• USD 1,7009 0,00% EUR 2,0075 +0,36%
    • GBP 2,1750 -0,28% RUB 0,0288 0,00%

"Bunun qiyməti 50 manatdır, o birininki 100 min!" - Atçılıq mərkəzində bir gün FOTO/VİDEO

"Bunun qiyməti 50 manatdır, o birininki 100 min!" - Atçılıq mərkəzində bir gün FOTO/VİDEO

XIX əsr qaçaqçılıq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Nəbi döyüşlərdən birində dəstəsilə mühasirəyə düşür. Rəvayətə görə, mübarizəni dayandırmayan qaçaq atına belə deyir:

Boz at səni sər tövlədə bağlaram,

Əgər məni bu davadan qurtarsan,

Ayağına qızıl, gümüş nallaram.

Qoy mənə desinlər ay qaçaq Nəbi,

Arvadı özündən ay qoçaq Nəbi...

Məşhur dastanda yer almış bu şeir atın hələ ötən əsrlərlərdən insanın ən sadiq dostuna çevrildiyini göstərir. Bu dostluq lap qədim dövrlərdən o qədər yaxın olub ki, atlar qəhrəmanların silahdaşı kimi də rol oynayıblar.

Əfsuslar olsun ki, ötən əsrin ikinci yarısından başlayaraq texnikanın, nəqliyyatın inkişafı atlardan istifadəni arxa plana atdı. Dağlıq yerlər istisna olmaqla, dünyanın əksər ölkələri atlardan az istifadə etməyə başladılar. Təəssüf ki, respublikamızda da bu sahədə müəyyən problemlər var. Son illər atçılığa diqqət və marağ müşahidə edilsə də, qayğılar bitib-tükənmir. Hələ uşaq yaşlarından atçılıqla məşğul olan süvari Rəşad Atayev Publika.az-a müsahibəsində bir sıra məqamlardan söhbət açdı:

“Bakıda atçılıqla bağlı üç yer var”

Müsahibimiz ilk öncə atların saxlanıldığı Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Süni Mayalanma Mərkəzindən söhbət açdı: “Bura sovet dövründən qalmış təsərrüfatdır. İndi Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Süni Mayalanma Mərkəzi kimi fəaliyyət göstərir. Buranın rəhbəri əvvəllər atçılıq sahəsinə yaxın adam olub. Ondan xahiş etdik ki, atlarımızı saxlamaq üçün bizə yer ayırsın. Buranı icarəyə götürdük”.

Mərkəzdəki atlara ayrı-ayrı şəxslər qulluq edir: “Burada 16 baş at var. Atlar ayrı-ayrı şəxslərindir. Həvəskarla öz zəhmətləri ilə qazandıqları pulla atları saxlayır, onlara yem ayırır, qulluqçu tuturlar. Atlara rejimlə qulluq edilir deyə”.

Hələ uşaq yaşlarından atçılıqla maraqlandığını deyən Rəşad Atayev atcılıq məşqlərini əsasən Abşeron Regional Süni Mayalanma Mərkəzində və Bakı Dövlət Cıdır Meydanında edir: “10 yaşımdan atçılığa maraq göstərməyə başladım. Bakıda bu sahə ilə bağlı əsasən üç yer var – Binədə, Bakı Dövlət Cıdır Meydanında və burada – Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Süni Mayalanma Mərkəzində. Hərdən məşqlərimizi Abşeron Regional Süni Mayalanma Mərkəzində keçiririk. Amma Bakı Dövlət Cıdır Meydanında hər cür şərait yaradıldığından əsasən orda atçılıqla məşğul oluram”.

Müsahibim deyir ki, at insana bağlı, sədaqətli heyvandır. Lakin insanın ona qulluğu da əsas şərtdir: “Dünyada 260 at cinsi var. Onlardan ikisi Azərbaycandadır: - Qazaxa məxsus Dilboz və Qarabağ at cinsləri. Azərbaycan bu at cinsləri ilə dünyada məşhurdur. Xüsusən Qarabağ cinsindən olan heyvanlar Almaniyada, İngiltərədə, Fransada və digər Avropa ölkələrində ad çıxarıb”.

Onun sözlərinə görə, Azərbaycanda atçılığın inkişafı üçün bir sıra işlər görülməlidir. İlk öncə bu sahəni tədris edən xüsusi məktəb açılmalıdır: “Türkiyənin İstanbul şəhərində xüsusi jokey məktəbi var. Orada süvarilərə təlim keçir, onları yetişdirirlər. Uşaqlar orta məktəbə gündəlik necə gedirlərsə, jokey dərslərinə də elə gəlirlər. Kim imtahan verib qəbul olunsa, yarışlara da o gedir. Təəssüf ki, bizdə bu cür məktəblər yoxdur. Çox istərdim Azərbaycanda da atçılıq məktəbi açılsın. Bundan əlavə, Türkmənistanda tez-tez atçılıq yarışları keçirilir. Atların ölkədən çıxarılması məhdudlaşdırılıb. Bütün bunlar həmin sahənin inkişafını stimullaşdırır. İstərdim hec olmasa xaricdə təhsil alım”.

“Atlarda yoluxucu xəstəliklər...”

O deyir ki, Azərbaycanda atlar arasında yoluxucu xəstəliklərin yayılması riski azdır: “Atların kütləvi yoluxucu xəstəliklərə yoluxmalarının qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən illik vaksinasiya təbdirləri keçirilir. Buna görə də atlar nadir hallarda belə xəstəliklərə yoluxurlar. Bununla yanaşı atçılıq federasiyası tərəfindən də atlara daim nəzarət edilir”.

Atlara qulluqdan danışam müsahibim bildirdi ki, bu, çox xərc apardığından bəzi xidmətləri onlar özlıri həyata keçirir: “Atın nalını özümüz vururuq. Nal iki cür olur. Onu dəmirçilər də hazırlayır, xaricdən də gətirilir. Xaricdən gətirilən nalın cütü 12 manatdır. Lakin dımirçilərimizin hazırladıqları nallar bir qədər ucuz olur.

Nal atın ayağında cəmi 25 gün qalmalıdır. Bundan sonra onu dəyişmək lazımdır. O ki qaldı yəhərlərə, onlar Almaniyadan, Türkiyədən, İngiltərədən gətirilir. Yəhərlər yüyənləri ilə dəst olur və 750 manata başa gəlir. Amma fərdi ustalar tərəfindən əldə hazırlanmış yəhərlər də var. Bu cür yəhərlər 150-200 manata başa gəlir. Belə yəhərlərlə ancaq atı minmək olar, onunla hər hansı oyun oynamaq, məşq etmək çətindir”.

Atları gec-gec minəndə, məşqləri azaldanda heyvanlar qaçmağı yadırğayırlar: “Buna görə də tez-tez tərləyir, nəfəsi çatmır. Həmişə gündəlik 30-40 dəqiqə məşq edirdik, amma indi məşqlər cəmi 15-20 dəqiqə çəkir. Ölkəmizdə cins atların çoxalması prosesi hələ ki normaldır. Bu, əsasən Ağdam atçılıq zavodunda reallaşır. Eyni zamanda Şəkidə də atçılıq təsərrüfatı var. Atçılıqla fərdi məşğul olanların bu məsələdə rolunu xüsusi qeyd etmək yerinə düşür. Düzdür, onlar atlara primitiv baxırlar, amma şükür Allaha ki, bu var”.

“Atın ayağı sındısa...”

Müsahibim deyir ki, atın cins heyvan kimi yaxşı yetişməsi üçün geniş otlaq sahəsi olmalıdır: “Burada (Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Regional Süni Mayalanma Mərkəzində) isə geniş sahə yoxdur. Sahədəki otla yanaşı, atlara quru ot, yem də veririk ki, yaxşı yetişsin. At üçün böyük sahə olmalıdır. Gündüzlər otlayıb sonra yatmalıdır. Atam deyir ki, əvvəllər atları Kəlbəcərin Çiçəkli yaylağına aparardılar. Otlar o qədər hündür idi ki, balalar kənardan görünmürdü. İndi atları həminki səviyyədə saxlaya bilmirik”.

Atın bir aylıq xərci çox böyükdür: “Burada hər ata bir aya baxmaq üçün 200-250 manat ödəmək lazımdır. Yaxşı otun bir qəfəsi bazarda 3 manata satılır. Bir ana at bir gündə bir qəfəs atı yeyir. Gərək ana atı doyunca yedirəsən ki, qarnındakı balası doysun”.

At yaxşı yeməsə, ondan yaxşı bala almaq olmaz: “Ata belə qulluq edilir – səhər saat 6-da durub ilk öncə ata su sonra isə yem verilir. Bundan sonra heyvan gəzintiyə, məşqə çıxır. Bir az gəzdikdən sonra gətirirsən tövləyə, otunu verirsən. Otunu yedikdə onun dırnağını, başını təmizləmək lazımdır. Bütün bunlar 3 saat vaxt aparır. Günorta yenə atın suyunu, yemini verirsən, bundan sonra axşam işi başlayır. Bu proses axşam da təkrarlanır”.

Dünyanın bir sıra ölkələrində ayağı sınmış atları gipsə qoyur, müalicə edirlər. Təəssüf ki, bizə bu avadanlıqdan yoxdur: “Əvvəllər lazareat – at xəstəxanası vardı. At xəstələnəndə o ilxıdan ayrılır, lazareatda sağalana qədər müalicə olunurdu. Amma indi atın ayaqları sınanda onun ömrünün başa çatdığını düşünürlər.

“Elə at var ki, 10 min manat versələr də satmaram”

Atın qiyməti onun cinsindən, göstəricisindən, gözəlliyindən asılı olaraq dəyişir. Elə at var, ona 10 min manat versələr də satmaram. Elə at var, əsl anadır və bundan sonra da bala verəcək. Bazarlarda hər cür at var. Onların bəziləri cins at deyil. Hər atın görə, bacara biləcəyi iş var. Heyvanı bundan artıq yükləmək olmaz. Bazarlarda 50-100 manata da at var, 50-60 min manat qiyməti olan at da var. Azərbaycanda qiyməti hətta 100 min manat olan cins at da var”.

Rəşad Atayevin sözlərinə görə, atların kimisə dişləməyi nadir rast gəlinən hadisədir: “Atların kimisə dişləməsi, qapması onun sahibinin günahıdır. Çünki bəzi atçılar heyvanları ərköyün bəsləyirlər. Çox şey heyvanla rəftardan asılıdır. At da uşaq kimidir, ərköyün böyüdəndə bunun fəsadları olur. Düzdür, elə olub ki, at məni yıxıb. Bu, dəfələrlə baş verib. Belə heyvanlar da var. Bəzi atları gec əhliləşdirmək mümkün olur”.

İnsanlar kimi atlar da xaraktercə fərqlidir. Hər cür at var: “Atın yaşı, ömrü ona baxmaqdan asılıdır. Ona yaxşı baxanda çox yaşayır. Ümumiyyətlə at üçün ən orta ömür 25-35 ildir. Məncə, dünyada Qarabağ atlarından gözəl at yoxdur. Onunla müharibədə, ovda, yolda yoldaşlıq etmək olar. Əgər harasa gedirsənsə, qabaqda təhlükə varsa, Qarabağ atı onu sənə hiss etdirəcək.

Təəssüf ki atı döyənlər də var. Heyvandan nəyi isə tələb edirlər. O bunu bacarmayanda atı döyməyə başlayırlar. Mənim atıma bircə dəfə əl qaldıranı sonradan atı minməyə qoymuram. Deyirəm ki, heyvandan bacarmadığı şeyi niyə tələb edirsən? Hər atın bacardığı müəyyən limit var. Heyvanı bundan artıq yükləyəndə o sənin göstərişlərini yerinə yetirə bilmir. Bir-iki dəfə vurandan sonra o da sənə təpik atacaq ki, əl çək məndən”.

Anar Tağıyev,

Fotolar Elçin Muradındır

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>