• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Bentley” istəmirik, elə “Zapı” da bəsimizdir” - Bakının küçə musiqiçiləri ilə söhbət - FOTOLAR/VİDEO

“Bentley” istəmirik, elə “Zapı” da bəsimizdir” - Bakının küçə musiqiçiləri ilə söhbət - FOTOLAR/VİDEO

Bir neçə il öncə dünya şöhrətli skripkaçı Coşua Bell Vaşinqton metrosunun çıxışında konsert vermişdi. 45 dəqiqəlik konsert müddətində onun ətrafında cəmi 6 nəfər toplaşaraq ifa etdiyi musiqi ilə maraqlanıb. Yoldan keçən təxminən 20-yə yaxın adam isə musiqiçinin qarşısındakı qutuya pul atıb. Heç kim güman etməyib ki, onların qarşısındakı əlində Stradivarinin düzəltdiyi 3,5 milyon dollarlıq skripka olan dünyanın ən məşhur ifaçısıdır. Skripkaçının bir gün əvvəl keçən konsertinə isə mindən artıq insan toplaşmışdı. Görünür, insanlar ifa olunan musiqiyə yox, onun kim tərəfindən ifa olunmasına fikir verirlər.

Onlar əslində insanları öz sənətləri ilə sevindirmək üçün doğulublar. Buna baxmayaraq, onlara heç də münasibət birmənalı olmayıb. Hörmət edənlər, qiymətləndirənlər, onları ciddiyə almayanlar, işsiz-gücsüz avara hesab edənlər, özünə qəribə həyat tərzi seçənlər, anlaşılmaz adamlar, hətta dilənçi kimi qəbul edənlər də olub. Söhbət bütün dünyada geniş yayılmış, Azərbaycanda da ara-sıra rast gəlinən küçə musiqiçilərindən gedir. Hələ qədim dövrlərdə menestrellər, trubadurlarla mübarizə aparılsa da, küçə musiqiçiləri bu gün də öz mövcudluqlarını qoruya biliblər...

“Küçə sənətində qazanc olmur...”

Doğrudur, Bakıda Coşua Bell kimi məşhur musiqiçinin küçədə musiqi ifa etməsini görən olmayıb. Bizdə küçə musiqiçiləri tanınmayan musiqiçilərdir. Küçə musiqiçilərini dilənçi hesab edənlər yanılır. Onların bu musiqidən qazancı heç qəpik-quruş da deyilmiş. Bunu onlarla tanış olandan sonra anladım. Bəs əslində Bakının küçə musiqiçiləri kimlərdir? Qazancları nə qədərdir? Toylara gedirlərmi? Gündə neçə saat işləyirlər? Bu və digər suallara cavab tapmaq üçün yolumuzu paytaxtın Filarmoniya bağından saldıq. Həmişə olduğu kimi yenə də bir dəstə gənc toplaşaraq musiqi ifa edirdi. Onlar 6 nəfər olsalar da, danışmaqdan çox musiqi ifa etməyə meylli idilər. Qrupun qocaman üzvü Cavid Gözəlov uşaqlarla bizi tanış edəndən sonra bura necə gəlib çıxmasından danışdı.O, gitara ilə ilk dəfə bulvarda tanış olub. Özünün dediyinə görə, bu musiqi alətinə qarşı onda maraq yarandığından internet saytları və dostlarından gitarada ifa etməyi öyrənib.

“Mən əvvəlcə başlayanda şəhərdə 3-4 nəfər gitaraçı var idi. Sonra kurslar açıldı və uşaqlar öyrəndikcə şəhərə çıxıb müxtəlif yerlərdə ifa eləməyə başladılar. İndi gündə bir neçə saat buraya yığışıb musiqi ifa edirik. Bu, bizim vaxtımızdan asılıdır, konkret müddət qoymamışıq. Elə olur 5-6 saat, elə olur ki, 3 saat burada oluruq”.

“Bəs toylara gedirsinizimi?” sualına cavabı isə gözlənilməz oldu. “Mən çağırılmamış yerə getmirəm” deyən Cavidin sözlərinə görə, getdiyi toylar yalnız yaxın adamların toyları olub. Daha çox isə ad gününə və digər tədbirlərə dəvət edəndə gedib iştirak edir. Sonuncu yadına gələn isə Texniki Universitetin və İdman Akademiyasının tədbirləri olub.

Ali təhsili, ümumiyyətlə, musiqi təhsili olmayan bu gənc öz həyatını, demək olar ki, bu parkda gitarada ifa etməyə həsr edib. Həm də heç bir qazanc güdmədən. Onun sözlərinə görə, küçə sənətində qazanc olmur. Yaxınlaşıb pul verənə isə heç rast gəlməyib. Əslində, onlar bunu özlərinə sığışdırmırlar da. Bəs heç bir qazanc yeri olmadan necə dolanmaq olar?

“Biz buradan pul qazanmırıq, bizə pul verən yoxdur. Aradabir iş yerləri olur, ad günlərinə çağırırlar. Vəziyyət çox pis olanda isə iş axtarıram. Kafelərdə və digər yerlərdə işləmişəm”.

Amma musiqiçilərimizə pul verməsələr də, musiqi sifariş edib dinləyənlər çox olur. Musiqiçilərin sözlərinə görə, çox nadir hallarda sifariş olunan musiqi Azərbaycan mahnısı olur. Ən çox sifariş isə türk mahnıları, o cümlədən Halil Sezainin musiqiləridir.

“Heç olmayıb ki, buradan 5 manat qazanıb gedib çayxanada oturaq”

Qrupun digər üzvü Əyyub Əmiraslanov İqtisad Universitetinin tələbəsidir. Caviddən fərqli olaraq onun musiqi təhsili var: “Mən 5 illik tar sinfini bitirmişəm. Sonra qarşıma məqsəd qoydum ki, ali məktəbə daxil olum və İqtisad Universitetinə daxil oldum. Universitetə qəbul olandan sonra fikirləşdim ki, gitara ilə məşğul olum, çünki bu musiqi alətinə böyük həvəsim var idi. Ona görə də bilmədiklərimi də öyrəndim və hətta gitara ilə improvizələr də edirəm”.

Bütün dəstə üzvləri kimi Murad Qaraxanov da insanların, əhalinin münasibətindən razılıq edir. Onun sözlərinə görə, dava-dalaş salanlar, təhqir edənlər, demək olar ki, olmur. Musiqi ruhu dincəldən sənət olduğuna görə, hər bir insan onu yaxşı qarşılayır. Hamı musiqi ilə mənəvi cəhətdən dincəlir və özündə rahatlıq tapır. Bu, ifa edən musiqiçiyə isə daha yaxşı təsir edir.

Qrupun ən çox sevdiyi və ifa etdiyi musiqilər isə yumşaq rok və alternativ rokdur. Əyyubun sözlərinə görə, onların qazana biləcəkləri pul halal pul olsa da, küçədə musiqi ifa edib pul qazanmağı xoşlamır: “Bu, sadəcə olaraq, mənim üçün bir hobbidir. Dostlarla yığışında özümüz üçün oxuyuruq, amma bundan pul qazanmağı düşünmürük. Heç olmayıb ki, buradan 5 manat qazanıb gedib çayxanada oturaq”.

Kiminə görə küçə musiqisi sənətin başlanğıcı, kimisinə görə isə sənətin pik nöqtəsidir. Elə gəlmişkən onlardan da bu sənətin onlar üçün nə olduğunu soruşduq. Əyyubun sözlərinə görə, onun musiqiyə olan marağı dünyaya baxışını, dünyagörüşünü, intellektini dəyişib: “Mən bu sənətə çörək ağacı kimi baxmıram. Bu sənətə çörək ağacı kimi baxsaydım, məni 5 yaşından gitaraya qoyardılar ki, musiqi ilə pul qazanım. İxtisasım marketoloqdur. Bura isə sadəcə olaraq dincəlmək üçün gəlirəm”.

Bu məqamda söhbətə qarışan Cavid üçünsə, musiqi bir qədər fərqli anlam kəsb edir. Onun ən böyük arzularından biri İspaniyaya gedib musiqi təhsili almaq və gitaranı təmiz öyrənməkdir.

Musiqiçilərin daimi dinləyiciləri isə yenə də ailə üzvləridir. Onlar səs-küydən bezsələr də səslərini çıxarmırlar. Onların sözlərinə görə, hələ ki, qonşulardan da şikayət gəlmir, daha çox tərifləyənlər var.

Küçə musiqiçiləri polislə necə yola gedir?

Bəzən tanınmış musiqiçilər də küçə musiqiçilərinə yuxarıdan aşağı baxırlar. Hətta onlarla görüşməyi belə özlərinə sığışdırmayanlar var. Bəs bizim musiqiçilər küçədə ifa etdikləri müddətdə tanınmış həmkarları ilə qarşılaşıblarmı?

Vasif Məmmədovun sözlərinə görə, belə görüşlər nadir hallarda baş verir: “Burada bəzən tanınmış musiqiçilər, həmkarlarla rastlaşırıq. Müğənni Çingiz Mustafayevin “Palmas” qrupunun üzvləri ilə görüşmüşük. Amma bu görüşlər nadir hallarda baş verir. Adətən toylarda musiqiçilərlə görüşürürk. Məsələn, bir toyda Cavid Gözəlovu müğənni Rüfət Axundov tərifləmişdi. Əslində, tanınmış həmkarlarımızla münasibətimiz normaldır”.

Adətən, dünyanın bütün ölkələrində küçə musiqiçilərilə polis arasında müəyyən problem yaranır. Polis onların hər hansı təxribat yarada bilməsindən ehtiyatlanır. Bizim musiqiçilərdən də polislə necə yola getdiklərini soruşduq. Onlar polisdən şikayət etmədilər. Musiqiçilərin sözlərinə görə, yalnız bir dəfə bulvarda musiqi ifa edən zaman mühafizəçi dağılışmalarını xahiş edib və ondan başqa heç bir anlaşılmazlıq yaranmayıb.

“Gitaranı qızlara görə öyrənməmişik...”

Belə bir misal da var, gitarada ifa edəndən çox gitara ilə şəkil çəkdirən var. Bir çox hallarda oğlanlar gitaranı elə qızlara görə öyrənməyə can atırlar. Bəs bizim musiqiçilərdə gitaraya maraq haradan gəlir? Əyyubun sözlərinə görə, onlar bunu musiqiyə olan həvəslərinə görə öyrəniblər: “Bizə qızlar yox, “day-daylar” da qulaq assa, yenə onu sevə-sevə ifa edəcəyik. Uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Hədəf qoymaq, çatana kimi ondan əl çəkməmək lazımdır. Utanmaq hissi də bizdə yoxdur. Doğrudur, bəzən qızlar da gəlib qarşımızdan keçir. Əgər düşdüyün mühit səni qane edirsə, kompleksli olmursan. Bəzən qızlar gəlib hər gün burada olub-olmadığımızı soruşurlar. Hətta hər gün ailəvi gəlib bizi dinləyənlər olur”.

“Bentley” istəmirik, “Zapı” bəsimizdir...”

Bizdə o qədər geniş yayılmasa da, xarici ölkələrdə küçə musiqisi daha yaxşı inkişaf edib. Əslində qonşu Türkiyədə, Rusiyada, Almaniyada və digər ölkələrdə küçə musiqisindən yaxşı pul qazanırlar. Sonda onlara xarici ölkələrdən birində küçə musiqiçilərindən alınmış müsahibəni xatırlatdım. Orada saksafonda ifa edən musiqiçi demişdi ki, əgər hər gün səhərdən axşama kimi ifa etsə, hətta “Bentley” ala bilər. Onlar isə zarafatla ““Bentley” lazım deyil, elə “Zapı” da bəsimizdir” dedilər.

Onlar bizə musiqi də ifa etdilər. Ən çox bəyəndiyim isə məşhur “Cənab leytenant” mahnısı oldu. Sonda musiqiçilərdən işlərinin çətin tərəfini də soruşduq. Niyəsini izah edə bilməsə də, Cavidin sözlərinə görə, küçə musiqisinin yeganə mənfi cəhəti simli alətin dini baxımdan günah olmasıdır. Musiqiçi bunun harada yazıldığını da bilmədi. Biz də onunla mübahisə etmədik. Sağollaşıb gedərkən fikrimdə ancaq bu var - həyatda həmişə musiqiyə yer var, əlbəttə ki, yaxşı musiqiyə.

Gülnar Əliyeva

FOTO: Elçin Murad