Mətbuat xidmətinin rəhbəri mətbuatın durumundan danışdı
Bizi izləyin

Qırmızı.az

Mətbuat xidmətinin rəhbəri mətbuatın durumundan danışdı

Mətbuatda çalışmış və hazırkı fəaliyyəti də KİV-lə əlaqəli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Publika.az-ın suallarını cavabandırıb. O, keçmiş mətbuat işçisi, həm də mətbuatla sıx əlaqədə olan mətbuat xidmətinin rəhbəri olaraq Milli Mətbuat Günü ərəfəsində həmkarlarını həm təbrik edib, həm də onlara irad və təkliflərini bildirib.

- Elman müəllim, uzun illərdir mətbuat sahəsində çalışan şəxs, həmçinin xeyli müddətdir dövlət orqanında mətbuat xidmətinin rəhbəri kimi mətbuatla, jurnalistlərlə işləməyin çətinlikləri barədə nə deyərdiz?

- İlk növbədə diqqətinizə görə təşəkkür edirəm. Səmimi olaraq bildirim ki, mətbuat xidməti rəhbəri olaraq KİV-lə, jurnalistlərlə işləməyin mənim üçün hansısa çətinlikləri yoxdur. Ola bilsin ki, ilk vaxtlarda yeni işə başlamağımla əlaqədar müəyyən işlərdə çətinliklər olub. Amma aradan ötən dövrdə artıq qazandığım təcrübə, həm də hər bir KİV nümayəndəsinə bir həmkar kimi yanaşmağım, onu başa düşməyim, onun fəaliyyət prinsiplərinə yaxından bələd olmağım mənim üçün iş prosesində hər hansı çətinliyin qarşısını alır.

Bilirsiniz ki, bu gün mənim çalışdığım nazirlik əhalinin böyük bir kontingentini əhatə edən xidmət sahələrində mühüm islahatlar aparan bir dövlət orqanı olmaqla, həm də bu islahatlar, ümumən bütün fəaliyyət sahələri ilə bağlı cəmiyyətə məlumat açıqlığını təmin edən, cəmiyyətin rəyini diqqətlə nəzərə alan, bu mənada KİV-lə fəal, qarşılıqlı səmimiyyətə söykənən əməkdaşlığa önəm verən bir qurumdur. Bu mənada deyə bilərəm ki, işlərimiz çoxdur, iş saatlarının necə getdiyinin fərqində olmuruq.

- İllərdir jurnalistlərlə işləyirsiniz, səviyyə artır, yoxsa əksinə?

- Məncə, səviyyə əvvəllərlə müqayisədə artıb. Yəni KİV aləminə nəzər salanda görürsən ki, əvvəllərdə mövcud olmuş və milli jurnalistikanın prinsiplərinə uyğun olmayan neqativ hallar azalıb.

Hər bir yazısının arxasında şəxsi ambisiyalar, təmənna dayanan “jurnalistlər” zaman keçdikcə, görünür, artıq belə “təmənnalı fəaliyyət”ə yer qalmadığını dərk edərək bu sahədən uzaqlaşırlar. Bu, yaxşı haldır. Lakin təəssüf ki, fəaliyyəti jurnalistikadan uzaq KİV-lərimiz hələ də qalmaqdadır. Xüsusilə bu özünü son vaxtlar bir sıra internet saytlarında daha qabarıq göstərməkdədir. Məsələn, bu gün çap mətbuatının, internet saytların monitorinqini keçirən müxtəlif şirkətlər yaranıb. Onlar hər hansı qurumla müqavilə bağlayır və həmin qurumla bağlı gedən məlumatları dərhal ona göndərir. Bu yaxınlarda həmin şirkətlərdən birinin rəhbəri ilə söhbət edirdim və ondan soruşanda ki, neçə saytı monitorinq edirsiz, o, mənə bildirdi ki, qəzetləri çıxsaq, saytların sayı 100-dən artıqdır. Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq informasiya agentliyinin və xəbər portallarının adını bilən var? Məncə, tədricən bu sahədə olan çatışmazlıqlar da aradan qalxacaq.

- Özünüz də mətbuatda işləmisiniz. Hazırda mətbuatın durumunu necə dəyərləndirirsiniz?

- İndi mətbuatın maddi-texniki imkanları əvvəllərdəki ilə müqayisədə xeyli çoxdur. Çap mədəniyyəti daim inkişaf edir. Lakin gəlin etiraf edək ki, zamanın tələbinə uyğun olaraq elektron KİV kağız mətbuatını xeyli üstələyir. Bütün dünyada olduğu kimi, bizdə də informasiya təminatını – təbii ki, daha çox operativliyi baxımından – əksərən elektron KİV ödəyir.

Ona görə də kağız medianın durumu barədə nikbin danışmaq mümkün deyil. Baxmayaraq ki, dünyanın bir çox ölkələrində hələ də yüksək tirajını qoruyub saxlayan kağız media nümunələri var. Amma elektron KİV-ə maraq var, lakin xəbər saytlarının sayının getdikcə artmasına rəğmən, onların çoxunda xəbər rəngarəngliyinin olmaması, olsa-olsa müxtəlif cür başlıqlarda eyni xəbərlərin yayılması, jurnalist araşdırmalarına nadir hallarda rast gəlinməsi, köşə yazarı olmağa aludəçilik təəssüf doğurur.

- Mətbuatın əsas çatışmazlıqları nələrdir?

-Sensasiya yaratmaq xatirinə qara xəbərlərin, rüsvayçı hadisələrin, vulqar epizodların, ucuz şou elementlərinin yayımında xüsusi canfəşanlıq heç arzuolunan hal deyil. Məncə, hər bir media orqanı ciddi oxucu zövqünə yönəlməlidir, hətta barmaqla sayıla biləcək qədər oxucusu olsa da.

- Bəs hansı müsbət yeniliklər müşahidə edirsiniz?

- Ən müsbət yenilik ondan ibarətdir ki, milli mətbuata dövlətin qayğısı getdikcə artır. Bu, birmənalı olaraq belədir. Bu gün dünyanın heç bir ölkəsində jurnalistə, onun həyat şəraitinin yaxşılaşdırılmasına dövlət vəsait ayırmır. Azərbaycanda isə milli mətbuatın problemlərinin həlli, jurnalistlərin həyat səviyyəsinin yaxşılaşdırılması məhz birinci şəxsin, cənab Prezidentin diqqətindədir və bu sahəyə kifayət qədər dövlət vəsaiti yönəldilir. Bunu yalnız alqışlamaq olar. Qalır yaradılan şəraitdən istifadə edib peşəkarlaşmaq.

Sözümün sonunda sizi və bütün həmkarlarımı Milli Mətbuat günü münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə həm həyatda, həm də peşə fəaliyyətinizdə bol-bol uğurlar, sevinclər diləyirəm.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm