• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2 qramlıq təhlükə: Evinizdə termometr qırılıbsa… - VİDEO

2 qramlıq təhlükə: Evinizdə termometr qırılıbsa… - VİDEO

Bir neçə il öncə qonşunun 11 aylıq oğlu uşaqlar üçün olan tibbi yardım çantasını açıb termometri dişi ilə sındırmışdı. Əvvəlcə nə baş verdiyini anlamayan ana döşəmədə diyirlənən hissəcikləri görəndə bunun civə ola biləcəyini güman edib. Tez uşağı çarpayıdan götürərək onu civənin dağıldığı otaqdan uzaqlaşdırıb.

Qadının Publika.az-a bildirdiyinə görə, özünü itirdiyindən əvvəlcə civə hissəciklərini əli ilə yığsa da, bütün hissəcikləri toplaya bilmədiyindən tozsoranı işə salıb:

“Otağı tozsoranla təmizlədim, sonra tozsoranın zibil kisəsini çıxarıb termometrin sındığı yataqla birgə yığıb zibilliyə atdım. Amma fikrimdə qaldı ki, uşaq zəhərlənə bilər. Təcili taksi çağırıb onu xəstəxanaya apardım. Orada oğlumun mədəsini yudular və təhlükə olmadığını bildiriblər. Düzü, civə haqqında o qədər də məlumatım yox idi və kortəbii olaraq hərəkət edirdim. Civənin necə təhlükəli maddə olduğunu axşamüstü evə sahə müvəkkili gələndə başa düşdüm”.

Son vaxtlar civənin dağılması ilə bağlı faktlara tez-tez rast gəlirik. Hətta “bizdə gündə bir termometr sınır, süpürgə ilə süpürüb atıram, hələ bizə heç nə olmayıb…” deyənlər də var. Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyi evdə termometr sınması ilə bağlı gün ərzində 4-cü xəbəri yaymışdı. Bəs niyə son vaxtlar evlərdə termometr sınması ilə bağlı xəbərlər çoxalıb? Əlbəttə ki, əvvəldə qeyd etdiyim kimi, civənin fəsadlarından xəbərsiz olub onu təkbaşına aradan qaldıranlar da az deyil. Bəs evdə termometr sınarsa, nə etmək lazımdır? Civə bildiyimizdən daha artıq təhlükəlidirmi?

Əgər termometr qırılıbsa…

Məlumat üçün bildirək ki, civə adi otaq temperaturunda maye halında olan yeganə metaldır. Gümüşü rəngdə olan civə buxarları havadan 7 dəfə ağırdır və həddən artıq zəhərlidir. Civə buxarları və onun birləşmələri fövqəladə təhlükəli kimyəvi maddələr sırasına daxil olub, yüksək qatılıqda belə iyə və qıcıqlandırıcı təsirə malik deyil. Civə buxarlarının təhlükəli xassələrindən biri də onun taxta, divar kağızı, plastik kütlə səthlərinə boya kimi aktiv hopmasıdır. Termometrdə olan 2 qram civə 6000 m3 havanı çirkləndirir.

Sınmış termometrdən dağılan civə qatı maye halında olur və havaya yayılır. Bu zəhərli maddə asanlıqla xalçanın xovuna, döşəmənın arasına yayıla bilər. Yavaş-yavaş buxarlanan civə havanı zəhərləyir və əgər insan bu hava ilə nəfəs alarsa, civə onun orqanizmində - böyrəklərində, qaraciyərində və beynində toplanır. Bununla da insanda xroniki intoksikasiya yaranır. Tibb mütəxəssisləri hesab edirlər ki, civə zəhərlənməsi əsəb sistemini pozur, bu hal uzun müddət davam edərsə, dəliliyə qədər gətirib çıxara bilər.

Civə nədir?

Civə bütün mayelərin içərisində ən ağırı olub, xüsusi çəkisi normal şəraitdə 13,546 qr/sm3 - dir. Onun yüksək qatılığı belə heç bir rəngə, iyə və dərhal qıcıqlandırıcı təsirə malik deyil. Buna görə də insan özü də bilmədən uzun müddət civə ilə çirklənmiş otaqda qala bilər.

Civə sənayedə, xüsusən, tibb sahəsində dərman preparatlarının, vaksinlərin və stomatologiyada işlədilən plomb materiallarının istehsalında istifadə edilir. Civə ətraf mühitə, əsasən, ölçü və nəzarət cihazlarının - termometr, manometr və barometrlərin sınması nəticəsində daxil ola bilir. Civə və onun birləşmələri texnika, tibb və kimya sənayesində tətbiq olunur. Civə oksid göz və zöhrəvi xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatlarının tərkibinə daxildir. Qırmızı civə oksid bir sıra boyaların alınmasında istifadə olunur. Civənin xlorlu birləşmələrindən pirotexniki materialların hazırlanmasında və kənd təsərrüfatında fungisidlərin istehsalında istifadə edilir. Civə tərkibli preparatlardan heyvanların parazitar dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Civə və onun buxarlarının təsirinə uşaq orqanizmi daha həssasdır. Çünki uşaq orqanizminin hüceyrələrinin keçiricilik qabiliyyəti daha yüksək olduğundan zəhər hüceyrələrə daxil olaraq həyati vacib orqanlara dağıdıcı təsir göstərir. Civə və onun buxarları ilə zəhərlənmə alınmış dozadan asılı olaraq kəskin və xroniki formada ola bilər.

Civə zəhərlənməsinin əlamətləri

Civə və onun buxarları ilə kəskin zəhərlənmənin əsas əlamətləri zəhərlənmədən bir neçə saat sonra müşahidə edilir. Civə buxarlarının konsentrasiyası 0,13-0,80 mq/m3 olduqda kəskin zəhərlənmənin əlamətləri müşahidə edilir. Zəhərlənmənin əsas əlamətləri: ümumi zəiflik, udlaq və ağızın selikli qişasının mis rəngində qızarması, ağızda metal dadın hiss edilməsi, qarında kəskin ağrıların olması, bədənin hərarətinin 38-39 dərəcəyədək yüksəlməsi, iştahanın kəsilməsi, diş ətinin şişməsi, qızarması, qanaxması, oynaqlarda və ətraflarda ağrılar, bədəndə süstlük, fəaliyyətsizlik halları müşahidə edilir və dişlərin kötük nahiyəsində civə sulfidin tünd haşiyəsi əmələ gəlir. Qeyd olunan bu əlamətlər qorxu hissi, şiddətli baş ağrıları, udma zamanı udlaqda ağrılar, nəbzin tezləşməsi, ürək zəifliyi, əzələlərin qıcolması ilə müşayiət olunur. Civə buxarları ilə ağır kəskin zəhərlənmələr zamanı vaxtında tibbi yardım göstərilməzsə, bir neçə gündən sonra ölümlə nəticələnə bilər. Civə və onun buxarları təkcə insanın daxili orqanlarını deyil, eyni zamanda, dəri örtüyünü də zədələyir. O, saç tökülməsinə, dəri hissiyyatının dəyişməsinə səbəb olur, qızılca və skarlatina xəstəliklərinə xas olan səpgilər əmələ gətirir. Əksər hallarda ağ ciyərlərin iltihabı, yuxarı tənəffüs yollarının kataral iltihabı, sinədə ağrılar, öskürək və təngnəfəslik, çox hallarda dəridə güclü göyərmə də müşahidə edilir.

Civə və onun buxarları ilə xroniki zəhərlənmə də baş verə bilər. Dövri olaraq az dozalarda civə buxarları ilə nəfəs aldıqda civə orqanizmin toxumalarında toplanır və nəticədə civə ilə xroniki zəhərlənmənin əlamətləri özünü göstərir. Civə və onun buxarları ilə xroniki zəhərlənməyə merkurializm deyilir.

Belə şəxslərdə tədricən zəiflik, iştahanın itməsi, çəkinin azalması, baş ağrıları, iş qabiliyyətinin və əqli fəaliyyətin azalması, yaddaşın pisləşməsi başlayır. Tədricən civə nevrasteniyasının əlamətləri "civə tremoru"- əllərin və barmaqların əsməsi müşahidə edilir.

Civə ilə zəhərlənən adama necə yardım göstərmək olar?

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsindən Publika.az-a verilən məlumata görə, əgər evdə civə sınıbsa, təcili olaraq şüanın yayılmaması üçün civənin qalıqlarını toplamaq lazımdır. Birinci iş otaqda olan hər kəsi, o cümlədən heyvanları çıxarmaqdır. Xüsusən də maraqlı və gümüşü görünüşü olan civə hissəcikləri ilə oynamağa həvəs göstərən balaca uşaqları təcili otaqdan uzaqlaşdırmaq lazımdır. Onlar civə hissəciklərini uda bilərlər.

İkinci iş isə FHN-in mütəxəssislərini köməyə çağırmaqdır. Onlar otağın civədən təmizlənməsi üçün bütün lazımi işləri görürlər. Bu prosesə demerkuzasiya deyilir. İlk öncə otağın pəncərələri açılmalıdır. 5-7 gün otaqda yatmamaq məsləhət görülür. Digər otaqların qapısının isə bağlı saxlanması məsləhət görülür. Çünki civənin digər otaqlara da yayılma ehtimalı var. Heç vaxt evin bütün qapı-pəncərəsini eyni anda açıq saxlamaq olmaz. Bu zaman da civə diyircəklərinin digər otaqlara yayılma ehtimalı var. Bu zaman hissəciklər divara və ya mebelə yapışır.

Civə və onun buxarları ilə zəhərlənməyə məruz qalma əlamətləri müşahidə edildikdə dərhal təhlükəli zonanın tərk edilməsi vacibdir. Bundan sonra əgər civə orqanizmə həzm sistemi ilə daxil olubsa, onda zərərçəkmişin mədəsi əvvəlcə 20-30 qr aktivləşdirilmiş kömür qatılmış su və ya su ilə qarışdırılmış yumurta ağı ilə bolluca yuyulur və ardınca süd verilir. Düyü və ya yulaf həliminin verilməsi tövsiyə olunur. Sonda isə zərərçəkmişə işlətmə dərmanı verilməsi məsləhət görülür. Həkim gələnə qədər burun, göz və ağız boşluğu 2%-li soda məhlulu ilə yuyulmalı, zərərçəkmişi mümkün qədər xəstəxanaya tez çatdırmaq lazımdır.

Məişət şəraitində dağılmış civənin təcili yığılması və ləğv edilməsi demerkurizasiya adlanır. Demerkurizasiyanı həyata keçirmək üçün lazım olan ləvazimatlar:

- civə və çirklənmiş materialı yığmaq üçün ağzı kip bağlanan şüşə banka (100-ml-lik və daha böyük);

- çirklənmiş əşyaları yığmaq üçün böyük polietilen kisələr;

- tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetka;

- pambıq, yapışqan plastır kəsikləri;

- rezin əlcəklər, stolüstü lampa;

-oksidləşdirici kimyəvi maddələr (dezinfeksiya edici və ağardıcı xüsusiyyətlərə malik olan maddələr), tərkibində xlor olan birləşmələr (xlorinol və s.)

- kalium permanqanat və ya yod məhlulu;

- sintetik tərkibli üst geyimləri (civə buxarları ilə az çirklənən);

Demerkurizasiya aşağıdakı ardıcıllıqla aparılır:

1. Civə dağılmış otaqdan insanları (ilk növbədə uşaqları) təcili çıxartmaq və giriş qapısını bağlayaraq həmin otağı izolyasiya etmək, tənəffüs orqanlarını civə buxarlarından qorumaq üçün ağızı yaş tənzif vasitəsilə bağlamalı;

2. Otaqda civənin buxarlanmasının qarşısını almaq üçün pəncərələri açaraq temperaturun aşağı salınmasını təmin etmək və dağılmış civənin üzərini isladılmış kağız qəzet, vərəq və ya yaş əski parçası ilə örtməli; (kondisioner və ya ventilyatoru işə salmaq olmaz);

3. Üzərinə civə dağılmış bütün əşyaları (paltar, xalça və s.) toplayaraq polietilen kisələrə dolduraraq eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər müvəqqəti saxlamaq;

4. Demerkurizasiyanın ən mürəkkəb və vacib hissəsi civə damlalarının toplanmasıdır. Bu zaman tozsoran cihazlardan istifadə etmək olmaz. Çünki, tozsoran civə hissəcikləri ilə çirklənə bilər və ya civənin əksər hissəsi tozsoranın filtri onu tutmadığı üçün aerozol formasında ətrafa yayıla bilər;

5. Civə damlalarını toplayarkən nazik ucluqlu armudvari rezin pipetkadan, yoğun iynəli tibbi şprislərdən, metal məftildən istifadə edilir. Böyük civə damlalarını metal məftil vasitəsilə kağız üzərinə yığaraq ağzı kip bağlanan şüşə bankalara doldurulur. Kiçik damlaları isə yapışqan plastır vasitəsilə götürüb bankalara doldurulur. Şüşə bankalara əvvəlcədən 0,2% kalium permanqanat məhlulu tökülür. Yarıq və oyuqlardakı civə ucuna pambıq dolanmış məftil və ya yoğun iynə vasitəsilə yığılır. Məftilin ucundakı pambıq tamponların kalium permanqanat və ya dezinfeksiya edici məhlullarla isladılması məsləhətdir. İstifadə olunmuş tamponlu məftil çubuqlar da şüşə bankaya atılmalıdır. Bu zaman işıqlandırıcı lampalardan istifadə olunmalıdır, çünki işıqlanma zamanı civə zərrəciklərinin görüntüsü daha yaxşı olur.

Ümumiyyətlə, dağılmış civənin yığılması kənarlardan mərkəzə doğru aparılır. Əgər civə damlaları parketin, döşəmənin altına keçmişdirsə, onda həmin hissələr sökülməli və çirklənmiş sahələr civədən azad edilməlidir. Toplanmış civəni zibil qutusuna və ya kanalizasiya xəttinə atmaq olmaz. Ağzı kip bağlanmış civə bankalarını eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə müvəqqəti saxlayaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinə təhvil vermək lazımdır.

6. Gözə görünən civə damlalarını topladıqdan sonra demerkurizasiyanın kimyəvi mərhələsi başlayır. Bu zaman civənin buxarlanmasının qarşısını almaq üçün istifadə edilən maddələrə demerkurizatorlar deyilir. Demerkurizatorlar kimyəvi maddələr olub, civənin buxarlanmasının sürətini azaldır və civənin mexaniki yığılmasını asanlaşdırır. Civə dağılmış sahələr mexaniki təmizləmədən sonra mütləq demerkurizatorlar vasitəsilə kimyəvi işlənilməlidir. Civədən təmizlənmiş sahələr kalium permanqanat və sabunlu-sodalı məhlul ilə silinir. 30 dəqiqədən sonra silinmiş sahə quru əski ilə silinərək qurudulur. Sabunlu su olmadıqda məişət yuyucu vasitələrindən istifadə edilməsinə icazə verilir.

Demerkurizasiya o vaxt effektiv hesab olunur ki, işlər qurtardıqdan sonra otağın havasında civə buxarlarının miqdarı 0,0003 mq/m3-dən çox olmasın.

Demerkurizasiya zamanı aşağıdakı demerkurizatorlardan istifadə edilə bilər:

- Sabunlu-sodalı məhlul (4% sabunlu su + 5% soda məhlulu; Bu tərkib 1 litr suya 40 qr paltar sabunu və 50 qr soda əlavə etməklə hazırlanır);

- Xlorid turşusu əlavə edilmiş 0,2% kalium permanqanat məhlulu (xüsusi çəkisi 1,19 olan 5 ml xlorid turşusu + 1 litr kalium permanqanat məhlulu);

- 20%-li xlorlu əhəng məhlulu;

- 0,2%-li kalium permanqanat məhlulu;

- 5-10%-li xlorid turşusu məhlulu və s.

Mütəxəssislər hesab edirlər ki, heç vaxt civə dənəciklərini tozsoranla yığmaq olmaz. Bəziləri isə civəni yığdıqdan sonra, tozsoranı tullayır. Amma bu variant da keçərli deyil. Belə ki, tozsoran işləyən zaman qızır və bu da civənin fəaliyyətini gücləndirir, yayılmasına səbəb olur. Hava tozsoranın içərisinə daxil olur və onun rəngli metaldan hazırlanan mühərrikinin bütün hissələrinə keçir. Bu halda tozsoran özü civə buxarının ötürücüsünə çevrilir. Tozsorandan çıxan hava ilə civə bütün otağa yayılır.

Civə hissəciklərini döşəmənin altına itələmək olmaz. Hər damcını ayrılıqda götürmək lazımdır. Civəni süpürgə ilə toplamaq da yolverilməzdir. Çünki hissəciklər süpürgənin arasına yığışaraq qala bilər.

Əgər civə xalçaya dağılıbsa, onu azı 3 ay istifadə etmək olmaz. Yaxşı olar ki, xalça açıq havada qalsın. Üzərinə civə dağılmış paltarları paltaryuyan maşında yumaq olmaz. Onu atmaq məsləhət görülür.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR