Nida.az
Mehriban Əliyeva: "Bakı bütün Avropanı qəbul etməyə hazırdır" - FOTOLAR
Aprelin 10-da Moskvada Azərbaycanda keçiriləcək
“Bakı–2015” birinci Avropa Oyunlarının təqdimatı olub.
Publika.az-ın AZƏRTAC-a istinadən verdiyi
məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı, ilk Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak
edib.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Ukrayna”
mehmanxanasının Konqres mərkəzinə gəldilər.
Heydər Əliyev Fondu və Azərbaycanın Rusiya Federasiyasındakı
səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Rusiyanın
ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin
nümayəndələri, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqlar
iştirak ediblər.
Qonaqlar əvvəlcə “Bakı–2015” birinci Avropa Oyunlarına həsr
edilmiş sərgiyə baxdılar. Tədbirin iştirakçılarına Heydər Əliyev
Fondu tərəfindən Azərbaycan haqqında hazırlanmış müxtəlif nəşrlər,
o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim
edildi.
Tədbirin aparan məşhur televiziya və radio verilişlərinin
aparıcısı Dmitri Şepelev vurğuladı ki, Bakıda birinci Avropa
Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun
göstəricisidir. Öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə
diqqəti cəlb edən bu hadisə həm də son illərdə Azərbaycanın idman
sahəsində qazandığı uğurlara dəlalət edir.
Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi: "Yenidən
Moskvada - gəncliyimin, tələbəlik illərimin keçdiyi və çox işıqlı
xatirələrimin bağlı olduğu şəhərdə olmağıma çox şadam. Mənə çox
yaxın və mehriban insanların əhatəsində olmaq ikiqat xoşdur. Sizi
ürəkdən salamlamaq və bu axşamı bizimlə birlikdə keçirdiyinizə görə
dərin minnətdarlığımı bildirmək istəyirəm.
Bizim görüşümüz bu ilin yayında Azərbaycanın paytaxtı Bakı
şəhərində keçiriləcək birinci Avropa Oyunlarına həsr edilib. Biz
Avropanın iri paytaxt şəhərləri Roma, London, Paris, Afina, Ankara
və Berlində Oyunların təqdimat mərasimlərini keçirmişik. Mən
xoşbəxtəm ki, bu gün biz bu Oyunlar barədə dost Rusiyanın paytaxtı
Moskva şəhərində danışacağıq".
Mehriban Əliyeva bildirib ki, Azərbaycan ilə Rusiya arasında
münasibətlər möhkəm tarixi təmələ əsaslanır: "Onilliklər boyu
xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bağlayır. Bu
əlaqələr ikitərəfli siyasi, iqtisadi və dövləti münasibətlər üçün
çox əlverişli şərait yaradıb. Biz Azərbaycanda ənənələrə çox hörmət
bəsləyir və tarixi keçmişə qayğı ilə yanaşırıq. Hesab edirik ki,
bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə
əsaslanan səmimi, mehriban qonşuluq münasibətlərinin nümunəsidir.
Bizim əməkdaşlığımız ictimai həyatın bütün sferalarını – həm
siyasi, həm iqtisadi, həm də humanitar sahələri əhatə edir. 2013-cü
ilin yayında Rusiya Federasiyasının Prezidenti cənab Putinin
Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına güclü təkan
verib. Görkəmli siyasi və ictimai xadimlərin başçılığı ilə
hökumətləri, parlamentləri, ictimai təşkilatları təmsil edən
nümayəndə heyətlərinin müntəzəm keçirilən qarşılıqlı səfərləri
yaxşı bir ənənəyə çevrilib və heç şübhəsiz, bu cür səfərlər
ölkələrimiz arasında mövcud dostluq əlaqələrini
möhkəmləndirir.
Mən, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin
başda olmaqla bu gün bu zalda olan, Rusiya hökumətini,
parlamentini, Olimpiya Komitəsini təmsil edən ali qonaqları ürəkdən
salamlamaq, sizə dərin hörmətimi və minnətdarlığımı bildirmək
istəyirəm ki, Siz ölkələrimiz arasında qardaşlıq münasibətlərinin
möhkəmlənməsinə çox böyük töhfə verirsiniz və Azərbaycanın əsl
dostlarısınız".
Birinci xanımın sözlərinə görə, iqtisadiyyatda elə ənənəvi
sahələr var ki, orada ölkələrimiz arasında əməkdaşlıq və
tərəfdaşlıq çox uğurludur: "Buraya energetika sektoru, nəqliyyat,
maşınqayırma, kənd təsərrüfatı, informasiya və kommunikasiya
texnologiyaları aiddir. Azərbaycan ilə Rusiya arasında əmtəə
dövriyyəsinin həcmi dörd milyard ABŞ dollarına yaxındır. Rusiya
Azərbaycanın ümumi idxalında aparıcı yerlərdən birini tutur və
iqtisadi əlaqələrin genişlənməsi meyli, heç şübhəsiz, çox müsbət
amildir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla
əməkdaşlıq edir. Bir sıra məsələlərdə ölkələrimizin mövqeləri
üst-üstə düşür. Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsini dəstəkləmiş 155 dövlətdən biri olub.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti
tam tərkibdə Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum
edilməsinin və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq
olunmasının əleyhinə səs verib.
Bizim humanitar əlaqələrimizi xüsusi qeyd etmək istəyirəm. Ona
görə ki, mədəniyyət, humanitar əlaqələr insanlar və xalqlar
arasında ünsiyyətin əsasıdır. Azərbaycan dövlət müstəqilliyini
bərpa edəndən sonra respublikada rus dilində təhsil tam həcmdə
qorunub saxlanıb. Ölkədə təhsilin rus dilində aparıldığı 300-dən
çox məktəb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus
Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin filialı fəaliyyət göstərir. Fakültələrinin sayı
artmaqda olan bu filial Azərbaycanda aparıcı təhsil ocaqlarından
birinə çevrilib. İki dövlətin prezidentlərinin təşəbbüsü ilə hər il
keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkələrimiz arasında
humanitar əlaqələrin inkişafının parlaq göstəricisidir. Bu forumda
Azərbaycan və Rusiyanın görkəmli siyasi xadimləri, ekspertlər, elmi
və yaradıcı ziyalıların nümayəndələri iştirak edirlər. Azərbaycanda
keçirilən musiqi festivalları, məsələn, Rostropoviç adına festival
və Qəbələ festivalı Rusiyanın görkəmli, dünya şöhrətli
musiqiçilərinin və aparıcı kollektivlərinin çıxış etdiyi ənənəvi
platformaya çevrilib.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyini ayrıca qeyd etmək
istərdim. Bu təşkilat nisbətən yaxın vaxtlarda yaradılıb. Lakin bu
təşkilat Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri sıx
birləşdirib və onların Rusiya cəmiyyətinə inteqrasiyası prosesinə
kömək edir.
İdman sahəsində, Olimpiya hərəkatında bizim çox yaxşı
tərəfdaşlıq əlaqələrimiz var. Fürsətdən istifadə edib sizi 2014-cü
ildə Soçidə çox parlaq şəkildə təşkil edilmiş və keçirilmiş Qış
Olimpiya Oyunları və əlbəttə, rusiyalı idmançıların yüksək
nəticələr göstərərək, komanda hesabında birinci yeri tutmaları
münasibətilə bir daha təbrik etmək istərdim. Həmin Oyunları həm də
ona görə böyük maraqla izləyirdik ki, biz də tezliklə bu cür
genişmiqyaslı və mühüm idman tədbirini təşkil etməli və ona ev
sahibliyi etməli idik".
Mehdriban Əliyeva bildirib ki, bu gün Azərbaycanda idmanın,
olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin
prioritetlərindən biridir: "Biz müstəqil dövlət kimi 1996-cı ildən
Olimpiya Oyunlarında iştirak edirik və atletlərimizin göstərdiyi
nəticələrlə haqlı olaraq fəxr edirik. Londonda keçirilmiş sonuncu
Yay Olimpiadasında bizim komanda 10 medal, o cümlədən iki qızıl
medal qazanıb və Avropa ölkələri arasında 12-ci, bütün iştirakçılar
arasında 30-cu yeri tutub. Keçən il Çində yeniyetmələr arasında
keçirilmiş Olimpiya Oyunlarında bizim komanda, gənc atletlərimiz 12
medal, o cümlədən 5 qızıl medal qazanaraq 200-ə yaxın iştirakçı
komanda arasında onuncu yeri tutub.
Azərbaycanda idman infrastrukturunun qurulmasına və
modernləşdirilməsinə böyük diqqət yetirilir. Son 10 ildə ölkədə
40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib. Təbii ki, bunun
nəticəsində idmanla məşğul olan, idmanı özünün peşəkar fəaliyyəti
kimi seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında gözəl
perspektivlər və imkanlar açılır.
Bizim ölkədə iri beynəlxalq idman tədbirlərinin keçirilməsi
sahəsində yaxşı təcrübə toplanıb. Bakıda müntəzəm olaraq idmanın
müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Bu
tədbirlərin təşkilinin yüksək səviyyədə olması həm idmançılar, həm
də nümayəndə heyətlərinin üzvləri tərəfindən qeyd edilir.
Bir sözlə, bütün bu amillər və idmançılarımızın uğurları, idmana
dövlət tərəfindən göstərilən güclü dəstək, müasir idman
infrastrukturu və əlbəttə, ölkəmizin sürətli inkişafı Avropa
Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Azərbaycanın
paytaxtı Bakıda keçirilməsi haqda qəbul etdiyi qərarın əsasını
təşkil edib. Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq.
Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və
onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Oyunlarda
6 mindən çox atlet iştirak edəcək. Onlar 16-sı Olimpiya idman
növləri olmaqla 20 idman növündə yarışacaqlar. Təbii ki, Bakı
Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən
edəcək. Oyunlara hazırlaşmaq üçün bizə cəmi iki il yarım vaxt
ayrılmasına baxmayaraq, biz bu Oyunları Yay Olimpiya Oyunları
səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi
bunun üçün zəruri olan bütün işləri görür. Biz beynəlxalq idman
təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar
ilə əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyirlər.
Azərbaycanda minlərlə gənc bu Oyunlarda könüllü olmaq arzusunu
bildirib. Bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb
və Oyunların iyunun 12-də keçiriləcək açılışına qədər nəzərdə
tutulan bütün 35 test tədbiri keçiriləcək. Biz Atletlər Kəndi ilə
haqlı olaraq fəxr edirik. Əminəm ki, rusiyalı idmançılar bu kənddə
yaşamaqdan böyük məmnunluq duyacaqlar. Çünki biz həm yarışlara
hazırlaşmaq, həm də istirahət üçün maksimum rahat şərait yaratmağa
çalışmışıq. Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi
olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya
standartlarına uyğundur. Oyunları mindən çox yerli və xarici
reportyor işıqlandıracaq, 50-dən çox şirkət Oyunların 100-dən artıq
ölkədə yayımlanmasını təmin edəcək.
Əlbəttə, biz birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə
kimi istəyirik ki, qonaqlarımız bizim ölkəmiz – Azərbaycan haqqında
daha çox məlumat əldə etsinlər. Azərbaycan müstəqil dövlət kimi
gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti
var. Bildiyiniz kimi, bizim paytaxtımız Bakı şəhəri Böyük İpək Yolu
üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra
mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox
geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq
ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc
diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər. İndi,
Oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bizim bütün
komandamız öz səylərini hazırlıq işlərinin finalı üzərində
cəmləşdirib. Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün
Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram –
sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci
Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət
ruhunda keçəcək.
Əziz dostlar, fürsətdən istifadə edib sizin hamınızı Bakıya
gəlməyə, bu Oyunlarda iştiraka dəvət etmək istəyirəm. Gəlin,
idmançılarımıza, komandalarımıza birlikdə azarkeşlik edək.
Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı
bildirmək istəyirəm. Sağ olun".
Sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov
çıxış etdi. O vurğuladı ki, Avropa Olimpiya Komitəsi mühüm və
düzgün qərar qəbul edib – Avropaya öz Oyunları lazım idi.
A.Jukov dedi: “Çox yaxşı haldır ki, bu birinci Avropa Oyunları
möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana həvalə edilib. Bu,
həqiqətən çox düzgün qərardır. Biz Azərbaycanda idmanı necə
sevdiklərini bilirik. Onu da bilirik ki, Bakı çoxsaylı iri
yarışları parlaq səviyyədə keçirib, bu sahədə çox böyük təcrübəsi
var”.
Rusiya Olimpiya Komitəsinin rəhbəri bildirdi ki, Bakı gözəl,
möhtəşəm şəhər olmaqla bərabər, həm də idman şəhəridir. A.Jukov
vurğuladı: “Mən əsla şübhə etmirəm ki, Bakı bu Oyunları parlaq
səviyyədə keçirəcək”.
Rusiya Olimpiya Komitəsinin prezidenti qeyd etdi ki, onun ölkəsi
qarşıdakı Avropa Oyunlarına çox ciddi münasibət bəsləyir. Rusiya
komandasının tərkibində ən güclü idmançılar olacaq.
Aleksandr Jukov dedi: “Bizim yaxşı bir ənənəmiz var – Rusiya
Komandası Evi yaratmaq ənənəsi. Biz Bakıda da belə bir ev yaratmaq
istəyirik. Orada bizim müştərək idman tariximiz nümayiş
etdiriləcək. Bu, həm Bakı sakinləri, həm də Oyunlara gələnlər -
xarici turistlər, əcnəbi azarkeşlər, bizim Rusiya komandasının
azarkeşləri üçün çox maraqlı olacaq. Həm Təşkilat Komitəsinə, həm
də Avropanın ən yaxşı idmançılarını Bakıda qəbul edəcək hər kəsə
uğurlar arzulamaq istərdim”.
Sonra mərasim iştirakçıları “Bakı–2015” birinci Avropa Oyunlarına həsr edilmiş filmə baxdılar. Filmdə “Bakı–2015” Oyunlarına hazırlıq işləri, Azərbaycanın paytaxtında yarışlar ilə əlaqədar həyata keçirilən mühüm layihələr əks olunub.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ