“Azərbaycanda I Avropa Siyasi Oyunları deyil, I Avropa Oyunları təşkil edilir” - BƏYANAT
Bizi izləyin

Nida.az

“Azərbaycanda I Avropa Siyasi Oyunları deyil, I Avropa Oyunları təşkil edilir” - BƏYANAT

Azərbaycan Milli QHT Forumu birinci Avropa Oyunları ilə bağlı bəyanat yayıb.

Milli QHT Forumundan Publika.az-a daxil olan bəyanatın mətnində bildirilir ki, milyonlarla tamaşaçının ekran önündə və canlı olaraq izləyəcəyi, yeni adlar, yeni nəticələrlə yadda qalacaq, tarixdə ilk dəfə keçiriləcək möhtəşəm idman bayramı “Bakı-2015” – I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır.

“Ölkəmizə gələcək idmançılar, jurnalistlər və turistlər üçün mümkün olan hər cür şərait yaradılıb – 5-6 ilin işi 2 il müddətində gerçəkləşdirilib. Gələnlər Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın qonaqpərvərliyi, Şərq və Qərb harmoniyasını təcəssüm etdirən mədəniyyətimiz barədə dolğun məlumatlar alacaq, Azərbaycan həqiqətlərinə özləri şahid olacaqlar”, bəynatda deyilir.

Sənəddə qeyd edilir ki, “Bakı-2015” Oyunları zamanı ərazilərimizin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərimiz, xalqımıza qarşı törədilmiş soyqırım aktları və elan olunmamış müharibənin doğurduğu digər üzüntülər haqqında da dünya ictimaiyyətinə geniş məlumatlar çatdırmaq imkanları yaranacaqdır. Məhz buna görə, möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır. Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da “sistem”ləşir, intensivləşir.

“Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının bölgədə və dünyada sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, respublikamızın artan nüfuzunu zədələməyə uğursuz cəhd göstərirlər.

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “OpenDemocracy” portalında yayılmış ortaq məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribat cəhdidir. Belə ki, BMT Baş Məclisinin 69-cu sessiyasında (31 oktyabr 2014-cü il) qəbul edilmiş A/RES/69/6 saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı Qətnamədə Avropa Oyunlarının əhəmiyyəti xüsusi olaraq vurğulanır, bu şəxslərin Avropa Oyunlarına qarşı təxribat xarakterli cəhdləri də məhz beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyət kimi dəyərləndirilə bilər.

İnsan haqlarının müdafiəsindən danışdıqları halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində adi insan hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə belə cəsarət tapmırlar.

Sanki idmançıların son məşqləri gedərkən siyasiləşmiş “hüquq müdafiəçi”lərinin də son oyunlarını izləməkdəyik...”

Bəyanat müəllifi qeyd edir ki, Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edənlər Azərbaycanda I Avropa Siyasi Oyunlarını deyil, I Avropa Oyunlarını təşkil edildiyini unutmasınlar:

“Əgər siyasi meydan axtarırlarsa, maraqlı dairələrə xatırlatmaq istərdik ki, onu Avropa İttifaqı Şərq tərəfdaşlığı siyasətinə zidd olaraq bizim ölkədə axtarmasınlar”.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına laqeyd qalan, Ermənistan tərəfindən girov götürülərək işgəncələrə məruz qalan, qanunsuz mühakimə edilən vətəndaşlarımızın müdafiəsi üçün indiyə qədər bir kəlmə də danışmayan bəzi beynəlxalq “hüquq-müdafiəçiləri”nin bu cür məsuliyyətsiz çağırışlar etməyə mənəvi və hüquqi haqqı yoxdur.

“Yaxşı olardı ki, Azərbaycan Milli QHT Forumunun yarandığı gündən əməkdaşlıq etdiyi və bundan sonra da əməkdaşlığa açıq olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumlar öz əməkdaşlarının çağırışlarına münasibət bildirsin.

Sıralarında 656 QHT-ni birləşdirən Milli QHT Forumu bir daha bəyan edir ki, Azərbaycan söz və mətbuat azadlığı, ümumən insan hüquqları, demokratiya sahəsində öz üzərinə könüllü götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyəti institutlarının inkişafı səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər. Respublikamızın yolu irəliyə, tərəqqi və inkişafa doğrudur və bizi bu yoldan heç nə, heç kim saxlaya bilməz”, bəyanatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm