• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nə qədər yeni ünvan lövhələri quraşdırılıb?

Nə qədər yeni ünvan lövhələri quraşdırılıb?

Azərbaycanda yeni ünvanvermə qaydalarına uyğun olaraq, Bakı şəhərinin 1325, Sumqayıt şəhərinin 69, Gəncə şəhərinin 684 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə giriş ünvanları təyin edilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata keçirilir.

Hazırda komitə tərəfindən yeni dizaynda informasiya, park informasiya lövhələrinin və küçə istiqamətləri qurğularının küçə və prospektlərdə, parklar və xiyabanlarda quraşdırılması işləri davam etdirilir. Bu işlərin icrasında əsas məqsəd yeni dizaynlı ünvan lövhələrinin şəhər və rayonların müasir memarlıq və arxitektura üslubuna uyğunlaşdırılması, ünvan axtarışında rahatlıq və çevikliyin təmin olunmasıdır.

Bakı şəhərinin 130 küçə və prospektində yerləşən daşınmaz əmlak obyektlərinə giriş və bina ünvan lövhələri artıq quraşdırılıb.

Bakı sakinlərinin şəhərin küçə və parklarında rastlaşdığı informasiya qurğuları və park informasiya lövhələri hazırlanarkən onların dizayn, keyfiyyət və müasirlik baxımından tələblərə uyğunluğuna xüsusi diqqət yetirilib. Belə qurğu və lövhələr uzunmüddətli istismar qabiliyyətinə malikdir. İnformasiya qurğuları küçə və prospektlərin yolayrıcılarında, çoxşaxəli yollar və küçələrdə yerləşdirilməklə müxtəlif küçələrin, obyektlərin, mərkəzlərin və digər məkanların adları və istiqamətlərini aydın şəkildə göstərir. Gediləcək istiqaməti tanımayan və ya tapa bilməyən hər kəs küçə istiqamətləri informasiya qurğularına baxmaqla istədiyi istiqaməti rahat və aydın şəkildə təyin edə bilir. Eləcə də küçələrdə quraşdırılmış informasiya lövhələrindəki ünvan xəritələri lazım olan ünvanın tez tapılması və istiqamətin müəyyənləşdirilməsini rahat şəkildə təmin edir.

Parklarda, istirahət məkanlarında quraşdırılmış park informasiya lövhələri həm dizayn baxımından müasirdir, həm də geniş məlumatları özündə əks etdirməklə sakinlər və əcnəbi vətəndaşlar, ölkəmizə gələn turistlər üçün faydalıdır. Artıq Dənizkənarı Milli Parkda, Dövlət Bayrağı Meydanında belə lövhələrin quraşdırılması işi yekunlaşıb. Yerləşdirilmiş park informasiya lövhəsinin qarşısında dayanan şəxs həmin məkanla bağlı bütün ünvan və digər zəruri məlumatlarla tanış olacaq. Lövhəyə baxmaqla aydın şəkildə istənilən istiqaməti müəyyən edəcək və məkanın hər bir hissəsi haqqında məlumat ala biləcək. Belə lövhələrdə bütün təsvirlər və yazılar aydın şəkildə əks olunub və rahatlıqla oxunur.

Park informasiya lövhələri hazırlanarkən quraşdırıldığı ərazinin, məkanın xüsusiyyətləri, memarlıq tələbləri, ölçü mütənasibliyi və baxış məsafəsi kimi amillərin hamısı nəzərə alınıb. Parklarda, xiyabanlarda quraşdırılmış informasiya qurğuları və lövhələri, yol ayrıclarında qoyulan ünvan istiqamətləndiriciləri həm Azərbaycan, həm də ingilis dillərində yazılmış məlumatları özündə əks etdirir.

Beləliklə, yeni ünvanvermə qaydaları ilk növbədə insanların sosial-məişət həyatının rahatlığına hədəflənib. Nəticədə müxtəlif xidmət sahələrinin fəaliyyətində, məsələn, poçt, təcili tibbi yardım, fövqəladə hallar və sairə xidmətlərin fəaliyyəti zamanı, operativlik təmin olunacaq. Yeni yanaşmalar əsasında tətbiq ediləcək ünvan sistemi ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaradacaq. Ölkə vətəndaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ünvan axtarışı məsələləri sadələşəcək, lazımı ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildən başlayaraq müasir ünvan sisteminin tətbiqi və yeni qaydalarla ünvanvermə işləri həyata keçirilir. Azərbaycan Respublikasında müasir ünvan sisteminə keçid bir neçə mərhələdə həyata keçirilib. İlk öncə mövcud ünvan konsepsiyası araşdırılıb. İnkişaf etmiş ölkələrin ünvan işi sahəsində nailiyyətləri, tətbiq etdikləri sistemlərin özəllikləri öyrənilib və təhlillər aparılıb. Nəticədə mövcud qanunvericilik bazası təkmilləşdirilib və yeni normativ-hüquqi aktlar qəbul olunub. Belə ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" və "Ünvan Reyestri İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub.

Komitə tərəfindən respublika üzrə ünvan reyestrinin aparılması və yeni ünvan işinin idarə edilməsi məqsədilə İKT-nin, coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb.

Yeni ünvan sisteminin tətbiqi, daşınmaz əmlak obyektlərinə yeni yanaşmalar əsasında ünvanların verilməsi ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ünvan Reyestri İnformasiya Sistemi beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə hazırlanıb. Bu sahədə komitə ilə Norveçin müvafiq təşkilatı arasında əməkdaşlıq çərçivəsində Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı layihə həyata keçirilib. Bu Sistem Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir.

1 mart 2014-cü il tarixindən etibarən Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Yeni ünvan sistemi nəticəsində vətəndaşların istənilən vaxt ünvanları rahat və tez şəkildə tapa bilməsini təmin edir.

Yeni qaydalar ünvanların binalara yox, onların girişlərinə verilməsini nəzərdə tutur. Yeni qaydalara əsasən binanın hər bir girişinə ayrıca ünvan verilir. Bu, Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir.

Yeni ünvan sistemində ünvan məlumatları daha təfərrüatlı olacaq. Belə ki, hər bir girişdəki mənzillərin nömrələri ayrıca göstəriləcək. Ünvan məlumatlarında mənzilin hansı mərtəbədə yerləşməsi də əks olunacaq.

Yeni qaydalara əsasən küçə və prospektlər kodlaşdırılacaq. Yəni küçələrin adları ilə yanaşı, xüsusi kodları da olacaq. Sənədlərdə də küçə və prospektin adı ilə yanaşı, onun kodlaşmış nömrəsi də göstəriləcək. Küçənin adı dəyişəndə bu kod dəyişməyəcək. Bu da küçə adlarının dəyişdirilməsi zamanı bir çox sənədlərin dəyişdirilməsi zərurətini aradan qaldıracaq. (Trend)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR