• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rubl manatı da vurur?

  • Digər
  • 17 Dekabr 2014 16:14
  • 2 213 Baxış
Rubl manatı da vurur?

Rusiya iqtisadiyyatında əsən soyuq külək artıq digər ölkələrdə də hiss edilməkdədir. “Qara bazar ertəsi” təkcə rubl dollar qarşısında ucuzlaşmayıb. Eləcə də bir çox dövlətlərin milli valyutaları dəyər itirib. Rubl eləcə də qızılı da özü ilə bərabər aşağı çəkib. Qızılın fevral ayında olan çatdırılma qiyməti 1,2 faiz ucuzlaşaraq unsiyası 1207,7 dollar olub.

Publika.az xəbər verir ki, TL-də dollara nəzərən dəyər itkisi 2 faiz, Braziliya realinda 0.69 faiz, hind rupisində 1 faiz təşkil edib. Azərbaycan manatına gəlincə, milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca, manat da həmin valyutaya qarşı bahalaşır. Əbəs deyil ki, cari ilin 9 ayında Mərkəzi Bank məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün 1.2 mlrd. dollar həcmində valyuta alışı həyata keçirib.

Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyib. Cəmi 0.03% möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib. Belə ki, Avrozona, Rusiya, Ukrayna, Qazaxıstan, İsrail milli valyutalarına nəzərən manat həm nominal, həm də real olaraq möhkəmlənib.

O ki qaldı rublun dəyərdən düşməsinə, Rusiya iqtisadiyyatında baş verən proseslərin - iqtisadi artımın azalmasının, inflyasiyanın Azərbaycana təsirlərinə, Rusiya Xəzəryanı ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2014-cü ildə Rusiya ticarət dövriyyəsində üçüncü sırada yer alıb.

Təkcə bu ilin 9 ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,368 milyard dollar təşkil edib. Bunun da cəmi 470,262 milyon dolları (ümumi ixraca nisbətdə 2.7 faiz) ixracın payına düşüb. Sözügedən dövrdə Rusiyadan idxal həcmi 897,794 milyon dollar olub. Bu da ümumi idxalın 13,8 faizi deməkdir. 2013-cü ilin 9 ayında Rusiya ilə ticarət dövriyyəsi 1 964 315.24 min dollar olub. Bunu 802 187.21 min dolları (4.44 faiz) ixracın, 1 162 128.03 min dolları idxalın payına düşüb. Yəni ümumi idxalın 14.40 faizi qədər. Göründüyü kimi, ötən ilin 9 ayı ilə müqayisədə Rusiya ilə ticarət dövriyyəsinin həcmi azalıb.

Ümumiyyətlə isə Rusiya iqtisadiyyatında baş verənlər Aərbaycanın xarici ticarətinin həcminə təsir göstərib. 10 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 10 faizə yaxın azalıb. Keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə ixrac 5,82% azalıb. Bu da gözlənilən idi. Belə ki, rublun ucuzlaşması Azərbaycanın ixrac potensialını zəiflədir.

Rublun dəyərdən düşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərini də azaldacaq. Artıq ilin əvvəlindən Rusiyadan pul köçürmələrin həcmi azalıb. Rusiya Mərkəzi Bankının məlumatına görə, ötən ilin 9 ayında köçürmənin həcmi 17,1 milyard dollar olduğu halda bu il 16,5 milyard dollara düşüb. Azalma əsasən III rübün payına düşüb. Bu rüb 6,9 milyard dollar həcmində pul göndərilib. Halbuki 2013-cü ildə bu rəqəm 7,2 milyard dollar idi. Maraqlıdır ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 2014-cü ilin III rübündə 372 milyon dollar olub. Bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə 17 milyon dollar çoxdur. Ümumiyyətlə, 2013-cü ilin 9 ayı ərzində köçürmənin həcmi 875 milyon dollar olduğu halda bu ilin 9 ayında 956 milyon dollara qalxıb.

Lakin ekspertlər düşünür ki, bu arxayınçılıq yaratmamalıdır. Çünki əsas pul azalması IV rübdə olacaq. Belə ki, rublun ən çox dəyəsizləşdiyi dövr oktyabr-dekabr aylarına təsadüf edir.

Daha bir zərər Neft Fondunun Rusiyadakı aktivlərində yaranır. Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Hazırda Fondun ehtiyatlarında rublun payı 1,3%-dir. Eyni zamanda Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb.

Rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını da gücləndirir. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11.5% təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir .

Rusiyanın özünə gəlincə, Putin hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, sanksiyaların ölkə iqtisadiyyatını tənəzzülə apardığı göz qabağındadır. Milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Vergi dərəcələri artırılıb, hətta yenisi tətbiq edilib, səhmlər ucuzlaşıb. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb, kreditlər bahalaşıb, Konkret olaraq, Rusiya Mərkəzi Bankının uçot stavkasını 17 faizə qaldırmasının isə iqtisadiyyatda daha ciddi resessiyalara yol açacağı deyilir. Bildirək ki, bank il başlayandan altıncı dəfədir uçot stavkasını dəyişir. İlk dəfə faizləri martın 3-də 5,5 faizdən 7 faizə qaldırılıb. Aprelin 25-də isə 7,5 faizə, oktyabrda 9,5 faizə, 11 dekabrda 10,5 faizə yüksəldilib. Bu müddətdə rublun dollara qarşı məzənnəsi 85 faiz ucuzlaşaraq 1 dollar 64 rubl oldu. Mərkəzi Bankın 80 milyard dollar xərcləməsi belə rublu qorumayıb.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR