Papanın “ilahi gedişi”: Məxfi məktub və ya Vatikan nədən Bakıya qarşıdır? – TƏHLİL
Bizi izləyin

Nida.az

Papanın “ilahi gedişi”: Məxfi məktub və ya Vatikan nədən Bakıya qarşıdır? – TƏHLİL

Roma Papası Fransiskinin Türkiyə səfəri çərçivəsində Ankaraya Ermənistanla sərhədləri açmaqla bağlı etdiyi çağırış bütün səfərin əsas xəttini təşkil edirdi. Əslində Vatikan liderinin ahıl çağında uzun yola çıxması mühüm məsələlərlə bağlı olmalı idi. Ən böyük ehtimal kimi Yaxın Şərqdə İŞİD faktoru dəyərləndirilə, Ankaradan problemin həllinə və regiondakı xristianların təhlükəsizliyinə yardım etmək istənilə bilərdi. Lakin Papa “sərhəd arzusu” ilə səfərin alt qatındakı məramı açıqladı.

Bu, uzun zaman Qərbin Türkiyəyə qarşı davam edən təzyiq dalğasının bir hissəsidir. Bu dalğa birbaşa Azərbaycana da toxunur. Ümumi mənzərədə hər iki dövlət ermənisevərlərin təzyiqləri ilə qarşı-qarşıya qalıb və artıq bunun adi hal aldığını demək olar. Bu günə qədər tərəflər çətin və ya asan başa gəlməsindən asılı olmayaraq bu təzyiq dalğasının qarşısında duruş gətirə biliblər. Lakin geosiyasi mənzərədə tarazlıq pozulur və göründüyü kimi araya din amili də daxil edilir.

Vatikan liderinin bir sərhədə görə Ankaraya qədər yol biçməsinin arxasında dayanan amillər kifayət qədər ciddidir. Papanın “sərhəd arzusu”nun arxasındakı məqamlar:

a) Xristian təəssübkeşliyi
b) Papanın erməni lobbisi ilə münasibətləri
c) Ermənistanı Rusiya caynağından qurtarmaq istəyi


Dünyaya hökm oxuyan Qərb siyasətində xristian təəssübkeşliyi əsas elementlərdən biri olub. Dağlıq Qarabağ münaqişəsində sərgilənən ikili yanaşma siyasətinin arxasında bir çox hallarda bu amil dayanır. Azərbaycan yüksək səviyyədə bu məsələni dəfələrlə dilə gətirib.
Xristian təəssübkeşliyinin konkret Ermənistanla bağlılığını Roma Papası II İohan Pavelin 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktubu göstərir. II İohan ermənilərin yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və yazırdı: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.
“Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr...faktlar...” kitabında qeyd edilir ki, Roma Papası “din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalıda azərbaycanlıları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edi.

Məxfi məktubun göndərilməsindən 11 il keçir və Papa İrəvana gəlir. O, Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarına gül düzür. Halbuki İrəvana səfərindən bir il öncə Azərbaycana gəlmiş Papa eyni mövqeyi Bakıda sərgiləmir. Təkcə “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətlənir.

Fransiskin sələfləri kimi erməni sevgisinə daha bir element əlavə edilə bilər. Söhbət onun doğulub böyüdüyü Argentina və bu ölkədə güclü dayaqlara malik erməni lobbisindən gedir. Papanın həyatında bu məsələ güman ki, təsirsiz ötüşməyib. Onun 2010-cu ildə argentinalı ravvin Avraam Skorka ilə birlikdə yazdığı “Cənnətdə və dünyada” (Sobre el Cielo y la Tierra) adlı kitabında qondarma “erməni soyqırımı”ndan sevgi ilə bəhs etməsi də təsadüfi deyil. Kitabın dinlər hissəsində türklərin və almanların özlərini tanrı kimi gördüyünü iddia edən yazıçı türkləri nasitslərlə müqayisə edib.

“XX əsrdə özlərini tanrılar kimi görənlər bütün kəndləri yerlə bir ediblər. Türklər ermənilərə, nasistlər də yəhudilərə qarşı. İnsanları öldürmək üçün ilahi xüsusiyyətlərə istinad edən ifadələrdən istifadə etdilər”, - deyə Papa kitabında qeyd edib.

Fransisk hələ Buenos Ayres kardinalı olduğu 2006-cı ildə bu şəhərdə keçirilən 24 aprel qondarma “erməni soyqırımı” ilə bağlı tədbirə aparıcılıq edib və Türkiyəyə müraciət edərək qeyd-şərtsiz “erməni soyqırımını” qəbul etməyə çağırıb.

“Ermənistanı Rusiya caynağından qurtarmaq istəyi” Ukrayna böhranından sonra yaşanan Qərb-Rusiya qarşıdurmasında əsas xətlərdən biridir. Ümumi mənzərədə Cənubi Qafqaz xəritəsinə nəzarət uğrunda gedən savaşda tərəflərin hər biri bölgəni bütöv ələ keçirmək istəyir. Qərbin Ankaraya “sərhədləri aç” çağırışının arxasında da məhz bu dayanır.

Vaxtilə sərhəd məsələsi gündəmə gələndə Türkiyə və Azərbaycan ictimaiyyəti buna sərt təpki göstərdi və məsələ təxirə salındı. Lakin Qərb öz istəyindən əl çəkmək istəmir. Görünür, bu dəfə işə Vatikan qoşulub. Təbii ki, bu, səbəbsiz deyil. Tarixi dövlətçilik kökləri olmayan ermənilər üçün kilsə əsas dayaq və idarəçilik mərkəzi olub. Təsadüfi deyil ki, tarix boyu erməni keşişlər dini məsələlərdən çox milli məsələlərin təbliğinə üstünlük veriblər. Vaxtilə Türkiyənin Van və Ərzurumda Rusiyanın Baş konsulu olmuş general Mayevski yazırdı: “Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması sahəsində çox böyük xidmətləri var”.

Yəni, bu gün Ermənistanda kilsənin gücü hələ də qalır. Erməni kilsəsi ölkənin siyasi partiyaları ilə sıx şəkildə işləyir, siyasətçilər bir çox fəaliyyəti onunla razılaşdırırlar. Görünür, Avrasiya İttifaqı yolunu seçmiş İrəvan rejimindən əlini üzən Qərb Vatikanın əli ilə Ermənistanı kilsə üzərindən ələ keçirmək niyyətindədir.

Burda Vatikanın öz maraqları var. Tarix boyu pravoslavlarla daim münaqişədə olan katoliklərin ən böyük arzusu xristianlıq üzərində tam ağalığa sahib olmaqdır. Lakin bu yolda ona ən böyük maneə pravoslavlıq olub. Bu gün pravoslavlığın ən böyük gücü Rusiyadadır. Rus Pravoslav Kiləsi bölgənin idarə olunmasında dini gücünü dövlət siyasəti üçün sərf edir. Həmçinin, İrəvana güclü təsiri olan Rusiyanın Pravoslav Kilsəsi Erməni Qriqorian Kilsəsi ilə ciddi bağlara malikdir.

Lakin bütün dövrlərdə Qriqorian Kilsəsi müstəqilliyə can atıb. Ümumi müstəvi xristianlıq olsa da, qriqorianlar katoliklərdən də, pravoslavlardan da fərqlənir. Vatikan Qərbin Rusiyaya qarşı siyasətində yer almaqla bir növ qriqorian “dindaşlarını” ələ almaq məqsədi tutur. Əgər bu baş tutarsa, Vatikan Ermənistanla yanaşı, Türkiyə, Livan, Suriya, Ukrayna, Rusiya, İsrail, İordaniya və post-sovet məkanında müxtəlif yerlərində olan qriqorian icmalarına da nəzarəti təmin edə bilər. Bunun üçün İrəvanın Moskva asılılığından qurtuluşu, Vatikan yanaşmasına görə pravoslavlığın bu ölkədəki təsirlərini yox etmək lazımdır. Qərbli siyasətçilərin yanaşmasına görə, bunun tək yolu Ermənistan-Türkiyə sərhədlərinin açılışı və İrəvanın Qərbə çıxışını təmin etməkdən keçir. Halbuki, rəsmi Bakı İrəvana dəfələrlə torpaqların azad edilməsinin onlar üçün həm sərhəd açılışına, həm də regiondakı beynəlxalq layihələrdə iştirak etməyə imkan yaradacağını deyib. İrəvan razılaşmır, görünür, bu etirazın arxasında Qərbin Türkiyəni sərhədin açılmasına məcbur edəcəyinə dair verdiyi sözün də rolu var.

Ankara səfərindən sonra İrəvana gedəcəyi deyilən Papanın yol üstündə “sərhəd arzusu”nu dilə gətirməsi də onun qriqorianlarla daha yaxşı əhval-ruhiyyədə danışmağına hesablanıb.


Burda diqqətçəkən daha bir məqam rəsmi Ankaranın Papanın bu arzusuna reaksiya verməməsidir. Lakin qapalı danışıqlarda bu məsələnin müzakirə olunduğu əsas ehtimallardan biridir. Hesab etmək olar ki, Türkiyəni daha güclü təzyiqlə sıxırlar. Xüsusilə qondarma “erməni soyqırımı”nın qarşıdan gələn 100 illiyi ərəfəsində Ankaranın qarşısına şərtlər qoyulub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm