Qonşu qızı ilə evlənən azərbaycanlı məşhurun gizlinləri - FOTOLAR
Bizi izləyin

Digər

Qonşu qızı ilə evlənən azərbaycanlı məşhurun gizlinləri - FOTOLAR

Həmsöhbətim xalq artisti, ustad sənətkar Möhlət Müslümovdur. “Uşaqlıqdan reportaj”a dəvət edəndə həvəslə razılaşdı. “Uşaqlıq illərində həyatım o qədər də hamar olmayıb”-deyən sənətkar arada bir kövrəldi də. Özü də dünyasını dəyişən anası barədə danışanda. Hər gün anasını xatırladığını deyən ustad tarzən yenidən uşaq olmaq və keçmişə qayıtmaq istədiyini də gizlətmədi.

Dindar ailənin tarzən övladı

“Çox kasıb, imkansız, amma mərd ailədə dünyaya göz açmışam. Atam fəhləliklə məşğul olub. Bizi boya-başa çatdırıb, anamsa evdar xanım. Babalarım tərəkəmə həyatı sürdüyündən, biz də əkinçiliklə məşğul olmuşuq. Həm də dindar ailə olmuşuq. Babam Seyid Əli 10 yaşında Nəcəfə dini təhsil dalınca gedib, Bakıya isə 35 yaşında qayıdıb. Onun dini kitabları çox məşhur idi, özünə sonralar müşteyidlik dərəcəsi verilmişdi”.

“Sevincimdən tarımı sındırdım”

“Atam muğama, musiqiyə hədsiz dərəcədə bağlı olan insan idi. Atamın tar alətinə xüsusi həvəsi olubmuş, amma kasıbçılıq üzündən tar almaq arzusu ürəyində qalıb. Elə anamın da gözəl musiqi duyumu vardı. Baxmayaraq ki, təhsili yox idi, amma əruzu, qəzəliyyatı gözəl bilirdi. Belə bir ailədə, belə bir mühitdə böyüməyim məndə də musiqiyə böyük maraq yaratmışdı. Anam danışırdı ki, iki yaşım olanda anamdan muğam ifa etməsini istəmişəm. Musiqiyə sonsuz marağımı görən atamgil mənə nağara alıblar. Amma bu nağara tara olan həvəsimi söndürə bilmədiyindən valideynlərim mənə bir tar da alıblar. İndiki kimi yadımdadır. O qədər sevincli idim ki, əlimdə tar maşından düşüb evə necə qaçdımsa, yıxıldım və tarı sındırdım”.

“Yuxuda da tarımı görürdüm”

“Uşaqlıqda həm dəcəl olmuşam, həm də sözəbaxan. Heç vaxt üzə tərifi sevməzdim. Məni tərifləyəndə elə bilirdim ki, tənqid edirlər. Tarın fanatı idim deyə, gecə-gündüz çalırdım. Hətta anam gecələr mənə deyirdi ki, ay bala bəsdir, çaldığın, yat səhərə az qalıb. Yatıb yuxuda da tarımı görürdüm”.

“Dəryazla yonca biçərdim”

“Atam imkansız olduğundan həmişə ona kömək edirdim. Yadımdadır ki, əkinçiliklə məşğul idik və böyük bir sahədə yonca, bostan əkərdik. Mən o yoncanı uşaq canımla dəryazla biçərdim. Yorulmazdım, təki atama bir köməyim dəysin deyə hər zaman onun yanında olardım”.

Ata məsləhəti, ana arzusu..

“Atamın arzusu elə əvvəldən məni musiqiçi görmək idi. Amma onu da deyirdi ki, əgər musiqiçi ola bilməsəm, başqa peşəylə məşğul olaram. Açıq deyirdi ki, səni aparıb ağır, kişi işlərinə qoyacağam ki, bərkiyəsən. Çünki hər zaman mənə deyirdi ki, kişi ailəsini saxlamaq üçün hər əziyyətə qatlaşmağı bacarmalıdır. Anam isə məni filoloq kimi görmək arzusundaydı. Nədənsə mənim ədəbiyyatçı olmağımı istəyirdi. Amma musiqiçi olmaq arzuma qarşı da çıxmırdı”.

“Anam mənə görə doqquz ay xəstəxanada yatıb”

“Qəribə xobbim vardı, anamla oturub dərdləşərdim. Bu mənim çox xoşuma gələrdi. Anamın 12 uşağı olmuşdu, amma onlardan cəmi iki uşaq-bacımla mən qalmışdıq. Oxucular məni bağışlasın, mən anamın boyunda olanda o düz doqquz ay xəstəxanada yatıb. Məni əzab-əziyyətlə tapdığı üçün çox istəyirdi məni”.

“Babam yuxuda deyib ki, o uşağa mənim adımı qoyun”

“Hə, adımın da tarixçəsi olub. Mənə ata babamın adını qoyublar Möhlət. Babamın adı Möhlət Əli idi. Qoyun başdan danışım də. Deməli, mən Qurban bayramında dünyaya gəldiyim üçün xəstəxanadan çıxanda mənə İsmayıl adı veriblər. Amma qohumlarımızdan biri yuxuda babamı görüb, babam ona deyib ki, uşağa mənim adımı niyə vermirsiniz?O da bu yuxunu atamgilə danışıb. Ondan sonra adımı Möhlət qoyublar. Çoxları kimi mən də uşaqlıqda adımı bəyənmirdim. Amma sonradan bu adı özümə çox yaraşdırdım. Hətta sonralar fikirləşdim ki, bu ad mənə kömək olub. Bütün yollarımı açıb. Mən o babamı görməmişəm, hətta fotoşəkli belə olmayıb. Amma deyilənə görə yaxşı kişi olub, çörəkverən olub”.

“Saçlarım o qədər cod idi ki, daraq batmırdı”

“Çox həssas uşaq olmuşam. Orta məktəbdə cəldliyimlə, bir də xarici görünüşümlə diqqət çəkirdim. Hə, qızların xoşuna gəlirdim. Elə şəkildə baxsan, görərsən, qəşəng oğlan olmuşam. Saçlarım buruq-buruq idi, o qədər cod idi ki, daraq batmırdı. Hamı başımı sığallayıb, saçımdan xoşlanırdı. İmkanlı olmadığımızdan çox paltarım yox idi, amma səliqəli geyinməyi xoşlayırdım”.

“Qonşu qızı ilə evləndirdilər məni”

“Boney M” qrupu o vaxt dəbdə idi. Mən də o qurupun musiqilərini dinləməyi sevirdim. Əslində kumurim-zadım yox idi, bəzi uşaqlar kimi. Amma idealım Əhsən Dadaşov idi- məşhur tarzən. Sonralar Qurban Pirimovun ifasını dinləyirdim. Davalarımız da olurdu uşaq vaxtı. Elə qız üstə də. Amma sevgi-zad yaşamamışam. Qapalı uşaq idim. Çox tez ailə qurmuşam. Qonşumuzun qızını da mənə valideynlərim seçib. Söz yox ki, özümün də xoşuma gəlib. Yox, dalınca düşüm, sevgi elan edim, bunlar mənlik deyildi. Ümumiyyətlə, qızlara söz atan oğlanlardan acığım gəlib. Məhəllədə görəndə ki, oğlan qıza söz atır, onları danlamışam”.

“Müəllimlərin tərifli şagirdi”

“Orta məktəbə 7 yaşımda getdim. Dördüncü sinifə gedəndə isə adımı tar məktəbinə yazdırdılar. Onu da deyim ki, tara gedənə qədər məktəbdə əlaçı idim. Elə ki, tar sinfinə yazıldım, dərslərimdə zəifləməyə başladım. Müəllimlərim məni tərifləyirdilər ki, bu uşağın yaxşı gələcəyi olacaq. Elə buna görə də hamı məsləhət görürdü ki, Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olum. Belə də etdim. 15 yaşımda texnikumun tələbəsi oldum”.

Hərbi xidmətdən gəlib imtahan verdim”

“Məqsədim Konservatoriyaya qəbul olunmaq idi, amma ortaya əsgərlik söhbəti düşdü. Atam yazıq əsgəri xidmətimi Azərbaycanda çəkməyim üçün çox əziyyət çəkdi. Çünki mən tar çalırdım, əgər uzağa gedib düşsəydim, alətdən uzaq düşəcəkdim. Söz yox ki, əsgərlik əsgərlik idi, Azərbaycanda da problemlər yaşadım, amma hər halda, çətinliklə də olsa, tarımı hərbi hissəyə gətirə bilmişdim. İndi xatırlayıram o günləri, görürəm ki, doğrudan da həyatım hamar keçməyib. Çox əziyyətlər görmüşəm. Hərbi hissədə biz dəmir yolunda rels daşıyırdıq, əllərim qabar-qabar olurdu. Dəmirlər ayağımı yaralayırdı. Yadımdadır ki, əsgərliyi bitirməyə 4-5 ay qalmış Konservatoriyaya qəbul imtahanları başladı”.

“SSRİ tarixi fənnindən kəsildim”

“Atam mənə dedi ki, sənədlərimi hazırlayıb, imtahana getməliyəm. Onda da doqquz fənndən imtahan verirdilər-6-sı ixtisasdan, 3 isə humanitar fənnlərdən. Nə isə bir zülmlə hərbi hissədən icazə alıb imtahana getdim. Təsəvvür edin, əl-ayağım yaralı, qabar-qabar. İxtisas fənnlərdən keçdim, SSRİ tarixi fənnindən kəsildim. Bir anlıq gözümün önünə gəldi ki, qayıtmışam hərbi hissəyə, uşaqların yanına kəsildiyimi deyirəm. Dəli olmadım? Əsgər paltarında imtahana gedəsən, səni kəsələr…Hərdən fikirləşirəm ki, əsgər paltarında kimsə imtahana gələydi kaş, mən ona imtahansız qiymət yazardım”.

“Müəllimə yalvardım ki, sən Allah məni kəsmə”

“Müəllimə yalvardım ki, sən Allah, mənə yaxşı qiymət yaz, əsgərlərin yanında məni pərt vəziyyətə qoymayın. Müəllim də insaf deyilən şey yox idi, iki yazıb məni yola saldı. Həyatımın ən çətin günlərini yaşadım. Demək olar ki, şok yaşadım, neçə gün üzüqoylu düşdüm. Qayıtdım hərbi xidmətə. Gülən kim, lağ edən kim. Təmiz ruhdan düşdüm bu hadisədən sonra. Az qaldım ki, tarı atım, sənətlə vidalaşım. Hətta başqa sənətlə məşğul olmaq barədə düşündüm”.

“Müəllimlərin başı üzərində dayanıb mənə qiymət yazdırdı”

“Amma qismət var e. Elə oldu ki, Səid Rüstəmovun orkestrində işə düzəldim. Fikirləşdim ki, elə yaxşı oldu, sənədlərimi verərəm İncəsənət İnstitutuna. Yadımdadır ki, iyun ayı idi, artıq ali məktəblərə sənəd qəbulu başlamışdı. “Kommunist” qəzetində belə bir elan çıxdı ki, bəs idman, incəsənət və konservatoriyaya sənəd verən abituriyentlər ilk imtahandan beş alsalar, o biri imtahanlardan azad olacaqlar. Bunu da mənə Asəf Zeynallıda mənimlə oxuyan tələbə yoldaşım Həsənağa Qurbanovun atası dedi. Yolda təsadüfən mənimlə qarşılaşdı və hara sənəd verəcəyimlə maraqlandı. Mən deyəndə ki, İncənəsət institutuna daxil olmaq istəyirəm, qəzeti çıxarıb mənə göstərdi. Məsləhət gördü ki, sənədlərimi Konservatoriyaya verim. Nə isə ciddi-cəhdlə hazırlaşdım və əlimdə tar imtahana gəldim. İtahan götürənlər də Ramiz Mirişli və Səid Rüstəmov idi. Allah rəhmət eləsin, Səid müəllim çox mərd insan idi. Deyirəm yaxşı kişilər olub e zamanında. Özü də çox qaraqabaq, həm də zəhmli kişi idi. İmtahan verəndən sonra məni yanına çağırdı ki, indiyə qədər hardaydın, niyə gəlib Konservatoriyaya imtahan vermirdin?Başıma gələnləri danışdım. Həmin gündən Səid müəllim mənə dəstək oldu, bütün müəllimlərin başı üzərində dayanıb mənə qiymət yazdırırdı. O müəllimlərə deyirdi ki, əlimdə olsaydı, çoxdan buna Konservatoriya diplomu verərdim”.

“O duaları mənim üçün ölənə qədər də oxudu”

“Uşaqlıq illərindən danışırıq, inan ki, bütün həyatım gəlib durur gözümün önündə. Mən tez-tez xatırlayıram keçmişi. Bəlkə yaşla əlaqədardır, ya nəsə, nastalji hislərə qapılmağı xoşlayıram. Ən çox da anamla bağlı xatirələrim məni incidir. Anama çox bağlı idim, onun yoxluğu məni çox yandırır. Yadıma gəlir ki, anam hər gün mənim üçün dualar oxuyurdu. Soruşurdum ki, ana, nə oxuyursan elə, qayıdırdı ki, bala səni qorumaq üçün dualar oxuyuram. Bəlkə də inanmazsınız, o duaları mənim üçün ölənə qədər də oxudu. Hərdən fiikrləşirəm ki, məni həyatda fəlakətlərdən qoruyan da elə o dualar olub”.

“Təyyarədə ölümlə üz-üzə qaldım”

“Dəfələrlə xarici səfərlər zamanı ölümlə üz-üzə qalmışam. Bir dəfə Bakıdan İsveçə səfərə gedirdim. Təyyarə havaya qalxandan bir saat sonra gördük ki, təyyarə yırğalanır. Sənişinlər yıxıldı, aləm dəydi bir-birinə. Qışqıran kim, ağlayan kim. Düz 15 dəqiqə bu proses davam elədi. O saat yadıma anamın dualarını saldım. Fikirləşdim ki, əgər anam o dualarını məni qorumaq üçün edirdisə, görüm indi necə olacaq, ölümdən qurtara biləcəyəmmi? İnan ki, təyyarə əvvəlki kimi normal uçuş etməyə başladı. Sonradan dedilər ki, təyyarə burulğana düşübmüş, yəni faciə də ola bilərdi. Allah, bir də anamın duaları bizi fəlakətdən uzaqlaşdırdı”.

“Anamı itirəndə dəhşət yaşadım”

“Mən atamı itirəndə özümü yetim kimi hiss elədim, amma anamı itirəndə dəhşət yaşadım. Özümü büsbütün yalqız hiss elədim. Ana itkisi yaşayanlar gözəl bilər bunu. Ana elədir ki, 80 yaşında da, 90 yaşında da sənin üün gəncdir, gözəldir. Hər gün anamı yadıma salıram. Yadıma salıram deyəndə ki, anam hər gün yaddaşımdadır. Onunla bağlı hər epizod mənə şirindir, gözəldir. Uşaqlığımı xatırlayanda anamı o xatirələrsiz təsəvvür eləmirəm. Bu gün də anama çox ehtiyacım var. Bəzən dəli duyğular baş qaldırır içimdə, dönüb uşaq olmaq istəyirəm. Amma bir anlıq özümə gəlirəm ki, sən artıq yekə kişisən və geriyə dönmək mümkünsüzdür. Analı günlərim üçün burnumun ucu göynəyir. Yaxşı ki, yuxular var, anam yuxularıma gəlir, mənimlə yenə əvvəlki kimi dərdləşir. Əməkdar artist adını alanda anam çox sevinmişdi. Onun ölümündən 16 gün sonra xalq artisti adını aldım. Anam bunu görmədi. Amma mən yüz faiz inanıram ki, anam hər gün məni görür. Mən onun ruhunu yanımda hiss edirəm. Bu həqiqətin özüm də şahidiyəm. Bir çox hadisələrdən məni qoruyan da elə anamın ruhudur. Təbii ki, göydə Allah insanları qoruyur. Ruhlar da başımız üzərində gəzir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm