Çobanlıqdan milyonçuluğa: dəliliyi tutanda zavod alan türkiyəlinin hekayəsi – FOTOLAR
Bizi izləyin

Digər

Çobanlıqdan milyonçuluğa: dəliliyi tutanda zavod alan türkiyəlinin hekayəsi – FOTOLAR

Ona “qatığın Steve Cobsu” deyirlər.

Bir zamanlar adi çobanmış. İngilis dilini öyrənmək üçün Amerikaya gedib. Orada ağartı sektorunda boşluğu görüb, əvvəlcə pendir, sonra qatıq istehsal etməyə başlayıb. Getdicə bazarda payını artıraraq, milyarderə çevrilməyi bacarıb. Söhbət Amerikanın “Chobani” istehsal şirkətinin sahibi Həmdi Ulukayadan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində iş adamının həyat hekayəsini təqdim edir.

“Hekayəmi anama borcluyam”

Həmdi Ulukaya 1972-c ildə Ərzincanda anadan olub. Kürd əsilli Həmdi babası və atası ilə birlikdə yaz aylarında yaylağa çıxıb qoyun otaran, universitet çağına qədər peşə ilə bağlı qərar verə bilməyən 6 uşaqlı ailənin övladlarından biri idi: "Babam Elazığdaki Şavak tayfasının (aşirət) lideri idi. Ondan sonra da atam gəlirdi. Düzdür, tayfa dedikdə ağıla varlı ailə gəlir. Amma bizdə elə deyildi. Babam, atam mənəvi liderlər idi. Həyatım babamın dizinin dibində aşirətin necə idarə edildiyini izləyərək keçib. Atam çoban idi və çoxlu qoyunlarımız vardı. Yayları yaylağa çıxararkən ona kömək edərdim. Ancaq çox keçmədi ki, öz-özümə burada mənə çörək yoxdur” deyib ABŞ-a getməyə qərara aldım.
Mən Türkiyənin şərqində min adamın yaşadığı kiçik bir kənddə doğulmuşdum. Bu kənddən çıxmağın tək yolu isə təhsil idi. 11 yaşında internat məktəbinə gedirdim. İndi isə Nyu Yorkda yaşayıram. Hekayəmi anama borcluyam. Bizim üçün çox böyük fədakarlıqlar edib".

İdarə heyətinin ilk toplantısında divarları boyadıq

Beləliklə, Həmdi Ulukaya, bir çox türklər kimi, 1994-cü ilin sonlarında Ankara Universitetinin siyasi elmlər fakültəsindən məzun olduqdan sonra ingilis dili təhsili almaq üçün cibində 3 min dollarla Amerikanın Aldephi Universitetinə üz tutur: “İlk əvvəl xaricə gedən hər gənc kimi mən də borca düşdüm, tək qaldım. Amerikaya kiçik bir bel çantasıyla getmişdim. Heç bir şeyim yox idi”.

İlk əvvəllər planı iki-üç il Amerikada qalıb, sonra Türkiyəyə qayıtmaq olur. Ancaq Nyu Yorkda “Baruch College“-də oxuduğu zaman Amerikanın Albani adlı bir kəndinə etdiyi səfər bu planları dəyişir. Pendir istehsal etməklə fikirləri də məhz burada yaranır: “Amerikada bir fermada işləyirdim. 1997-ci ildə bir gün atam yanıma gəldi. Məndən “sən burada niyə pendir istehsal etmirsən” deyə soruşdu. Atam atüstü heyvan alıb satardı. Düşündüm, Amerikada pendiri necə satacağıq? Bizim Ərzincanda tulum pendiri məşhur idi. 2001-ci ildə kiçik bir pendir sexi açdım. Bir gün qatıq zavodunun satıldığına dair məktub aldım. Əvvəl kartdakı fotoşəkillərə baxmadan onu zibil yeşiyinə atdım. Yarım saat sonra kartı zibil qutusundan çıxarıb, satılan zavodun telefon nömrəsini axtardım. Əmlakçı zavoddakı köhnə texnikaya 700 min dollar dəyər qoydu. Almağa qərar verdim, vəkil yoldaşıma zəng elədim. O, fikrimi dəstəkləmədi, amma mən də qərarımdan dönmədim. Ancaq pulum yox idi. Fəaliyyəti kiçik biznesə yardıma hesablanan kreditora müraciət etdim. İki il yalnız qatıq istehsalıyla məşğul oldum. İdarə heyətinin ilk toplantısında divarları boyadıq. Çünki fabrikin divarları son 25 il idi ki, boya üzü görmürdü”.

2005-ci ildə şans Ulukayanın üzünə gülür. Belə ki, o, dünyaca məşhur “Kraft”ın zavodlarından birini satın alır. İş adamının "dəliliyim tutdu, aldım" dediyi ikinci zavodda necə qatıq istehsal edəcəyinə dair axtarışları isə yarım il çəkir. Qərarını dəqiqləşdirdikdən sonra Türkiyədən qatıq istehsalı üzrə mütəxəssis Mustafa Doğanı dəvət edir. Hər ikisinin birgə səyi nəticəsində 2007-ci ilin sonlarında "Chobani" markası yaranır. Amerikalı alıcıların “Chobani”ni seçməsi üçün qatıq yunan resepti ilə istehsal edirlər. 200 min nəfərin işlədiyi “Chobani” qatıq zavodu ilk 5 ildə Amerikanın ümumi qatıq satışının 17 faizini təşkil etməyi bacarır. İş adamı sürətlə yeni sərmayələrə start verir. Kanada və Avstraliyada zavodlar açır. 2011-ci ildə həftəlik istehsalı 1.5 milyard dollara çatır. “Chobani” ABŞ-ın ən böyük 3 qatıq markasından birinə çevrilir. 2011-ci ildə artıq markanın bazar payı 25 faiz təşkil edir. 2012-ci ildə şirkətin gəliri 1 milyard dollar olur.

Necə varlanıb?

Bəs Ulukayanın Amerika macərası necə başlayır? Şayiələrə görə, Ankara Mülkiyələr Məktəbinin məzunu olan Ulukaya 1994-ci ildə Türkiyəni tərk edib.

Rəvayətlərə görə, Həmdi Ulukayanın iş həyatına başlamasında şans faktorunun rolu böyük olub. Manhettendə küçədə meyvə satarkən Ayşegül Giray adlı qızla tanış olub. Ayşegüllə evliliyi sayəsində “Green Card” alıb. Həyat yoldaşının verdiyi 500 min dollar sərmayə ilə “Euphrates” (Firat) adıyla pendir istehsalı sektoruna daxil olub. İşləri böyüdükdən sonra həyat yoldaşından boşanıb.

2012-ci ildə A.Girayın Ulukalı məhkəməyə verməsi ilə isə iş adamının həyatı ilə bağlı bir sıra maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, şirkəti qurarkən Ulukaya həyat yoldaşından 500 min dollar maliyyə istəyib və qarşılığında ona 53 faiz hissə söz versə də, sözünün üstündə durmayıb.

Ailəsi

İş adamı 1990-cı ildə evləndiyi Ayşegül Girayla 1999-cu ildə boşanıb. Maraqlıdır ki, boşansalar da, cütlük iş həyatında əməkdaşlığı davam etdirib. Onu da bildirək ki, milyarderin övladı yoxdur. İşləmədiyi zamanlarda idmanla məşğul olur, iki alman cinsindən olan çoban iti ilə zaman keçirir.

“Forbes” də

Jurnalın qiymətləndirməsinə görə, o, Türkiyənin 17-ci ən varlı vətəndaşıdır. 2013-cü ildə Həmid Ulukayanın sərvəti 1,1 milyard dollar, 2014-cü ildə 1,5 milyard dollar olub. Dünya varlılarının siyahısında onun adı 1192-ci yerdədir. Onu da qeyd edək ki, 2012-ci ildə iş adamı Aydahoda 450 milyon dollarlıq yeni bir müəssisə açıb. Avstraliyada süd təsərrüfatını satın alıb. Yeri gəlmişkən, “Bloomberg”ə görə, onun sərvəti 2013-ci ildə təxminən 5.4 milyard dollar təşkil edib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm