Avropa Şurası Nazirlər Komitəsi Ermənistana təzyiq göstərməlidir
Bizi izləyin

Nida.az

Avropa Şurası Nazirlər Komitəsi Ermənistana təzyiq göstərməlidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Crnadak çıxış edərək qurumun fəaliyyəti barədə Assambleya üzvlərinə hesabat verib və parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva sədri Avropa Məhkəməsinin azərbaycanlı köçkünlərlə bağlı qəbul etdiyi qərarın yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməyə çağırıb. O deyib: “Cənab sədr, Srebrenitsa soyqırımının acılarını yaşayan bir ölkənin təmsilçisi olaraq siz azərbaycanlıların Xocalı soyqırımı, torpaqlarının işğalı zamanı yaşadığı acıların nə qədər ağır olduğunu bilirsiniz. İyirmi ildən artıqdır ki, Ermənistan təşkilatın bütün prinsiplərinə zidd olaraq Azərbaycanın torpaqlarını işğal altında saxlayır. İyunun 16-da Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar çıxarıb. Həmin qərar artıq yekun qüvvəyə minib və onun icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinin səlahiyyətlərinə aiddir. Evinə dönə bilməyən məcburi köçkünlər sizdən dəstək gözləyirlər. Avropa Məhkəməsinin bu qərarının Ermənistan tərəfindən yerinə yetirilməsi istiqamətində hansı addımları atacaqsınız? Azərbaycanlı məcburi köçkünlər Avropa Məhkəməsinin onlarla bağlı qərarının yerinə yetirilməsi istiqamətində bir sədr kimi konkret addımlar atacağınıza, ciddi səylər göstərəcəyinizə ümid edə bilərlərmi? Siz Nazirlər Komitəsinə sədrliyiniz dövründə Azərbaycana səfər edib evinə dönə bilməyən bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə görüşməyi planlaşdırırsınızmı?”

Sualları cavablandıran İqor Crnadak Avropa Şurası Nazirlər Komitəsinin prosedur qaydaları üzrə Avropa Məhkəməsinin bu qərarının icrasına da nəzarət edəcəyini bildirib: “Bəli, dediyiniz kimi, iyunun 16-da Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə qərar çıxarıb. Bu, Dağlıq Qarabağ münaqişəsi zamanı qaçqın və məcburi köçkün düşmüş insanların şəxsi əmlakı ilə əlaqədar olan işdir. Bu şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının pozulduğu bildirilərək məsələnin məhkəmə yolu ilə həll edilməsi üçün qərar verilib ki, hər ölkə qaçqın və məcburi köçkünlərin əmlakı ilə bağlı xüsusi mexanizmlər işləyib hazırlasın. Nazirlər Komitəsi təbii ki, bu qərarın icra edilməsi istiqamətində öz nəzarət fəaliyyətini aparacaq və əlbəttə, biz də sədrliyimiz müddətində bu məsələyə xüsusi diqqət ayıracaq. Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq məhkəmə qərarları dövlətlərin üzərinə öhdəliklər qoyur və buna görə də məsələnin sülh yolu ilə həll edilməsi üçün əlavə səylərin göstərilməsinə ehtiyac var. Avropa Şurasının da bu məsələdə müəyyən öhdəlikləri var.

Üzv dövlətlərə səfər etmək məsələsinə gəldikdə, mən şəxsən öz adımdan və sədrliyimiz adından deyə bilərəm ki, biz bütün üzv ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm