İsteblişmentləşmiş köləlik
Bizi izləyin

Digər

İsteblişmentləşmiş köləlik

Cinsindən asılı olmayaraq məişət avtoritetliyinin miskin ciddiliyini yaradıcı həyatın məhrumiyyətlərindən uca tutan icma üzvlərimiz şəxsiyyət və istedad məsələsinə yanaşmada həmişə özünü anadangəlmə “toyuq korluğu” xəstəliyinə vurub.

İngilislərin “ağıllısansa, pulunu göstər” el məsəlinə qaz sayğacına etdikləri kimi, bal damızdıraraq öz xeyirlərinə ağır-ağır işlədiblər. Xalqların tale kitablarının mündəricatına baxanda açıq-aydın görmək olar ki, bizim xalqın alın yazısına çevirilmiş mental nöqsanlar başqa xalqların həyatında bir səhifə, bir fəsil kimi ötüb-keçmişdir. Məsələn, Napoleona hamilə qaldığı dövrlərdə Fransa da bir suyundan eynən bizə oxşayırdı; inzibati vəzifələr şəxsiyyət meyarı idi, icazəli ictimai imtiyazlar ziyalı adlandırılan sənət isteblişmentlərinin nüfuzunu təyin edirdi. Dövlət səlahiyyətləri şəxsi rifahların təminatına işləyirdi. Aristokratiya tüfeyli həyat tərzinin əyləncələrinə qurşanmışdı. Avropanı bürüyən kral çəkişmələrində ölkə məğlub olduqca generalların sayı, kilsə hakimiyyətin saqqızını oğurladıqca etiqadda elm axtaran akademiklərin sayı artırdı, ölkə boyunca kilsə tərəfindən saxta imanların ödənişli uçota alınması tüğyan edirdi. Ailə vətəndən daha uca dəyər hesab olunurdu. Zəkanın gücü əyin-baş cır-cındırına və qarın doldurmağa xərclənirdi. Müqəddəs analar qızlarını gələcəkdəki ər evi üçün xəfiyyə olaraq yetişdirirdilər, qayğıkeş atalar oğullarına aldıqları qızlara müştəri gözü ilə baxırdılar.

Aristokratiya ilə eyni tacı taxan teokratiya Fransanın gələcəyini düşünən istedadları ya Bastilya qalası ilə “mükafatlandırır”, ya da onlar, sadəcə, ingilis və alman krallarının himayəsinə sığınırdılar.

Tanrının köməyindən əlini üzüb sərhədlərini çürük intihar kəndiri kimi boğazına keçirən Fransa qəfildən qulağının dibində iblisin qəhqəhələrini eşitdi. Fransanın harayına iblisin özü gəlmişdi.

***

Ləyaqətsiz, vicdansız, əxlaqsız, oğraş, hiyləgər, qorxaq, başdanxarab... müasirləri ilk baxışda onu belə xarakterizə edirdi, baxmayaraq ki Hüqo XVIII əsri onun adı ilə çağırırdı. İntellektual azadlığın İngiltərəyə, Renessans coşqusunun İtaliyaya, Reformasiya inadkarlığının Almaniyaya verdiklərini o, Fransaya təkbaşına bəxş etmək əzmində idi. O, köhnə Fransanı dağıtmaq üçün barıtı yenidən kəşf edirdi, o, zəkanı adətlərə təslim edərək qabağına qatıb gələcəyə doğru sürünən keçmişə əngəl olmaq üçün təkbaşına qurduğu barrikadaların yerlərini yorulmadan dəyişirdi. O, öz ölkəsinin siyasi, dini, mədəni apokalipsisini qabaqlamış anokalipsis hadisəsi idi. Fransanın artıq axirət mühakiməsinə ehtiyacı qalmamışdı, o, öz varlığı ilə öz dövrünün hər anını və ölkəsinin hər yerini elə doldurmuşdu ki, bütün Fransa ona oxşamağa başlamışdı. O, nə qədər fransızların maariflənməsi uğrunda təqiblərə, sürgünlərə məruz qalsa da, bu yolda şəxsiyyəti haqqında ən çirkin fikirlərin yayılmasına göz yumsa da, hətta Bastilyadan azad olmaq üçün hakimiyyətə yaltaqlıq dolu poema yazsa da, yaxşı bilirdi ki, mənsub oluduğu xalq hələ azadlığın heç bir növünə hazır deyil. Bilirdi ki, azadlıq fransızları birləşdirmək əvəzinə daha da pərən-pərən salacaq, yeni siyasi ideologiyaların yerinə, siyasi mövhumata dirsəklənən istimai təriqətlər yaranacaq. Eynən indi bizdə olduğu kimi. Bastilya köhnə revanşistlərin əlindən yeni revanşitlərin əlinə keçəcək.

O, bu aqibətin faciəviliyini o qədər aydın dərk edirdi ki, özü dinin qəddar düşməni olmasına baxmayaraq, arvadının Allaha tapınmasını istəyirdi. Çünki bilirdi ki, ərinin evdə olmadığından istifadə edib onunla qaçan bu fransız qadını Allahın göydə olmadığına inansaydı necə iyrənc məxluqa çeviriləcəkdi. Bilirdi ki, azadlığı ərinin evdə olmaması kimi başa düşən bu qadın mənəvi yetkinlik həddinə çatmamış bir xalqın övladı idi. Azadlıqdan qabaq Fransaya düşünməyi öyrətmək lazım idi.

***

Əsarəti, bəlkə də, hərdən təcavüz kimi yox, xalqın cəzası kimi nəzərdən keçirmək lazımdır. Bizim xalqın əsrin dörddəbirinə yaxınlaşan azadlığı boyunca çıxardığı hoqqalara baxanda, adam özünü zorla saxlayır qara-qara düşünməkdən ki, deyəsən, biz azadlığa cəzamızı tam çəkmədən çıxmışıq. Sanki, biz müstəqillik aktı deyil, amnistiya aktı imzalamışıq. Azadlıq bizim ekzistensial nəgündəliyimizi üzə çıxarıb. Siyasi partiyalar mövhumi qarabasmaların corraşdığı siyasi təriqətləri xatırladır. Elm ocaqları gənclərin əyləndiyi gündüz klublarına, məktəblər azyaşlılar üçün salınmış islah düşərgələrinə çevirilib. Din mənəvi hakimiyyəti yarıdıb yaz danası döndərdiyi üçün indi də açıq-aydın dövlət hakimiyyətinə iddialıdır. Qanun pozğunluğu bazar məzənnəsi ilə qiymətləndirilir. Aristokratiyanın zövqsüzlüyü incəsənəti nəcisindən muncuq tapanların samanlığına çevirib. Sənətə gələn yol qadınlar üçün yorğanın, kişilər üçün bığın altından keçir. Müvəqqəti ağrıları sağalmaz xəstəliklərə çevirib xəstələrin hesabına qara günlərdən ıştıq kimi üzüağ çıxan tibbin dili xəstəxanalarda ölənlərin sayını nəzərə alaraq latıncadan ərəbcəyə keçirilib. Qocalar və orta nəsil gileylənir ki, siyasi hakimiyyətlər bizdən yaltaqlıq, satqınlıq, əliəyrilik tələb etdiyi üçün biz də ailələrimizin güzaranı naminə yaltaqlanırdıq, satqınlıq edirdik. Avropada gənclər avtobusda qocalara yer vermirlər deyə bundan sonra biz də öz kaftarlarımıza yer verməyəcəyik. Bu da həmin qoca və orta nəslin doğub tərbiyə etdiyi Avropa təfəkkürlü populyar Azərbaycan gəncliyinin dedikləri. Yaltaqlıq şırtılıqla əvəz olunub. Nə vaxta qədər bu xalq öz milli-mənəvi günahlarını siyasi hakimiyyətlərin boynuna atacaq? Hanı bu xalqın özünə yad bildiyi miskin dəyərlərə müqavimət gücü?

Deyəsən, axı biz deyirik ki, əhv olunmamışıq, azadlığı qazanmışıq. Bəs harada yaşayır bu misilsiz azadlığa layiq olan o xoşbəxt və naməlum azərbaycanlılar?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm