Sunbat Babəki niyə satmışdı? – GİZLİ TARİX
Bizi izləyin

Qırmızı.az

Sunbat Babəki niyə satmışdı? – GİZLİ TARİX

Babəki satdığına görə ərəblərin onu təkcə Albaniyanın deyil, eyni zamanda Ərməniyyə (Van gölündən şimaldakı torpaqlar nəzərdə tutulur) və İberiyanın məliki təyin edirlər.

Axar.az xəbər verir ki, bu açıqlamanı öz Feysbuk səhifəsində siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yerləşdirib.

O, Səhl ibn Sunbatın mülkünün indiki Şəki rayonu yox, məhz Zəngəzurda yerləşən Şəki kəndində olduğunu bildirib:

“Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. Ərəb mənbələrində Səhl ibn Sunbat formasında yazılmış ad türkcə sun - gözətçi, keşikçi, nəzarətçi və bat – mətin, bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan “bat” sözü albanlarda Urbat, VI əsrdə Orta Asiyada ağ hunlarda (eftalilərdə) Qrunbat, türk bolqarlarda Kurbat, 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan qaldırmış türk Sunbad, XII əsrdə Azərbaycanda Oğuz-Səlcuq əmirlərindən Əbubəkr Bahaəddin Sunbat və b. şəxs adlarının sonlarındakı “bat” sözü ilə eynidir. Göründüyü ki, Si sülaləsinin hakimləri etnik mənsubiyyətcə türk idilər. Səhl ibn Sumbatın albanlığı və Mehranilər sülaləsinə mənsubluğu heç bir şübhə oyatmır. Səhlin mülkü hesab edilən Şəki ərazisi Azərbaycan respublikasının Şəki şəhəri ərazisi yox, Zəngəzur ərazisində yerləşən Şəki kəndi olmuşdur. IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristianlığı qəbul etmişdi. Bu sülalənin nümayəndələri “Saklı” (ərəb mənbələrində “Səhl”) ləqəbini daşıyırdılar.

“Səhl” (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi. O, Babəki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəki idi. Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri “məlik” adlanırdılar. Səhl ibn Sunbat da məlik idi və “Kitabi-Dədə Qorqud”da Şöklü Məlik (“Şəkili Məlik” adının təhrifi), ehtimal ki, məhz Şəki hakimi Səhl Sunbatdır. Hətta Türklərdə Seyid Battal adlı dastanda Səhli Seyid Battal adlandırılır”.

Əliyev Sunbatın məhz Azərbaycanın digər ərazilərinin ərəblərin əlinə keçməməsi üçün Babəki satmaq məcburiyyətində qaldığını söyləyib:

“Babəki niyə Afşinə satmışdır” sualı isə birmənalıdır: Babəkin ulduzu sönmüşdü və Səhl bilirdi ki, əvvəl-axır, o, ələ keçəcək. Bu addımı atmaqla o ərazidə olan bir çox torpaqların ərəblərin əlinə keçməməsinə şərait yaratdı. Babək Bazarçay-Həkərəçay məcrasında tutulmuşdu. Azərbaycandan Ermənistana gedən yolun üstündə bir dərə olan bu yer Səhl ilə İsa ibn İstifanusun torpaqları arasında sərhəd idi. Şəki qalasının xarabalıqları, Bazarçayın sol sahilində eyni adlı indi mövcud olan böyük bir kəndin yaxınlığında, Darvazatəpə dağının üstündədir; çayın vadisinə enməyin qabağını tutan bu dağ Naxçıvandan Biçənək aşırımı vasitəsi ilə Arranın içərilərinə gedən yeganə yolu bağlayır. Üstəlik, Babəki satdığına görə ərəblər onu təkcə Albaniyanın deyil, eyni zamanda Ərməniyyə (Van gölündən şimaldakı torpaqlar nəzərdə tutulur) və İberiyanın məliki təyin edirlər. Bununla o, ərəblərin daha çox torpaq əldə etməsinin qarşısını alır. Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmiş, onu Baqratuni xanədanına aid edən tədqiqatçıların fikirlərini qəti şəkildə rədd etmişdi. F.C.Məmmədova isə Səhl ibn Sunbatın hakimiyyətə gəlməsini “Alban dövlətçiliyinin bərpası” hesab edir. Mənbələrdə Səhllə Babəkin onun xürrəmilərin lideri olmazdan qabaq dostluğu olduğu bildirilir. Hətta bir mənbədə belə yazı var: Həsən bir gün ən yaxın dostları Səhl ibn Sunbata və Əli ibn Hişama dedi: Sunbat, Hişam, bəs deyilmi ərəblər bizə ağalıq elədikləri? Nə vaxta qədər biz onların təhqirinə, zülmünə dözməliyik? Gəlin, biz də gedib qoşulaq xürrəmilərə, əlimizə qılınc götürək, onları torpaqlarımızdan qovaq! Səhl ibn Sumbat buna əvvəl razı olmur, lakin Babək lider olandan sonra ona kömək edir. Babək də Əli ibn Hişamı İsfahana, Səhl ibn Sumbatı isə Şəkiyə hakim təyin elədi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm