“Məni də öldürəcək, uşağımı da” – Ekspert rəyi
Bizi izləyin

Qırmızı.az

“Məni də öldürəcək, uşağımı da” – Ekspert rəyi

“Məni də öldürəcək, uşağımı da” – Ekspert rəyi

Paytaxtın Xətai rayonunda iki ilin gəlini olan Əsgərova Aynur Yaqub qızına əri və qayınanası aylarla dəhşətli işgəncələr verib. Onlar Aynuru tez-tez döyür, bıçağı qızdırıb bədəninə dağ çəkirmişlər. Günlərlə ac saxlanılan qadın söyüşlərə məruz qalırmış. Aynurun anası baş verənlərdən xəbər tutan kimi qızını evlərinə gətirib. Onların çoxsaylı şikayətlərindən sonra fakt üzrə cinayət işi başlanıb.

Yəqin ki, anası faktı aşkarlamasaydı, Aynur hələ bir neçə il bu işgəncəyə məruz qalacaqdı. Bəs döyülən qadın nə etməlidir? Hansı qurumlar onu bu işgəncədən xilas edə bilər?

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, işgəncələrə dözmək qorxmaqdan, savadsız olmaqdan irəli gəlir: “Amma ən önəmli məqam qorxu ilə bağlı olur. Onlara deyəndə ki, hüquq mühafizə orqanlarına müraciət edək, deyirlər, “Ərim məni də öldürər, uşaqlarımı da” olur. Bu qorxu da onları susub, dözməyə vadar edir. Qadınlar döyüldüklərini gizlədirlər. Bundan başqa, cəmiyyətdə qadının döyülməsinə haqq verən düşüncələr çoxdur. Bu məqamlar da qadını illərlə işgəncəyə məruz qalmağa məcbur edir”.

M.Əzizovanın sözlərinə görə, qadınlar polisə şikayət etdikləri halda problemlə qarşılaşırlar: “Çox vaxt qadınların ərizələri qəbul edilmir, çünki polislərin əksəriyyəti kişinin qadını döyməsinə haqq qazandırır. Onların düşüncəsinə görə, yaxşı qadın döyülməz, yaxşı qadın ərinə qarşı ərizə yazmaz. Bəzən müstəntiq elə suallar verir ki, qadınlar şikayət ərizəsindən imtina edirlər. Hüquqları qorunan qadının getməyə yeri olmur. Üstəlik, artıq döyülmə Cinayət Məcəlləsindən çıxarılıb, İnzibati Xəta kimi cəzalandırılır. Yəni qadın şikayət edərsə, əri cərimələnəcək və arvadını daha çox döyəcək. Çox zaman qadın yenidən şikayət etməyin mənasız olduğunu düşünüb intihar edir”.

Ekspert məsələdən çıxış yolunu da göstərdi: “Həm biz, həm də digər qadın təşkilatları işgəncəyə məruz qalan qadınlara hüquqi, psixoloji yardım göstərə bilər. Çünki məsələnin hüquqi tərəfi həll olsa belə, qadının yenidən həyata qayıtması üçün psixoloji dəstəyə ehtiyacı olur. Amma təəssüf ki, bu gün qadın problemləri ilə bağlı 300-ə yaxın QHT qeydiyyatdan keçsə də, onların 5-6-sı konkret qadınlarla işləyir. Bölgələrdə isə vəziyyət daha çətindir. Bütün cənub bölgəsi üzrə bir QHT mövcuddur. Qərb bölgəsində isə demək olar ki, yoxdur. Amma qadınlarımız ən azından fəaliyyət göstərən QHT-ilə əlaqə saxlayıb, sonrakı həyatlarını daha sağlam formada qura bilərlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm