AŞPA-nı siyasi alətə çevirənlər və ya anti-Azərbaycan qərarın pərdəarxası
Bizi izləyin

Nida.az

AŞPA-nı siyasi alətə çevirənlər və ya anti-Azərbaycan qərarın pərdəarxası

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qəbul etdiyi qətnamə bu qurumun faktiki olaraq, Avropa İnsan Haqları Məhkəməsinə qarşı çıxdığını göstərdi. Belə ki, qətnamə layihəsi müzakirəyə çıxarılarkən deputatlardan Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin təklif edib ki, “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” cümləsi “Dağlıq Qarabağ münaqişəsi barədə” cümləsi ilə əvəz edilsin. AŞ PA qətnamə layihəsinə düzəliş edərək Azərbaycana qarşı sənədi qəbul edib.


Bu qərar ilk növbədə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovların işi” ilə bağlı məhkəmə hökmünə qarşıdır. Digər tərəfdən, bir neçə il əvvəl AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına dair qətnamə qəbul edib. AŞPA bu qərarı ilə öz sənədlərinə və prinsiplərinə, həmçinin beynəlxalq hüquqda təsbit olunan dövlətlərin ərazi bütövlüyü prinsipinə qarşı olduğunu nümayiş etdirdi.


Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bildirib ki, AŞPA-nın qərarı siyasi xarakter daşıyır: “Prosedura görə, hansı ölkəyə qarşı qərar qəbul edilirsə, o ölkənin AŞPA-da təmsil olunan deputatları buna səs verə bilmir. Bu qərarda da Azərbaycan nümayəndə heyətinin üzvləri səs verə bilmədi. Əvəzində erməni deputatlar etiraz etdi, nəticədə də işğal ifadəsi çıxarıldı”.


Onun sözlərinə görə, bu, “Çıraqovların işi” ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünə ziddir: “Lakin hazırki situasiya Azərbaycanın xeyrinədir. Çünki AŞPA-nın qərarı siyasidir, Avropa Məhkəməsinin qərarı isə hüquqidir və burda faktiki olaraq Ermənistan işğalçı olaraq tanınır. Bu qərar köhnə Şaumyan rayonundan çıxarılan şəxslərlə bağlı həm Ermənistan, həm də Azərbaycana qarşıdır. Yəni o rayondan çıxarılanların mülkiyyət hüququ tanınır. Azərbaycan tərəfi ermənilərin mülkiyyət hüququnu tanıyaraq onlara kompensasiya ödəyə bilər. Həmçinin yaşamaq hüququnu təmin edəcək. Lakin Ermənistanın vəziyyəti çətindir. Çünki bununla işğalçı olduqlarını etiraf edəcək, nəticədə də işğal olunmuş 7 rayonu qaytarmağa məcbur olacaq. Azərbaycandan köçüb getmiş ermənilər də eyni iddianı Azərbaycana qarşı qaldıra bilərlər. Amma Azərbaycan Ermənistandan fərqli olaraq bunu qəbul edəcək. Digər tərəfdən, ortada ciddi say fərqi var. Azərbaycana qarşı iddia qaldıracaq 100 min erməni tapmaq mümkün deyil. Lakin Azərbaycanın 750 min köçkünü yenidən Avropa Məhkəməsinə müraciət edə və Ermənistandan haqlarını tələb edə bilər”.


Anti-Azərbaycan qərarın pərdəarxası məqamları


AŞPA-nın anti-Azərbaycan qərarı təsadüfi deyil. Xüsusilə, bu qərarın I Avropa Oyunlarının Bakıda keçirilməsi ərəfəsində qəbul edilməsi Azərbaycana qarşı ümumi hücum planının tərkib hissəsi olduğu aydın olur. Əvvəlcə Avropa Parlamentində Azərbaycanla bağlı “dinləmələr” keçirildi, ardınca Almaniya Bundestaqı qətnamə qəbul etdi, indi də AŞPA. Beynəlxalq hüququ əsas prinsipi elan edən bu təşkilat da Qərbin siyasi maşınının alətinə çevrilib. Bu qurumun ermənilərin mövqeyindən çıxış edərək, Azərbaycana qarşı qəbul etdiyi qərarları da ortadadır. AŞPA-nın irəli sürdüyü dəyərlərinin yalnız kağız üzərində olması artıq aksiomadır.


AŞPA-nı siyasi alətə çevirənlər


Burda diqqət çəkən məqamlardan biri də qəbul edilən qərarda Ermənistanın işğalçı dövlət olması ifadəsinin çıxarılması, daha doğrusu, bir qrup deputatın etirazından sonra bu addımın atılmasıdır. Andreas Qros, Peter Omtzigt, Mailis Reps, Bernar Paskye, Röne Ruke və erməni deputat Hovannisyan Arpin.


Qərarda açar isimlər bunlardır və hər birinin anti-Azərbaycan fəaliyyəti sübut olunub.


Andreas Qros: Bu şəxs Azərbaycanda məşhurdur. Azərbaycanın Avropa Birliyinə üzvlüyünün ilk illərində qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. Həmin illərdə Azərbaycandan çox Ermənistanın və ermənilərin mövqeyini müdafiə edən Qrossun islamofob mövqeyi ilə də seçilib.

Peter Omtzigt: Hollandiyada “Xristian-Demokrat Müraciəti” partiyasının üzvü olan bu islamafob şəxs müsəlmanlara qarşı həqarətli fikirləri ilə məşhurdur.


Röne Ruke: Azərbaycanın işğal altında olan torpaqlarına rəsmi Bakının icazəsi olmadan səfər etmiş şəxsdir. Fransadakı erməni diasporunun əsas adamı hesab olunur. Hovannisyan Arpin haqda isə nəsə deməyə ehtiyac yoxdur.


Maraqlıdır ki, Assambleyada Azərbaycanı müdafiə edən deputatlar olsa da, sonda bu, anti-Azərbaycan qərarı qəbul olunub. Burdan görünür ki, erməni lobbisi AŞPA-nın kulislərinə qədər girə bilib və bu mötəbər qurumu siyasi alətə çeviriblər. Halbuki, bu qərar yuxarıda qeyd etdiyimiz Avropa İnsan Haqları Məhkəməsinin qərarına, həmçinin, BMT-nin məlum dörd qətnaməsinə ziddir.


F. Mehdiyev hesab edir ki, AŞPA-nın qərarı siyasi xarakter daşıdığı üçün buna o qədər də əhəmiyyət vermək lazım deyil: “Göründüyü kimi, bu, Azərbaycana qarşı qərardır. Ona görə də Azərbaycan tərəfi öz növbəsində bunu qəbul etməməli, ümumiyyətlə əhəmiyyət verməməlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm