• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Aqil Abbas: “Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar heç nəyə nail ola bilməyəcək”

  • Nida.az
  • 16 May 2015 11:59
  • 306 Baxış
Aqil Abbas: “Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar heç nəyə nail ola bilməyəcək”

“Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar heç bir nəticəyə nail ola bilməyəcək”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Onun sözlərinə görə, həmin dairələr və şəxslər bir neçə il öncə Bakıda keçirilən “Eurovision” yarışması ərəfəsində də Azərbaycana qarşı kampaniyalar aparıblar, ancaq həmin vaxtı da onlar heç bir nəticə əldə edə bilməyiblər:

“Bu yaxınlarda Soçidə keçirilmiş olimpiya oyunları zamanı da Rusiyaya qarşı boykot çağırışlar edilirdi. Ancaq onlar heç nəyə nail ola bilmədilər. Avropada 5-6 nəfər işdən çıxmış keçmiş deputat insan haqları adı altında qeyri-hökumət təşkilatı yaradaraq Azərbaycana qarşı kampaniya aparmaqla heç bir şeyə nail ola bilməz. Onların heç buna gücləri də çatmaz. Sadəcə ürək bulandıra bilərlər. Görkəmli şairimiz Səməd Vurğunun çox gözəl misrası var. Deyir ki, ağılsız köpəklər ulduza hürər. Yəni, milçək özü bir şey deyil, ancaq ürək bulandırır. İndi bunların da hərəkətləri bu cürdür. Problemlər hər bir dövlətdə var, o cümlədən Azərbaycanda. Biz gənc dövlətik, bir milyona yaxın qaçqınımız var, işğala məruz qalmışıq. Bütün bunlara baxmayaraq, bizə qarşı təzyiqlər mövcuddur. Təbii ki, içimizdə ilana zəhər verən kərtənkələlər də var.

Kimsə iqtidarı sevməyə bilər, dövlət və millət ki, hamımızındır. Əgər sən normal müxalifətsənsə, o zaman iqtidarla mübarizəni sağlam formada apar, seçicini öz tərəfinə çək, seçkilərdə qalib ol və gəl hakimiyyətə. Buna görə kim sənə nəsə deyir? Yoxsa ki, gedib Avropada, ABŞ-da özünə dayaq axtarmaq, onları üstümüzə qaldırmaq və s. şərəfli hərəkət deyil. Mən bu cür hərəkətləri başa düşə bilmirəm. Bir neçə il öncə həmin müxalifət dediyimiz dairənin bir neçə üzvü xaricdə Azərbaycan nümayəndələri çıxış edən zaman onlara arxa çevirərək guya etiraz etmişdilər. Bu cür hərəkətlərə necə haqq qazandırmaq olar? Belə etiraz olar? Bu mədəniyyətsizlik və tərbiyəsizlikdir”.

Deputat dünya birliyini də Azərbaycana qarşı ikili standartlar və ədalətsiz mövqe nümayiş etdirməkdə günahlandırıb: “Mənim hazırda 62 yaşım var, dünyanın bütün beynəlxalq təşkilatlarının fəaliyyətindən xəbərdaram, siyasətə də azdan-çoxdan bələdəm. Mən dünyada insan hüquqlarını müdafiə edən hər hansı təşkilat tanımıram. Həmin təşkilatlar yalnız mənafeləri qoruyurlar. İnsan haqları başqa məsələdir, mənafelər isə tamam başqadır. Həmin təşkilatların kimlərinsə mənafelərini qorumaq üçün kimlərəsə zərbə vurmağa çalışırlar. Azərbaycanda, İraqda, Suriyada, Yəməndə və digər ölkələrdə milyonlarla insanın hüquqları kobud şəkildə tapdalanır. Heç bu insanların hüquqlarının necə qorunmasından danışan yoxdur.

Azərbaycanda kimsə hər hansı cinayət əməlinə görə həbs olunursa, Avropa dərhal onun müdafiəsinə qalxır. İndiyədək Azərbaycanda kimi siyasi fəaliyyətinə görə tutublar? Kimsə vergidən yayındığına görə, dələduzluq və dava etdiyinə görə həbs olunub. Bu baxımdan da hesab edirəm ki, bütün bunların hamısı oyundur. Bu oyunlarla da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Kimlərsə bizim ruhumuzu sındırmağa çalışır. Siz düşünün, bu gün Qərb üçün 3 “düşmən” mövcuddur. Bunlar Rusiya, Türkiyə və Azərbaycandır. Rusiya ilə Ukrayna məsələsinə görə, Türkiyə və Azərbaycanla isə türk dövlətləri olduğu üçün düşmənçilik nümayiş etdirilir. Yəni, onlar baxıb görürlər ki, iki türk dövləti gündən-günə sürətlə inkişaf edir, güclənir. Dünya da Azərbaycan və Türkiyənin güclənməsinin qarşısını almağa çalışır. Bu gün Azərbaycan və Türkiyə müstəqil siyasət yürüdür və sürətlə inkişaf edir, heç kəs də bunun qarşısını ala bilmir. Yəni, kiminsə sözü ilə oturub durmuruq. Ona görə də Türkiyə və Azərbaycana qarşı təzyiqlər var”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR