Məşhur müğənnidən intim açıqlama: ”Məktəbdə o qızla...” -Fotolar
Bizi izləyin

Digər

Məşhur müğənnidən intim açıqlama: ”Məktəbdə o qızla...” -Fotolar

Həmsöhbətim Əhməd Şəfəqdir, Türk dünyasının sevilən sənətçisi. Bugünlərdə paytaxtımıza-sevənlərinin görüşünə gəlmişdi. Elə fürsət varkən, biz də onu redaksiyamıza dəvət etdik. Onun illərin o tayında qoyduğu uşaqlıq xatirələrini dinlədik. Əhməd Şəfəq ilk dəfə olaraq şəxsi həyatından və sevgisindən də danışdı. Hətta Türkiyədə belə danışmadığı intim sirlərini də açıqladı…

“Anam bu türkünü eşidəndə göz yaşı tökərdi”

“Mən uşaqlıq illərimi hər zaman böyük sevgi ilə xatırlayıram. Hər kəs kimi uşaqlığımda anamın laylaları ilə böyüdüm, dünyanı bu laylalara görə tanıdım. Anam hər zaman gözəl türkülər oxuyardı. Yadımdadır ki, mən onun gözəl səsini dinləmədən yata biməzdim. Anam ruhuma sanki bir sığal çəkərdi. Ümumiyyətlə, biz Qaradənizliyik və bizim tərəflərdə türküləri çox sevərlər. Bizim ailədə də türkülərlə yaşamaq bir adət halını almışdı. Mən də türküləri sevib oxumaqan zövq alardım. İndi sənə danışıram və yadıma düşür ki, anamın çox sevdiyi bir türkü vardı-Afyon türküsü. Mən sonralar hər zaman səhnədə oxuyanda “bu türkünü anam üçün oxuyuram”-, deyirdim. Anam bu türkünü və mənim bu sözlərimi eşidəndə göz yaşı tökərdi. Evdəkilər bunu mənə danışardı. Həmin türkünü sonralar mən diskimə də yerləşdirdim”.

“Çox uzun illərdən sonra atamın şeir yazdığını öyrəndim”

“Ailəmiz mədəniyyətə, musiqilərə düşkün bir ailə idi. Baxmayaraq ki, imkansız, kasıb bir ailə idik. Mən ziyalı bir ailədə dünyaya göz açmadım. Anam sıradan bir kəndçi qızı idi. Atam kənddən şəhərə köçən bir kənd kişisi . Amma çox qürurlu, özünə dəyər verməyi bacaran, həm də sadə, zəhmətkeş bir insan idi. Onun bir sobası vardı , çörək bişirməklə ailəsini dolandırardı. Halal zəhmətin dadını biz uşaqlıqdan görmüşük. Mən çox uzun illərdən sonra atamın şeir yazdığını öyrəndim. Sən demə atam şeirlər yazarmış və o şeirləri hamımızdan gizlədərmiş.

Atma türkülər deyərdilər o şeirlərə, hansı ki, zaman-zaman ozanlarımız o türkülərdən istifadə ediblər. Bu şeirlər folklor nümunələri sayılardı”.

Qardaş itkisi, valideyn acısı...

Çoxuşaqlı bir ailədə böyümüşəm. Təsəvvür edin, yeddi uşaq olmuşuq. Üç bacım, dörd qardaşım olub, Qardaşlarımız biri avtomobil qəzası zamanı dünyasını dəyişdi. Onun itkisi zaman-zaman valideynlərimi kədərləndirdi.

Yalan nə deyim, həyatımız o qədər də xoş keçməyib, firavan bir yaşamımız olmadı. Mən maddi məhrumiyyətləri nəzərdə tuturam. Yəni belə yağ-bal içində böyümədik. Amma pulumuz olmasa da, ailəmizdə bizə dayaq duran sevgi vardı. Büsbütün sevgi ilə əhatələnmişdik. Bu çox gözəldir- sevgi ilə böyümək, sevgi içində bəslənmək. Mən ailənin sonbeşik övladı idim, buna görə də digər bacı-qardaşlarımdan şanslı sayılırdım. Məni evdə daha çox sevirdilər”.

“Çox duyğusal, romantik idim”

“Deyilənə görə, çox ərköyün, hərəkətli, sizin təbirinizcə desəm, nadinc bir uşaq olmuşam. Amma çox duyğusal, romantik idim, çətinliklər içində böyüməyimdən xəbərsiz deyildim. Böyüdükcə ailəmin vəziyyətini başa düşürdüm. Hər vəchlə ailəmə kömək etmək, onların maddi vəziyyətini nisbətən yüngülləşdirmək istəyirdim. Yay tətillərində durmadan çalışırdım ki, ailəmizə kömək edim”.

“Yay tətillərində çalışıb, pul qazanırdım və...”

“Yay tətillərində çalışıb, pul qazanırdım və həmin pula da qışda təhsilimi davam etdirirdim. Müxtəlif işlərdə çalışırdım. Bir yaz qarsonluq edərdim, bir yaz dülgər işləyərdim, hətta ağır yük qaldırardım. Baxmayaraq ki, yüküm boyumdan böyük və ağır olardı. Amma məni bu çətinliklər qorxutmazdı, çünki validenlərimə yardım etmək hislərim çox güclü idi”.

“Rəhmətlik babam əsgər olmağımı istəyirdi

“Arzularımdan danışmaq istəyirəm. Uşaqlıqdan ən böyük arzum müəllim olmaq idi. Amma rəhmətlik babam əsgər olmağımı istəyirdi. Mənim yaşadığım dönəmdə əsgər olmaq çox önəmli və qürurverici idi. Təssüf ki, son hadisələr əsgər adını gözdən saldı. Mən siyasi məqamları nəzərdə tuturam. Çox çalışsam da mən öyrətmən ola bilmədim. Yənə də maddi çətinliklər öz sözünü dedi və mən kasıb olduğum üçün imtahanları verə bilmədim. Lakin zaman-zaman müəllim olmaq arzum bitib-tükənmədi. Bir təsəllim də var, baxmayaraq ki, müəllim ola bilmədim, ancaq, şagirdlərimlə elə müəllim kimi davranıram. Özümü müəllim kimi hiss edirəm”.

“Müəllimlər səsimi dinləyərdilər”

“Orta məktəbdə oxuyanda gözəl səsə malik olduğumu müəllimim də bilirdi. O tez-tez mənə türkülər oxudardı və bundan çox böyük zövq alardı. Hətta digər sinfin müəllimləri də məni çağırıb səsimi dinləyərdilər. Mən oxuduqca sanki hər kəs dincələrdi. Mən bunu bütün qəlbimlə hiss edərdim”.

“Barış Mançonu və Cem Yılmazı çox sevərdim”

“Yəqin ki, hər bir uşağın balaca vaxtlarında kumirləri olur. Elə sizin də olub yəqin. Mən Barış Mançonu və Cem Yılmazı çox sevərdim. Bu iki musiqiçi mənim kumirlərim idi. Baxmayaraq ki, bu sənətçilərin fərqli səs imkanları və oxu maneraları vardı, bununla belə məni valeh edərdilər. Sevərdim onları və dinləməkdən doymazdım”.

“Xobbim kitab oxumaq və rəsm çəkmək idi”

“Xobbim kitab oxumaq və rəsm çəkmək idi. Sonralar bu kitab yazmaqla əvəzləndi. Kitab yazmaqdan böyük zövq alıram. Ümumiyyətlə, yaradıcılıq mənim ayrılmaz hissəmdir. Musiqi də bu sırada başda gəlir”.

“5 kilo doğulmuşam. Yeddi yaşıma qədər də süd əmmişəm”

“Hə, uşaqlıqdan danışdım, amma maraqlı bir məqamı yadımdan çıxardım. Siz bilirsinizmi, mən uşaq ikən 5 kilo doğulmuşam. Yeddi yaşıma qədər də süd əmmişəm. Gənc vaxtlarımda çox arıq idim, amma müəyyən vaxtlarımda çəkim gah azaldı, gah da artdı. Jurnalistika ilə məşğul olduğum dönəmlərdə arıq idim, amma müğənni olanda çəki aldım. İncəsənət vizual görünüş də tələb edir adamdan, buna görə də formada qalmaq üçün çalışdım. Amma baxın, yenə də çəkim az deyil”.

“Mən özümü sevgi ilə tərif etməyi xoşlamıram”

“Orta məktəbdə bilmirəm qızların diqqətini çəkirdim, ya yox. Amma ilk sevgi məni orta məktəbdə yaxaladı. İlk aşiq olduğum o qızı sevirdim. Bu sevgidə ehtiras yox idi, saf sevgi idi. Siz mənim bütün kartlarımı açırsınız ha! Türkiyədə heç kimə demədiklərimi sizə danışıram. Uşaqlığı xatırladıqca bir təbəssüm qonur üzümə. Sevdiyim qız da məndən xoşlanırdı. Çünki bunu mənə hiss etdirirdi. Amma sonradan mən məzun oldum, liseyə getdim. Amma qız hələ də məktəbdə təhsil alırdı. Sonralar oxuduğum liseylə qız arasında məsafə yarandı və mən qızı unutmağa başladım. Görüşmədik və bu da bizi ayırdı. Yox o qədər də acı çəkmədik, çünki böyük bir aşq deyildi bu. Keçici duyğu idi. (Bəs sonradan nə vaxt əsil sevgiyə yaxalandınız?-C.S) Mən özümü sevgi ilə tərif etməyi xoşlamıram, ümumiyyətlə, bu mövzuda danışmağı sevmirəm. Bununla bağlı fərqli yozumum və düşüncəm var”.

“İtkisini uzun müddət qəbul etmək istəmirdim”

“Uşaqlıq vaxtı ən acı xatirələrlə də yadımda qalıb. Anamın qardaşı vardı-dayım mən onu həddən artıq çox sevirdim. Bir dəfə xəbər gəldi ki, o ağacdan yıxılaraq həyatını itirib. Ailəmizə çox yaxın olan dayımın itkisini uzun müddət qəbul etmək istəmirdim”.

“Bəzən elə bir yer olur orda sevgi axtarmaq faydasızdır”

“Mən əslində uşaqlığımı itirməmişəm. Uşaqlığım içimdən boylanır. Həm də necə. İndi hər işdə sevilməyimin səbəbi odur. Mən sevilməyi çox istəyirəm. Əgər insan seviməyi çox istəyirsə, bil ki o uşaqdır. Uşaq sevilməyi çox istər axı. Sevilmək mənim üçün içdiyim su, aldığım nəfəs, hava kimi çox vacibdir. Bu mənim üçün bir ehtiyacdır. Hər şeyə sevgi ilə baxıram. Sonra nəticəyə baxıram. Bəzən elə bir yer olur orda sevgi axtarmaq faydasızdır. Məsələn, baxıram ki, burda sevgi yox, pul, kommersiya işləri var. Sevgi axtarışımın səbəbi içimdə yaşatdığım uşaqlığımdır”.

“Onu itrməkdən çox qorxuram”

“İçimdəki uşaqlıq hər zaman mənə baxır. Əgər bir insan tək qalanda uşaqlığını xatırlayıb təbəssüm edirsə, deməli, içindəki uşaq xoşbəxtdir. Mən də beləyəm. Onu itrməkdən çox qorxuram. Çünki onu itirdiyim zaman hər şeyi itirə bilərəm. Çünki o uşaq sanki Allahın mənə göndərdiyi bir şahiddir, hər zaman məni izləyir. Sanki Allah bizi təqib edər içimizdəki uşaqlıqla. Əks halda biz canavarlaşa bilərik, o uşaq bizə lazım olanda “dayan, dur”-, deyir. Allah o uşağı bizə nümayəndə olaraq gönədrib ki, lazım olanda bizə nəzarət etsin”.

“İstərdim hipnoz vasitəsi ilə keçmişə qayıdım”

“Adımı böyük bacımın əri qoyub. Əhməd adının mənası müjdələyici, öyrətmək deməkdir. Möhtəşəm sevdim adımı. Peyğəmbər Məhəmmədin (s) bir adı da Əhməd deməkdir. Yəni müjdələyər, gözəl yol göstərər.

Çox xoş oldu uşaqlıqdan danışmaq. Uzun müddət idi ki, mən uşaqlığım barədə danışmırdım. Məncə heç indi də danışa bilmədim. Oğlaq bürcündənəm mən, yanvarın 8-də doğulmuşam. Oğlaqlar həmişə gələcəyə baxarlar. Mən sürətli çalışan bir insanam, gələcəyə baxaram, arxaya çox baxa bilmirəm. Uşaqlıqla bağlı xatirələrimi o qədər də xatırlaya bilmirəm. Hipnoz deyilən bir şey var, istərdim hipnoz vasitəsi ilə keçmişə qayıdım. Beynimin bir hissəsində uşaqlıq xatirələrim yatır. Onları oyatmaq lazımdır”.

Cəvahir Səlimqızı

Foto:Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm