• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Biz sevgimizə erotika qatmamışdıq" - Fotolar

  • Digər
  • 8 Aprel 2014 15:01
  • 6 414 Baxış
"Biz sevgimizə erotika qatmamışdıq" - Fotolar

Bu dəfə “Uşaqlıqdan reportaj”da xatirələrini ipə-sapa düzən Səbuhidir. Məşhur astroloq, çoxlarının gözünü hər səhər onun proqnozuna dikdiyi Səbuhi Rəhimli. Bilməyənlər bilsin ki, Səbuhi 1970-ci ildə Tərtər rayonunun Seydimli kəndində müəllim ailəsində anadan olub. O qədər maraqla danışdı ki, lap öz uşaqlığım yadıma düşdü.

“Müəllimlərin yemək yediyini və ayaqyoluna getdiyini bilmişəm”

“Uşaqlıq fərqim o olub ki, mən müəllimlərin yemək yediyini və ayaqyoluna getdiyini bilmişəm. Hətta onların ailədəki davranışlarını, sevinc və kədərlərini, bəzən hətta qovğalarını da görmüşəm. Çünki hər iki valideynim müəllim olublar. Atam Kamal Rəhimli dil-ədəbiyyat, anam Aidə Əkbərova isə ibtidai sinif müəllimi. Mən pis oxumamışam. 6-cı sinfə qədər “Şərəf lövhəsi”ndə şəklim olub. Ailədə 7 uşaq olmuşuq (sonradan hamımız ali məktəbə qəbul olmuşuq). Atam 120, anam 80 manat maaş alırdı. Bu, belə bir böyük ailəni dolandırmağa yetmirdi. Ona görə də həyətyanı sahəmizdə becərdiyimiz meyvə-tərəvəzləri istirahət günlərində bazarlarda satırdıq. Əsas odur ki, o vaxt çoxlarında olduğu kimi bizdə də mehribançılıq və birlik vardı”.

İlk dəfə döyülən “müəllim uşağı”

“Mən xaraktercə sakit, amma çox inadkar və qürurlu uşaq idim. Mənə “müəllim uşağıdır” deyib guya güzəştə gediləndə dirəniş göstərirdim ki, nəyi bilirəmsə ona uyğun qiymət yazın. İstəmirdim ki, mənə valideynlərimə görə qiymət qoysunlar. Və təsəvvür edin ki, 7-ci sinifdən mənim rüblüyümə dalbadal “4”lər düşəndə, hətta bir dəfə də “3” düşəndə nəinki məktəbdə, bütün kənddə dillərə düşdüm. Çünki ilk dəfə idi ki, “müəllim uşağı” aşağı qiymət alırdı. Bəzən sinifdə nadinclik edəndə müəllimlər uşaqları vurub mənə əl qaldırmayanda səbəbini soruşurdum: “Müəllim, məni niyə vurmursunuz?” Deyirdilər “Sən müəllim uşağısan də”. Buna çox qıcıqlanırdım və ilk dəfə döyülən “müəllim uşağı” da mən olmuşdum”.

“Evə döyülüb gəldiyinizi görsəm, üstündən də mən döyəcəm”

“Valideynlərim bizə savadlı və zəhmətkeş olmağı öyrədirdilər. Atam dava-dalaşdan uzaq adam olduğu üçün tay-tuşlarımızla dalaşmağımızın qəti əleyhinə idi, hətta günah qarşı tərəfdə olsa da. Anam isə əksinə, “evə döyülüb gəldiyinizi görsəm, üstündən də mən döyəcəm” deyirdi. Amma günahsız yerə kimisə döyməyimizi, xasusən də qızları və yaşca balacaları incitməyimizi də bağışlamırdı”.

“Ən çox məqalə yazan məktəbli”

Özümü tanıdığım zamanlarda – 13-14 yaşlarımda artıq gələcək planlarım sistemli şəkildə hazır idi. Bütün narazılıqlara baxmayaraq, aktyor olmaq hədəfini seçmişdi. Həmin dövrlərdə həm kənd, həm də rayon mədəniyyət evində dram dərnəyinin ən fəal üzvü idim. Üstəlik şeirlər də yazırdım. Ən əsası, rayonumuzda həftədə 3 dəfə çıxan “Qızıl Bayraq” qəzetinə də müntəzəm surətdə məqalələr, hətta reportaj və oçerklər yazırdım. İki dəfə rayon qəzetində “Ən çox məqalə yazan məktəbli” kimi Fəxri Fərman da almışam və bu günə qədər saxlayıram. Rayonun ictimai həyatında, bayram tədbirlərində çox fəal idim. Rayanda keçirilən bütün şeir müsabiqələrində qaliblərdən olurdum. Tərtər rayon mədəniyyət evinin ansamblı ilə rayonun kəndlərində, Ağdərədə (o vaxtkı Mardakertdə), Ağdamda və Ağcabədidə qastrol səfərlərində olurdum. Mən 9-cu sinifdə oxuyanda artıq 50-dən çox məqaləm, 14 şeirim dərc olunmuşdu. Mənim üçün ən uğurlu olan isə “Tərtərin Səsi” poeziya klubunun yeganə məktəbli üzvü olmağım idi. Təsəvvür edin rayonun adlı-sanlı, hətta respublika səviyyəsində tanınan şairləri ilə tez-tez bir səhnədə çıxış etmək, şeirlər oxumaq mənim üçün hədsiz sevinc idi. Həm məqalələr, həm poeziya, həm həvəskar aktyorluğum, həm də bir çox rayon miqyaslı tədbirlərdə aparıcılıq etməyim 15 yaşımda bütün rayonda tanınmağıma səbəb olmuşdu. Bəzən indi mənə deyirlər ki, səni küçədə tanıyanda həyəcanlanmırsan? “Yox” deyəndə təəccüblənirlər. Əslində 14-15 yaşlarımda bu hissi artıqlaması ilə yaşamışam.

““QAZ-24”-lə kənd məktəbinə dalımca gəlirdi”

Hələ o vaxt kənddə tez-tez “qəzeti sənin məqalələrinə görə alırıq” sözünü çox eşitmişdim, rayon mərkəzində “Bu ogünkü oğlan deyil?”, “Baxın, o Səbuhidir, teatr verən” və s. Xüsusən də dərsdən çıxıb qol-qola gələn şəhər qızları həyəcanla yanımdan keçəndə, haqqımda danışdıqlarını açıqca nümayiş etdirəndə təbii ki, zövq alırdım. Təsəvvür edin rayonda qəfil tədbir olurdu və mədəniyyət evinin direktoru o vaxt ən bahalı maşın olan “QAZ-24”-lə kənd məktəbinə gəlirdi və direktorumuzla sinfimizə girib “Müəllimə, üzr istəyirəm, rayonda tədbirimiz olacaq, Səbuhiyə ehtiyacımız var” deyib icazə alırdı və bir yerdə çıxıb həyətdəki maşına əyləşirdik. Pəncərədən sinif yoldaşlarım fəxrlə mənə baxırdılar. Mən ən böyük xoşbəxtliyi də onda yaşayırdım”.

“Bu sevincdən ilk ağlayışım idi”

“Bilirsiniz, yuxarıda dediyim kimi, müəllim uşağı olmuşam. Şəkillərimdən də gördüyünüz kimi, elə də çirkin deyildim, həm də yaxşı oxuyurdum və hər kəsə kömək edirdim. İntriqalarım olmurdu. Dava-dalaşlarda isə inanın ki, 1 faiz də məndə günah olmurdu. Həm də rayon miqyasında fəal olan şagird kimi məni sevənlər çox ola bilərdi. Amma buna fikir verməmişdim. 1986-cı ilin 30 aprelin yeganə dövlət kanalımızda rusca nümayiş olunan “Respublika yenilikləri” verilişində məni göstərmişdilər. Ertəsi gün 1 may münasibətilə parada getmək üçün məktəbə yollananda sinif qızlarımız adından mənə bir dəstə gül hədiyyə etdilər. Aygün Hüseynova və Reyhan İbrahimova adlı bu iki qız sonda “Səninlə fəxr edirik” dedilər. O qədər sevindim ki, gözlərim doldu, bəlkə də bu mənim sevincdən ilk ağlayışım idi”.

Lal məhəbbət

“Mənim məktəb illərim sovet dönəminə, o dövrün təhsil sisteminə uyğun olub. O vaxt mobil telefonlar, internet, əxlaqsızlığı təbliğ edən verilişlər yox idi. O vaxt kənddə bir ailə boşananda bütün əhali onların dərdini çəkirdi, məyus olurdu, təəssüflənirdi. O vaxt küçədən keçəndə bir oğlan bir qızla təbəssümlə salamlaşırdısa, bütün kənd bilirdi ki, onlar bir-birini sevirlər və s. Sinfimizdə də belə idi. Müəllimlər həmişə deyirdilər ki, siz hamınız bacı-qardaşsınız. Bu “qaydanı” pozmaq da çətin idi. Amma məktəbdə xoşuma gələn qızlar olub. Dostluq etdiyim, görməyəndə darıxdığım, “səhər tez açılsaydı, gedib onu görərdim” kimi düşüncələrim olub. Amma bunun sevgi olub-olmadığını bilmirəm. Məndə həmişə “lal məhəbbət” olub, özümdən başqa heç kim bunu bilməyib, heç qızlar da. Görüşə çıxmaq-filan da olmayıb. Məktəblilərin görüş yeri elə məktəbdir. Öpüşə gəlincə, sizin yaşınız azdır deyə, yəqin ki, 30-40 il əvvəlki mühitdən xəbəriniz yoxdur. Ümumiyyətlə, məktəb illərində hansısa oğlanda görmədim ki, sevdiyi qızı öpmək həsrəti ilə yaşasın. Uzaqdan tamaşa etmək, bir kəlmə danışmaq, birlikdə yol getmək elə böyük səadət idi. Bilirsiniz, o vaxt könüllər iyrəncliyə bulaşmamışdı, saf hisslər vardı, məktəbli sevgisinə erotiklik qatılmamışdı. Mən deyərdim ki, oğlanların qıza sevgisi “gələcək arvadımdır”dan daha çox bacı hissi kimi idi. Çünki qısqanclıq, onu qoruma hissi və evlərinə qədər izləmək, az qala qardaşı ilə çox danışmağına da səbrsizlənmək o vaxtkı sevginin özəyi idi”.

“İlk məhəbbət “zərbəsini” də o zaman aldım”

“Orta məktəbdə sevgi macəram olmayıb. Dedim axı, məndə yalnız “lal məhəbbət” olub. Uşaqlıqdan televiziyada nümayiş olunan “D`Artanyan və üç muşketyor” filminə yalnız İrina Alfyorovaya görə baxırdım. Onun gözlərinə, təbəssümünə həyəcanla tamaşa edirdim. İlk məhəbbət “zərbəsini” də o zaman aldım. Belə ki, anam başıma bir qapaz vurdu ki, bir saatdı çağırıram, yeməyin soyuyur, niyə gəlib yemirsən? Müşərrəf Akaydan da (o vaxt Müşərrəf Tezcan idi) çox xoşum gəlirdi. Özümüzdən isə Həmidə Ömərovadan xoşlanırdım. Üstündən illər keçəndən sonra Həmidə xanım İncəsənət Universitetində bizə cəmi bir gün dərs demişdi. Uşaqlıq hisslərimi yada salıb təbəssümlə ona baxırdım. Yaxşı ki, məndən bunun səbəbini soruşmadı, biabır olardım (gülür)”.

“Aktyor olmağı, Hollivudu fəth etməyi arzulayırdım”

“Aktyor olmağı, Hollivudu fəth etməyi arzulayırdım. Düzdür, müəllimlərim “səndən yaxşı jurnalist çıxar” deyirdilər, amma aktyorluğu mənimsəmək mənə daha maraqlı gəlirdi. Lap uşaqlıqdan təbii ki, çoxları kimi mən də kosmonavt, əmək veteranı-filan da olmaq istəyirdim. Amma heç vaxt müəllim olmaq istəməmişəm. Səbəbini soruşmayın. Ən azından valideynlərim və təbii olaraq onların dostları, gediş-gəliş etdiklərimizin əksəriyyəti müəllim olduğu üçün müşahidə etmişəm ki, mən müəllimliyə yaramıram. O vaxt ən böyük arzum şeir kitabımın olması idi. Bu gün artıq 3 şeir kitabım çıxıb”.

“Bənövşə dərəndə ağlayan anam”

“İlk şeirimi əzbər bilmirəm. Amma bilirəm ki, anam bağçamızda bənövşə dərəndə ağladığını görüb təsirlənərək yazmışdım. Amma məqaləmi xatırlayıram. Məşədi Əzizbəyovun 115 illiyi ilə əlaqədar məktəbimizdə tədbir keçirilmişdi. Qəfil onu qələmə alıb rayon qəzetinə yolladım. Heç başlıq da qoymamışdım. Qəzetdə çıxanda adını “Mətin inqilabçının xatirəsinə” qoymuşdular. Bəlkə də 1100 işarə deyildi, amma qəzetdə çıxandan sonra bəlkə də 1100 dəfə oxumuşdum. İmzama baxırdım, çap variantında görüb sevinirdim. Sonra bir qədər adiləşdi”.

“Amitabh Baççan kumirim idi”

“O vaxt dünyaya geniş açılmamışdıq deyə bəzi şeylərdən, bir çox insanlardan xəbərsiz idik. Amma məktəb illərimdən bu günə qədər pərəstiş etdiyim hind kino ulduzu Amitabh Baççan kumirim idi. İtalyan müğənnisi Toto Kutunyonu, o vaxt yeni-yeni parlayan Qədir Məmmədovu (Qızılsəs) da çox sevirdim. Hətta bir dəfə pambıq yığımı zamanı eşitdik ki, Qədir ilk dəfə televiziyada oxuyacaq, onun üzünü heç vaxt görmədiyim üçün maraq məni bürüdü. Bəhman adlı əmim oğlu ilə kənddən təxminən 14 km aralıda yerləşən “Kürdölən” ərazisindən evə qədər qaça-qaça gəlib 25 dəqiqəlik ifaya baxdıq. Qədirin üzünü görməyimin sevincini bəlkə də 4-5 gün yaşadım”.

“Hind filmlərindən foto-şəkillər, 1 qəpiklik yığardım”

“Uşaq vaxtı nə hobbi ola bilər ki? Amma hind filmlərindən foto-şəkillər alıb, toplayardım. 1 qəpiklik yığardım. Onların hamısını saxlayıram hələ də”.

““Kamal müəllimin oğlu alkaş olacaq, heyif ondan” deyirdilər”

“Ailə tərbiyəsini yaxşı almışam. Hamımız yaxşı oxumuşuq, zəhmətkeş olmuşuq, həyətyanı sahələrdə, hətta pambıq tarlalarında lazımınca əmək sərf etmişik. Siqaret çəkmək təsəvvürümüz belə olmayıb, çünki atam da çəkmirdi, həm də kənddə siqaret çəkən uşaqlara pis baxırdılar. Amma arağa qadağa yox idi. 6-7-ci siniflərdə oxuyanda atam bir şüşə arağı qoyardı masanın üstünə və deyərdi “oğlanlarımla vurmaq istəyirəm”. Təbii ki, həmişə yox, ayda-ildə bir dəfə, xüsusən də uzaqdan qonaq gələndə. Üstəlik, biz tərəflərdə tut çox olur və təbii ki, hər kəs araq çəkərdi. Biz də hər mövsümdə 150-200 litr tut arağı istehsal edərdik. 80 faizini satsaq da, qalanını özümüz içərdik. Bəzən toylarda adi su təsiri bağışlayan dükan araqlarından təkbaşıma bütöv bir şüşə içərdim, heç “uf” da deməzdim. Amma kənardan baxanlar “Kamal müəllimin oğlu alkaş olacaq, heyif ondan” deyirdilər. Mən də mürgülü gözlərimi süzdürüb asta səslə “Qorxmayın, olmaram” deyirdim. Və olmadım da. Başqa elə bir yasaq işlə məşğul olmamışam”.

“İlk dəfə idi ki, yaxın ünsiyyətdə olduğum bir insanın ölümünü görürdüm”

“Sinfimizdə İlhamə Hüseynova adlı sinif nümayəndəmiz vardı. 6-cı sinifdə dünyasını dəyişdi və baba-nənəmdən başqa ilk dəfə idi ki, yaxın ünsiyyətdə olduğum bir insanın ölümünü görürdüm. Ən acı xatirə kimi hafizəmə yazılıb bu hadisə”.

Cəvahir Səlimqızı

Fotolar:Elçin Murad

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR