu hüququ
Azərbaycana etibar etdi. Avropa Oyunları heç vaxt keçirilməyib. Lap
əvvəldən, Oyunların Bakıda keçiriləcəyi haqda qərar qəbul edilən
vaxtdan biz bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları
səviyyəsində keçirməyi qərara aldıq.
Bu Oyunlar yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə
yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay
Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və
idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi
ki, bu miqdar kifayətdir. Bizim əsas çətinliyimiz ondan ibarət idi
ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz
vaxtı hədər yerə itirmədik. Yeni idman obyektləri tikilir və
əlbəttə, yeni nəqliyyat infrastrukturu yaradılır. Şəhərimiz bu
Oyunları gözləyir. Oyunlar yarım ildən sonra keçiriləcək. Bu, böyük
Avropa bayramı olacaq. Zənnimcə, Avropa Oyunlarının müsəlman
ölkəsində keçirilməsi müdrik qərardır. Bu, məhz sizinlə
danışdığımız mövzu – multikulturalizm, sivilizasiyaların və
mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik
qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik
Oyunları keçiriləcək. Yəni, iki il ərzində Azərbaycan həm Avropanı,
həm də islam dünyasını, arada isə “Formula-1” yarışlarını qəbul
edəcək. Yeri gəlmişkən, Soçidə bu yarışlar uğurla keçirildi. Bu
münasibətlə də sizi təbrik edirəm. Beləliklə, “Formula” yarışları
üçün əvvəlcə Soçi, ondan sonra isə Bakı yeni şəhər olacaq, necə ki,
Olimpiada. Buna görə fürsətdən istifadə edib rusiyalıları təkcə
Avropa Oyunlarına yox, ümumiyyətlə, Bakıya tez-tez gəlməyə dəvət
etmək istərdim.
- Azərbaycana və Azərbaycan atletlərinə qarşıdakı bütün
oyunlarda yeni qələbələr arzulayıram. Sağ olun.
-Sağ olun.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."