“Mən belə tolerantlığı qəbul etmirəm” – Rəbiyyət Aslanova
Bizi izləyin

Digər

“Mən belə tolerantlığı qəbul etmirəm” – Rəbiyyət Aslanova


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova Publika.Az –a müsahibəsində Minsk qrupunun amerikalı həmsədrinin son açıqlamasını şərh edir.

“Münaqişəni həll etməsi istiqamətində Azərbaycana maneələr törədən qüvvələr var”

-Minsk qrupunun amerikalı həmsədri Ceym Uorlikin Azərbaycan və Ermənistan xalqını tolerant olmağa, qarşılıqlı etimad mühitinin gücləndirilməsinə çağırıb və xalq diplomatiyasının davam etməsinin vacibliyini vurğulayıb. Necə hesab edirsiniz, hazırkı vəziyyətdə bu nə dərəcədə doğrudur və əslində bu bəyanat nəyə hesablanıb?

-Amerikalı həmsədr Ceyms Uorlikin belə bir çıxış etməsi Minsk qrupunun uzun müddət davam edən fəaliyyətsizliyinə haqq qazandırmaq cəhdindən başqa bir şey deyil. Artıq Minsk qrupunun həmsədrlərinin özləri də çox gözəl başa düşürlər ki, uzun illər davam edən bu münaqişənin həlli yönündə ciddi bir addım atmayıblar və hazırda da ata bilmirlər. Ona görə də məsələnin ağırlığını, yükünü həmişə dövlətlərin-Azərbaycan və Ermənistanın üzərinə qoyurlar, baxmayaraq ki, bu da bir görüntüdür. Əslində Azərbaycan bu gün problemi həll etmək iqtidarındadır. Lakin münaqişəni həll etməsi istiqamətində həmişə Azərbaycana maneələr törədən qüvvələr var. Azərbaycan birmənalı olaraq qeyd edib ki, məsələnin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipi əsasında həll etməyin tərəfdarıdır.

“İşğalçı ilə ərazisi işğal olunmuş xalqlar arasında hansı dostluq münasibətindən danışmaq olar?”

-Amerikalı həmsədrin istədiyinin hansısa şərtlərlə reallaşması mümkündürmü?

-Bu gün belə bir fikir irəli sürən həmsədrdən soruşmaq lazımdır: işğalçı ilə ərazisi işğal olunmuş, min bir müsibətlərlə qarşılaşmış xalqlar arasında hansı tolerantlıqdan, hansı birlikdən, dostluq münasibətindən danışmaq olar? Azərbaycan dövləti, xalqı həmişə tolerant olub və bu tolerantlıq dünyaya həmişə nümunə olaraq göstərilib. Bu gün Azərbaycanda dinindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq onlarla xalq yaşayır və bu xalqların heç biri azərbaycanlılar tərəfindən təsirə, təhqirə məruz qalmayıb. Bütün xalqlar dövlətçilik məfkurəmiz olan azərbaycançılıq ideyası çərçivəsində, bu prinsiplər əsasında çox gözəl yaşayır və yaşamaqda davam edir. Hətta bu gün Azərbaycanda olan 40 minə yaxın erməni də etiraf edər ki, Azərbaycanda onlara qarşı hər-hansı təhdid yoxdur. Bu gerçəklikdir, reallıqdır.
Azərbaycanla ermənilər arasında - ermənilər deyəndə Ermənistanı nəzərdə tutmuruq, söhbət Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları icmalardan gedir- xalq diplomatiyası, münasibətlərin normallaşması ilə bağlı dəfələrlə çağırışlar olub. Lakin sülh müqaviləsi imzalanmadan, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıtmadan belə bir mehribanlıq, qarşılıqlı münasibətlər haqqında danışmaq qeyri-realdır.

“Torpaqlarımız qaytarılandan sonra psixoloji baryerin aradan qaldırılması üçün zamana ehtiyac var”

-Təsəvvür edək ki, xalq diplomatiyası, qarşılıqlı etimad mühiti yaratmaq istiqamətində iş başladı. Itirilmiş torpaqlar geri qaytarılmayana qədər ordan qaçqın düşmüş insanlarımıza bunu qəbul etdirmək, onlara gəl barış demək və buna razı salmaq mümkün ola bilərmi?

-Bu, mümkün olan şey deyil. Bu gün öz vətənini, torpağını itirmiş, yurd-yuvasından qaçqın düşmüş, doğmalarının qəbrini belə ziyarət etmək imkanı olmayan bir qaçqın anaya, bir köçkün ataya necə deyək ki, sən işğalçı ilə tolerant münasibətdə ol, onunla barış? Əlbəttə ki, bütün münaqişələrin sonu sülhlə bitib. Biz buna inanırıq ki, sülh olacaq. Lakin sülhdən sonra belə həmin münasibətlərin yaranması üçün uzun zaman lazımdır. Bu günlərdə Xocalı soyqırımının 22-ci ilini keçirdik. Qəlbimizdəki o yara o qədər ağırdır ki, mən bu gün onları bağışlamaq, günahından keçmək çağırışlarını qəbul edə bilmirəm. Yalnız və yalnız o zaman münasibətlər normal məcraya keçə bilər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, işğal altında olan torpaqlarımız qaytarılsın. Bundan sonra həmin psixoloji baryerin aradan qaldırılması üçün də zamana ehtiyac var. Bu birmənalı olaraq belədir. Kimsə bunun tez aradan qalxacağını deyərək özünü aldadırsa, yaxud belə çağırışlar edərək hansısa yanlış fikirlər söyləyirsə, mən bunun tamamilə əleyhinəyəm.

“Əli Xocalı qurbanlarının qanına bulaşmış Sərkisyanla hansı tolerantlıqdan danışmaq olar?”

- Ceyms Uorlikin bu istəyi fonunda diqqət çəkən Minsk qrupunun 20 il-bu kifayət qədər uzun müddətdir-heç nə edə bilməməsidir.

-Yaxşı olardı ki, amerikalı həmsədr problemin ağırlığını xalq diplomatiyası üzərindən çox, siyasətçilərin üzərinə keçirəydi. Öz fəaliyyətlərini ortaya qoya, bu məsələnin həlli üçün fəaliyyətsizliklərinə son verəydilər. İşğalçı və işğala məruz qalmış arasında bərabərlik işarəsini götürəydilər. Budur əsas tələb. Yoxsa, istər ATƏT-in Dağlıq Qarabağ üzrə həmməruzəçiləri, istərsə Minsk qrupunun həmsədrləri bu günə qədər davam edən bütün bu proseslərdə bir dəfə də qətiyyət göstərib problemi ciddi şəkildə ortaya qoymayıblar. İndi də xalqlar arasında münasibətin tolerantlıq əsasında davam etməsini istəyirlər. Axı, əli Xocalı qurbanlarının qanına bulaşmış Sərkisyanla hansı tolerantlıqdan danışmaq olar, hansı xoş münasibətdən söhbət gedə bilər?! Mən belə bir tolerantlığı qəbul etmirəm və qəbul etməyəcəm də.

“Cani ilə münasibətdə tolerantlıq nümayiş etdirmək cinayətin sərhədlərinin genişlənməsinə aparan bir yoldur”

-Dünya beynəlxalq konvensiyalar əsasında Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu qəbul edir, amma ortada əməli fəaliyyət yoxdur. Səbəb nədir?

-Dünyada hüququn gücü deyil, gücün hüququ hökmranlıq edir. Bu gün beynəlxalq münasibətləri nizamlamaq, xalqlar, millətlər, dövlətlər arasında birgəyaşayış prinsiplərini sivil qaydada tənzimləmək iddiasında olan beynəlxalq hüquq və onun mühüm müddəaları-beynəlxalq məsuliyyət, beynəlxalq öhdəliklər, beynəlxalq konvensiyalar çox ciddi deqradasiyaya uğrayıblar. Bu prinsiplər böhran içindədir. Belə olmasaydı bu qədər konfliktlər, müharibələr baş verməzdi. Bu gün artıq məlumdur ki, həmin o beynəlxalq hüquq normaları, beynəlxalq qurumların qəbul etdiyi mühüm sənədlər dünya nizamına təsir etmək imkanında deyil, yaxud bu imkanlar məhduddur. Belə olmasaydı Uorlik bu cür fikir irəli sürməzdi. Belə olmasaydı bu gün beynəlxalq qurumlarda, konkret olaraq Avropa Şurası Parlament Assambleyasında Serj Sərkisyan özünün Qarabağda törətdiyi cinayətlərə haqq qazandıra bilməzdi. Belə olmasaydı hüququn gücü gücün hüququ qarşısında aciz qalmazdı. Bütün bunlar gerçəklikdir. Belə gerçəklikdə, sərt münasibətlərin formalaşdığı bir zamanda, beynəlxalq təşkilatlar öz kəskin sözünü deməli, dünyada olan bu konfliktlərin aradan qaldırılması üçün qəbul edilən ciddi qətnamələrin gerçəkləşdirilməsi üçün fəaliyyət göstərməlidir. O zaman bütün ağırlığı xalq diplomatiyasının üzərinə qoymazdılar.

Biz, adətən, BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin həyata keçirilməməsindən danışırıq. Lakin onu da bilin ki, bu gün müxtəlif münaqişələrlə bağlı 30-a qədər qətnamə var ki, heç biri gerçəkləşməyib. Bu onu sübut edir ki, bu gün doğrudan da problemi tolerantlıq, dözümlülük qəddar cinayətkarlığa qarşı dözümlü olmağa çağırışlarla həll etmək olmaz. Problemin qoyuluşunun özü səhvdir. Cani ilə münasibətdə tolerantlıq nümayiş etdirmək cinayətin sərhədlərinin genişlənməsinə aparan bir yoldur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm