“Jurnalistika fakültəsinə qabiliyyət imtahanının ləğvi heç nəyi dəyişməyəcək” - MÖVQE
Bizi izləyin

Qırmızı.az

“Jurnalistika fakültəsinə qabiliyyət imtahanının ləğvi heç nəyi dəyişməyəcək” - MÖVQE

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli jurnalistika ixtisasına qəbul prosesində həyata keçirilən qabiliyyət imtahanından narazıdır.

C.Məmmədli qabiliyyət imtahanından az sayda abituriyentin keçməsini bu vasitənin özünü doğrultmaması ilə əsaslandırır. "Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır” – deyən professor hesab edir ki, əgər fakültəyə qabiliyyət imtahanı ilə bağlı dalbadal iki il eyni problem yaranırsa, deməli, prosesdə nöqsanlar var. Onun fikrincə, bütün bunlar o deməkdir ki, qabiliyyət imtahanı özünü doğrultmur. Qaydaların üzərində yenidən işlənilməsini təklif edən professor yenilərinin müəyyənləşdirilməsini, növbəti ildən qabiliyyət imtahanının tamamilə götürülməsini təklif edir.

Qeyd edək ki, bununla bağlı fikirlər fərqlidir. Bir çoxları əksinə, qabiliyyət imtahanının müsbət nəticələr verəcəyini düşünür. Publika.az-a danışan baş redaktorlar, ekspertlər vəziyyətdən çıxış yolu ilə bağlı fərqli mövqelər sərgilədilər.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ötən il və bu il keçirilən qabiliyyət imtahanlarında yerlərin tutulmadığını diqqətə çatdıraraq prosesə az sayda insanın qatıldığını bildirdi: “Mənə elə gəlir ki, TQDK öz standartlarına yenidən baxmalıdır. Çünki orta məktəb şagirdi qarşısına qoyulan tələblər az qala magistraturanı bitirənlərin qarşısına qoyulan tələblərlə eynidir. İmtahanlarda ekspert kimi iştirak etdiyimdən problemlərə kökündən bələdəm. Həmin nöqteyi-nəzərdən də Cahangir müəllimin narahatlığını başa düşmək olar. Çünki jurnalistika fakültəsinə gələnlərin sayı azalır”.

Onun sözlərinə görə, bu, müəllimlər üçün, eyni zamanda gələcəkdə jurnalistlərin yetişdirilməsi baxımından problem yaradır: “Hesab edirəm ki, professorun fikirləri bu məsələdən qaynaqlanır. Amma nəzərə almaq lazımdır ki, qabiliyyət imtahanlarının tətbiq olunması üçün Mətbuat Şurasının iştirakı ilə uzun müddət müzakirələr aparılıb. Mütəxəssislərin rəyləri dinlənilib. Prosesdə BDU-nun və digər universitetlərin jurnalistika fakültəsinin müəllimləri iştirak ediblər. Onlar qabiliyyət imtahanının tətbiq edilməsinə müsbət yanaşdıqlarını bildiriblər. İki il ərzində bu məsələdə problem yaranıb deyə geri çəkilmək məğlubiyyətin etirafı deməkdir”.

Elçin Mirzəbəylinin fikrincə, jurnalistika yaradıcılığın bir növü olduğundan yaradıcı insanların qabiliyyəti mütləq yoxlanılmalıdır: “Yox əgər biz “copy paste” jurnalistikasını arzulayırıqsa, istedada ehtiyac görmürüksə, təbii ki, onda qabiliyyət imtahanına ehtiyac qalmayacaq. Düşünürəm ki, qabiliyyət imtahanına ehtiyac var və proses davam etdirilməlidir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da qabiliyyət imtahanının tətbiqinin tərəfdarıdır: “15 il əvvəl BDU-da dərs deyirdim. Jurnalistika fakültəsinə daxil olmuş gənclərin 80-85 faizinin bu peşə üzrə çalışmaq istəkləri yox idi. Testlə müəyyən balı toplaya bilmədiyindən istədiyi fakültəyə daxil ola bilməyənlər jurnalistika fakültəsinə qəbul olunurdular. Təəssüf ki, onların böyük qismi jurnalist olmaq istəmirdilər. Halbuki bəzilərinin buna savadı çatırdı”.

Elçin Şıxlı da hesab edir ki, aktyorluq, rəssamlıq kimi jurnalistikada da qabiliyyət imtahanı lazımdır: “Sovet sistemi dövründə jurnalistika fakültəsinə daxil olmaq istəyənlərin yazıları əvvəlcədən dövri mətbuatda çap edilməli idi. Reportajını, məqaləni təqdim etməli idin. Lakin indi tələblər başqadır. Əslində, qabiliyyət imtahanı inşa yazısı olmamalı, gənclərlə söhbət aparılmalıdır”.

AJB sədri jurnalistika fakültəsinə xitam veriləcəyini güman edir: “Özəl universitetlərin hamısında bu fakültə ləğv olundu. İndi yalnız 3 ali təhsil müəssisəsində həmin fakültə fəaliyyət göstərir. Bu gedişlə fakültənin müəllimləri işsiz qalacaq. Görünür Cahangir müəllim bunları gözünün qabağına gətirib belə deyib. Ya da hər hansı başqa səbəb var”.

"Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev də fərqli mövqeni bölüşdü: “Təhsil sistemində və jurnalistikada dəyişiklik baş verməyincə bu sahədə heç bir yenilik olmayacaq. İstəyirlər qabiliyyət imtahanlarını ləğv etsinlər, yaxud 3 qabiliyyət imtahanı tətbiq etsinlər, bu sahədə heç nə dəyişməyəcək. İnsanlar jurnalistikaya gəlmək istəmirlər. Bir çoxları həmin peşəni seçmək istəmir. Çünki hansı problemlərin yarandığını insanlar görürlər. Həmin səbəbdən də qabiliyyət imtahanının ləğvinin dəyişikliyə səbəb olacağını düşünmürəm”.

Mövzu ilə əlaqədar fikirlərini öyrəndiyimiz “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bildirdi ki, jurnalistika fakültəsində qabiliyyət imtahanlarının ləğvi ilə bağlı xüsusi mövqeyi yoxdur: “Bununla bağlı vəziyyətdən çıxış yolunu həmin sahədə çalışanlar daha yaxşı bilər. Mənim bu təklifkə bağlı heç bir fikrim yoxdur. Məsələ iki il əvvəl ölkə prezidentinin yanında qaldırılmışdı. Həmin təklif iki ildir həyata keçirilir. Lakin bunun necə həyata keçirildiyini deyə bilmərəm. Çünki onu ancaq prosesin içində olanlar bilər”.

Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrində jurnalistika ixtisası üzrə 198 plan yeri ayrılıb. Onların da 90-ı dövlət sifarişli, 108-i isə ödənişli əsaslarladır. Lakin jurnalistika ixtisasına qəbul prosesində qabiliyyət imtahanının olması vəziyyəti xeyli mürəkkəbləşdirib. Belə ki, bu il qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri ümumiyyətlə imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən isə cəmi 57 nəfəri məqbul qiymət alıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm