Mərkəzi Klinikadan Nərminin hava limanına 780 manata aparılması ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Digər

Mərkəzi Klinikadan Nərminin hava limanına 780 manata aparılması ilə bağlı AÇIQLAMA

Mərkəzi Klinika ötən gün Nərmin Hüseynlinin ambulansla hava limanına 780 manata aparılmasına münasibət bildirib.

Klinikanın marketinq şöbəsindən Publika.Az-ın sorğusuna verilən cavabda bildirilir ki, Mərkəzi Klinika MMC dövlət büdcəsindən maliyyələşməyən tam təsərrüfat hesablı tibb müəssisəsidir və göstərilən tibbi xidmətlər ancaq xəstəxana kassasına ödənilən vəsaitlər hesabına həyata keçirilir:

“Diqqətinizə çatdırmaq istəyirik ki, xəstə Nərmin Hüseynlinin ailəsi tərəfindən ilk dəfə Mərkəzi Klinikaya xəstənin təyyarə göyərtəsinə qədər təxliyyə olunması üçün müraciət olunub. Bu prosesin həyata keçirilməsi üçün ilk öncə xəstənin tibbi nöqtəyi nəzərdən dəyərləndirilməsi mütləqdir. Bu səbəbdən xəstənin yaşadığı Sumqayıt şəhərinə ambulans çağırılaraq, MK Təcili Yardım briqadası tərəfindən xəstənin vəziyyəti qiymətləndirilib və təxliyyəyə hazır olduğu bildirilib. Lakin təyyarənin uçuş saatı məlum olmadığına görə, xəstə yaxınlarının istəyi əsasında digər özəl klinikaya aparılıb. Ertəsi gün xəstə yaxınları MK-ya təkrar müraciət edərək təxliyyənin aparılması üçün lazımı tədbirlərin görülməsini xahiş ediblər.

Qeyd etmək istəyirik ki, xəstə yaxınlarına xidmətin dəyəri telefon vasitəsilə bildirilib və qarşı tərəfdən könüllü olaraq razılıq alındıqdan sonra Təcili Yardım briqadası tərəfindən digər özəl klinikadan xəstə ambulans vasitəsilə götürülərək H. Əliyev beynəlxalq Hava Limanına təyyarənin göyərtəsinə qədər müşayiət olunub, xüsusi reyslə gələn həkimə təhvil verilib və uğurla yola salınıb.

Mərkəzi Klinika MMC dövlət büdcəsindən maliyyələşməyən tam təsərrüfat hesablı tibb müəssisəsidir və göstərilən tibbi xidmətlər ancaq xəstəxana kassasına ödənilən vəsaitlər hesabına həyata keçirilir. Eyni zamanda qeyd edirik ki, tibbi xidmətin hesablanan və qiymət cədvəlinə əsasən təqdim olunan dəyəri görülən işin qarşılığı olan məbləğdir, çünki xəstəyə göstərilən tibbi xidmət zamanı tibbi personalın əməyindən, dərman və tibbi sərflərdən, tibbi texnologiyanın xidmətindən istifadə olunur. Həmçinin təyyarə göyərtəsinə qədər Təcili Yardım briqadasının Ambulansla xəstəni çatdırması üçün Mərkəzi Klinika tərəfindən H. Əliyev adına Beynəlxalq Hava Limanının müvafiq nəzarət strukturlarına keçid vəsiqələri üçün təstiq olunmuş tarifə əsasən maliyyə vəsaiti ödənilir. Mərkəzi Klinika vergi ödəyicisidir və xəstəxana hesabına ödənilən hər bir xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV, mənfəət vergisi və sosial sığorta ayırmaları) ödəyir. Həmçinin, nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsi istəyini və maddi vəziyyətini nəzərə alaraq ölkənin pullu və ya pulsuz səhiyyə xidmətindən yararlanmaq hüququna malikdir?

Xəstənin klinikamız hesabına müayinə edilməsinə hüquqi səlahiyyətimizin olmadığını bildirir, xəstəyə köməklik göstərilməsi məqsədilə dövlət sosial fondlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara müraciət etməyin daha səmərəli və məqsədəuyğun olacağını nəzərinizə çatdırır və xəstə Nərmin Hüseynliyə Allahdan şəfa diləyirik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm