YAP-çı deputat ABŞ-ı ən böyük terrorçu dövlət adlandırdı
Bizi izləyin

Nida.az

YAP-çı deputat ABŞ-ı ən böyük terrorçu dövlət adlandırdı

124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputat, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə heyətinin, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin dekabrın 1-də keçirdiyi ənənəvi brifinqində Azərbaycandakı insan haqları barədə səsləndirdiyi bəyanata sərt münasibət bildirib.

YAP-çı deputat E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, Cen Psakinin Azərbaycan haqqında bu cür sözləri deməsi üçün son dərəcə həyasız və abırsız olmaq lazımdır: “ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan haqqında söylədikləri iftiradır. Axı nə üçün Azərbaycan haqqında belə bir fikirlər söyləyən bu qadın ölkəsində son 1 ildə baş verən hadisələrdən danışmır? Son bir ildə ABŞ-da 28 nəfər dinc insan polis tərəfindən küçənin ortasında güllələnib. Həmin insanların əksəriyyəti də irqi mənsubiyyətinə görə öldürülüb. Cen Psaki Azərbaycanda insan hüquqlarından danışarkən, utanıb ölmür? Nə üçün başqa ölkələrdə olmayan məsələdən danışa bilir, ancaq öz ölkəsində baş vermiş faktları gizlədir? Mən hər zaman demişəm ki, bu gün dünyada yeganə işğalçı, terrorçu, təxribatçı, müstəmləkəçi və pozucu işlərlə məşğul olan dövlət var, bu da ABŞ-dır. Fikir versəniz görərsiniz ki, ABŞ-ın ayağı hansı regiona və ölkəyə dəyirsə, hansı dövlətin daxili işlərinə qarışırsa, həmin dövlət qan çanağına dönür, həmin ölkədə qan su yerinə axır, on minlərlə günahsız insanlar öldürülür. Mən hələ bir neçə il bundan əvvəl Brüsseldə NATO-nun Baş Qərargahında keçirilən bir tədbirdə də ABŞ-ın terrorçu siyasəti ilə bağlı fikirlərimi açıq şəkildə bəyan etmişdim. O vaxt demişdim ki, vaxtilə ABŞ Əfqanıstana guya terrorçu Üsamə bin Ladeni tapmağa getmişdi. Ancaq Əfqanıstana gedən kimi, oranı darmadağın etdilər. Sonra ABŞ dedi ki, Üsamə bin Laden İraqdadır və burada kimyəvi silah da var. Gəlib İraqı da viran qoydular. Axı bunların cəzası nə olacaq? Niyə bu dövlətlər dünyada terrorçuluqla məşğul olurlar? Kökünü araşdırsaq görərik ki, Əl-Qaidə, İŞİD və digər böyük terror təşkilatlarının hamısını ABŞ yaradıb. Dünyanın ən məşhur terrorçularını da ABŞ yetişdirib. Birləşmiş Ştatların yeganə məqsədi odur ki, dünyada ona tabe olmayan və dediyi ilə oturub-durmayan dövlətlərin daxilində kütləvi iğtişaşlar yaratmaq, çaxnaşma salmaq, bütün varı-dövlətini mənimsəmək, günahsız insanlarını qırğına verməkdir. Məhz budur ABŞ-ın siyasəti. Mən bu gün dünyanın ən böyük müstəmləkəçi, işğalçı və terrorçu dövləti də ABŞ-ı görürəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm