• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyə-Ermənistan sərhədi: Dağlıq Qarabağ gerçəyi və Qərbin israrları – TƏHLİL

  • Nida.az
  • 4 Dekabr 2014 11:03
  • 922 Baxış
Türkiyə-Ermənistan sərhədi: Dağlıq Qarabağ gerçəyi və Qərbin israrları – TƏHLİL

Noyabrın 22-23-də Ankara Universitetində Hrant Dink Vəqfinin təşkilatçılığı ilə “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviközün Türkiyə-Ermənistan sərhədlərinin açılmasının zəruriliyi barədə məqaləsi bu mövzunun yenidən aktuallaşmasına səbəb olub.

Son olaraq Roma Papasının Türkiyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini dilə gətirməsi Qərb güclərinin bu məsələnin reallaşdırmaqda nə qədər maraqlı olduğunu bir daha göstərdi.

Publika.az-ın verdiyi xəbərə görə, Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) Qafqaz üzrə eksperti Kamer Kasımın yazdığı məqalədə də mövzu ətrafında fikirlər yer alıb.

USAK-ın saytında dərc olunan məqaləni ixtisarla təqdim edirik.

Türkiyə-Ermənistan əlaqələri zaman-zaman müxtəlif platformalarda gündəmə gətirilib. Bağlı sərhədlər isə Türkiyə-Ermənistan münasibətlərindəki mövzulardan yalnız biridir. SSRİ-nin dağılmasından sonra Ermənistan müstəqillik qazansa da, iki ölkə arasında normal diplomatik əlaqələr qurulmayıb. Bunun səbəbi isə “soyqırım” iddialarının Ermənistan xarici siyasətinin əsas hədəflərindən biri olması və Türkiyənin ərazi bütövlüyünün İrəvan tərəfindən tanımamasıdır. Dağlıq Qarabağ problemi və Azərbaycan torpaqlarının işğalının davam etdirilməsi isə Türkiyə-Ermənistan sərhədinin bağlanmasına gətirib çıxarıb. Ermənistan Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində açıq şəkildə “Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınması üçün səyləri dəstəkləyəcək” deyilir. Bundan başqa, bəyannamədə Ermənistan-Türkiyə sərhədlərini müəyyənləşdirən Qars müqaviləsi ilə bağlı maddə də yer alıb. Ancaq bütün bunlara baxmayaraq, 1993-cü ildə Kəlbəcərin işğalına qədər iki ölkə arasındakı sərhədlər açıq idi. Türkiyə Ermənistanın işğal siyasətinin davam etdiyini və bu siyasətdə bir dəyişiklik olmayacağını anladığı üçün sərhədləri bağlayıb. Problem həll edilmədiyi üçün Türkiyə-Ermənistan sərhədi hələ də bağlıdır.

Sərhədin açılması üçün ABŞ və Avropa Birliyinin israrının səbəbləri

Ermənistanın az qala heç bir etiraz etmədən Rusiya hərbi qüvvələrinə ev sahibliyi etməsi və getdikcə güclənən Rusiya-Qərb qarşıdurmasında Rusiyanın yanında yer alması ABŞ və Avropa Birliyini narahat edir. Xüsusilə, ABŞ-dakı diaspor bu vəziyyətdən məmnun deyil. Türkiyə-Ermənistan sərhədinin açılacağı halda Ermənistanın Qərbə inteqrasiya ediləcəyi və Rusiyanın asılılığından xilas olacağı təxmin edilir. Bu arqumentin əsas zəifliyi isə odur ki, Ermənistan iqtisadiyyatının mövcud vəziyyəti sərhəd açılsa belə Türkiyə ilə ticarətdə əhəmiyyətli artıma imkan verməyəcək. Həmçinin, Rusiyanın enerji sektoru başda olmaqla Ermənistan iqtisadiyyatında əhəmiyyətli yer tutması da diqqətə alınmalıdır. Əslində, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra “Türkiyə-Ermənistan sərhədi açılsa, Rusiyanın Ermənistan üzərindəki təsiri azalar” yanaşması mənasını itirib.

Bir başqa iddiada isə deyilir ki, Türkiyə-Ermənistan sərhədi açılsa, “soyqırım” iddiaları məsələsində də müəyyən həllə çatmaq olar. Ancaq bu arqumentin də əsası yoxdur. Çünki Türkiyə-Ermənistan sərhədi açılsa və Türkiyə ilə Ermənistan müttəfiq olsa belə, erməni diasporu “soyqırım” iddiaları ilə əlaqədar fəaliyyətini eyni şəkildə davam etdirəcək. “Soyqırım” mövzusu Türkiyə-Ermənistan əlaqələrindən müstəqil şəkildə həyata keçirilir.

Türkiyə və Ermənistan arasında protokollar da məhz israrlı səylərin nəticəsində imzalanıb. Protokollarda Dağlıq Qarabağ problemindən bəhs edilməməsi və qüvvəyə mindikdən sonrakı 60 gün ərzində sərhədin açılacağının ifadə edilməsi Azərbaycanda narahatlıqla qarşılandı. Protokollarda tarix üzrə alt komissiyanın qurulması barədə maddənin də yer alması Ermənistan rəhbərliyini diasporun tənqidləri ilə üz-üzə qoydu. Protokolların qüvvəyə minməsi üçün isə onun Ermənistan Konstitusiyasına uyğun olması lazım idi. Ermənistan Konstitusiya Məhkəməsi protokolların Konstitusiyaya uyğun olduğunu elan etməsinə baxmayaraq, onu da bildirdi ki, Ermənistanın heç bir rəhbərliyi “soyqırım həqiqətini” şübhə altına ala bilməz. O halda isə tarix üzrə alt komissiyasının niyə qurulacağı ilə bağlı sualı yaranır.

Türkiyə Dağlıq Qarabağ problemi həll edilmədən sərhədi niyə açmamalıdır?

Sərhədləri bağlayan səbəb aradan qalxmadan Türkiyə sərhədi açmamalıdır. Problemin həllindən əvvəl belə bir addımın atılması Azərbaycanla əlaqələrdə təsiri uzun illər davam edəcək təxribata gətirib çıxaracaq. Bundan başqa, bölgə ölkələrində belə bir təəssürat yaranacaq ki, Türkiyə ən yaxın əlaqələrdə olduğu strateji ortağı ilə belə çox əhəmiyyətli bir məsələdə qərarlı davrana bilmir. Qarabağ problemi həll edilmədən sərhədin açılması Türkiyə üçün ciddi nüfuz itkisinə gətirib çıxara bilər.

Türkiyənin Ermənistan sərhədini Dağlıq Qarabağ problemi həll edilmədən açması həm etik, həm də real siyasi baxımından uyğun olmayacaq. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğala son qoyulmasını tələb edən qətnamələri var və onların icrası gözlənilir. Məsələyə real siyasi baxımdan yanaşdıqda isə görərik ki, sərhədin açılması ilə Türkiyənin əldə edə biləcəyi qazanc və itkilərin miqyasında ciddi fərq var. Dağlıq Qarabağ problemi həll edilmədən sərhədin açılması Azərbaycan ilə əlaqələri zədələyəcək. Azərbaycan 60 milyard dollar ümumi daxili məhsulu olan və “Star” neftayırma zavodu ilə Türkiyədə tək bir layihəyə ən çox pul yatıran ölkədir. İki ölkə arasında Bakı-Tiflis-Ceyhan neft boru xətti, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xətti ilə yanaşı, hələ də inşa olunan dəmir yolu layihəsi var. Bütün bunlarla yanaşı, TANAP layihəsi Türkiyə ilə Azərbaycan arasındakı bağları daha da gücləndirib. Bunların qarşılığında isə ümumi daxili məhsulun həcmi Azərbaycandan dəfələrlə az olan, iqtisadiyyatı üzərində Rusiyanın söz sahibi olduğu və bir enerji qaynağı olmayan Ermənistanın Türkiyəyə verə biləcəyi heç nə yoxdur.

Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və xüsusilə sərhəd qapısının açılması üçün Türkiyədə lobbiçilik edənlərin ortaya qoyduğu arqumentlər Ermənistanın iqtisadi gerçəkləri ilə uyğun gəlmir. Ermənistanın Qərbə yaxınlaşacağı düşüncəsi ilə bu ölkəyə maliyyə yardımı edən ölkələr də İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə bağlı seçimindən sonra səhv etdiklərini anlayıblar. Baxmayaraq ki, bunu hələ də etiraf etmirlər. Həmin ölkələrin vergi verən vətəndaşları işğalçı siyasətini dəyişdirməyən ölkəyə maliyyə yardımı edən hökumətlərindən hesabat tələb etməlidirlər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR