Macarların iştirakı ilə "dəyirmi masa" keçirildi
Bizi izləyin

Qırmızı.az

Macarların iştirakı ilə "dəyirmi masa" keçirildi

MACARISTANLI QONAQLARIN İŞTİRAKI İLƏ “DƏYİRMİ MASA” KEÇİRİLDİ

“Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” adlı tədbir keçirilib

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Fondunun nümayəndələri, tanınmış macar aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin iştirakı ilə “Azərbaycan - Macarıstan əlaqələrinin inkişafında və qardaş xalqlarımızın əməkdaşlığının genişlənməsində QHT-lərin yeri və rolu” mövzusunda “Dəyirmi Masa” keçirilib. 11 iyun 2014-cü ildə Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə, təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı Azərbaycan Milli Məclisinin deputatları, QHT rəhbərləri və tanınmış KİV təmsilçiləri də iştirak ediblər.

ABAİ İB sədri, MM üzvü Qənirə Paşayeva, tədbirin məqsəd-məramı, ümumən Macarıstanlı qonaqların respublikamıza səfəri ilə bağlı ətraflı bilgi verərək, belə səfərlərin qarşılıqlı maraq doğuran məsələlərin ictimai müzakirəsi, fikir alış-verişi, bir-birimizi daha yaxından tanımağımız baxımından böyük önəm daşıdığını bildirdi: “...Biz macar qardaşlarımızın bu dəyərli səfəri münasibəti ilə, zəngin proqram əsasında, Bakı, Quba, Tovuz və başqa bölgələrimizdə, ayrı-ayrı auditoriyalarda maraqlı görüşlər keçirdik.”

Sözünə davam edən millət vəkili, macar nümayəndə heyətinin Azərbaycan həqiqətləri ilə, o cümlədən Xocalı soyqırımının, torpaqlarımızın işğalı faktının ölkəmizə, xalqımıza vurduğu ağır zərbələrlə canıyananlıqla tanış olduqlarını bildirdi. Macarıstanda Şuşa ilə, Ağdamla qardaşlaşmış şəhərlərin olduğuna diqqət çəkən Q.Paşayeva, onların bu səfərdən sonra bizim dostlarımız, qardaşlarımız olaraq, Macarıstanda və bütövlükdə Avropada haqq səsimizi daha geniş yayacaqlarına inandığını qeyd etdi.

Xanım Paşayeva, Macarıstanın ictimai sektorunda nüfuz sahibi olan dəyərli insanların respublikamıza səfərinə dəstək verən qurum və quruluşlara, səfərin təşkilində zəhməti olan hər kəsə təşəkkür edərək, qonaqların Azərbaycandan zəngin təəsüratla gedəcəklərinə ümid etdiyini bildirdi. Bu ilin avqustunda Macarıstanda keçiriləcək növbəti Turan Qurultayına Azərbaycandan da insanların qatılacağını bildirən millət vəkili, bu kimi tədbirlərin, özəlliklə nüfuzlu QHT-lər və ziyalılar arasında yüksək səviyyəli münasibətlərin uzunmüddətli və qalıcı təsirlərə malik olmaqla fərqləndiyini dedi.

Macar nümayəndə heyətinin başçısı, Macar Turan Vəqfinin başqanı Androş Biro səfərin artıq bugünədək gerçəkləşmiş hissəsindən duyduqları məmnuniyyəti dilə gətirirək, Macarıstan – Azərbaycan münasibətlərinin dünəni, bügünü və gələcəyi mövzusunda fikirlərini bölüşdü.

O və macar nümayəndə heyətinin digər üzvləri bildirdilər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlər deyil, qohumluq əlaqələri bağlayır və macar xalqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı, ümumən Azərbaycan həqiqətlərinin Macarıstanda və bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar: “Qarabağ mövzusunda Azərbaycanlı qardaşlarımızın yanındayıq və bu məhz ədalətin yanında olmaqdır! – deyə düşünürük.”

Millət vəkili, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İB-nin İdarə Heyətinin üzvü Elman Məmmədov isə diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, Macarıstanın Azərbaycanın taleyüklü problemlərinə bəslədiyi münasibətə, eləcə də Azərbaycan üçün önəm daşıyan məqamlarda göstərdiyi qardaşlıq sədaqətinə görə təşəkkür etdi.

Tədbirdə həmçinin BAMF sədri Umud Rəhimoğlu, ATXƏM başqanı İlham İsmayılov, Milli QHT Forumun prezidenti Rauf Zeyni, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, tanınmış sənətçi Şəmistan Əlizamanlı, “Türküstan qəzeti”nin baş redaktoru Aqil Camal, ictimai fəal Samir Turan və başqa şəxslər çıxış ediblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər və hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib. Nümayəndə heyətinin başqanı A.Biro isə iki qardaş ölkə arasında ictimai-mədəni işbirliyinə verdiyi töhfələrə görə xüsusi plaketlə təltif edilib.

Qeyd edək ki, macarların respublikamıza səfəri 13 iyunda başa çatır. Səfərin son günü qonaqlar macar mədəniyyət örnəklərini və milli sənətlərini nümayiş etdirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm