• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şəhid ailələri yeni mənzildə

Şəhid ailələri yeni mənzildə

Ağdam rayonunda 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Publika.az-ın məlumatına görə, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ötən ay prezident İlham Əliyevin imzaladığı, Fərman və Sərəncamlarla əsasən, 86 452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılıb və bu artımların maliyyələşdirilməsinə aylıq olaraq 2,1 mln. manat vəsait sərf olunacaq. İlin sonuna kimi qeyd olunan artımlara 19,0 mln. manat vəsait sərf ediləcək.

Nazir bildirib ki, bu qayğının davamı kimi, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə qanunvericiliyə edilən dəyişikliklərlə belə şəxslərin ödənişli təhsil alan uşaqları 2014/2015-ci tədris ilindən etibarən ödənişli təhsil haqqından azad ediliblər. Bu kateqoriyadan olan şəxslərin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

S.Müslümov bununla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib. Belə ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamının yüksək səviyyədə icrası olaraq, son üç həftə ərzində bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən artıq 300 nəfəri avtomobillə təmin edilib, digər növbədə olanların isə avtomobilə təminatının gələn ayın sonunadək başa çatdırılacaq. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər həyata keçiriləcək.

S.Müslümov vurğulayıb ki, indiyədək artıq 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR