• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“ASAN”-da bir gün (FOTOLAR)

“ASAN”-da bir gün (FOTOLAR)

"ASAN xidmət"-dən faydalanıb və məmnun qalmış nənə: "Pampers, mobil telefon və “ASAN xidmət”-i çıxardanın Allah canını sağ eləsin”.

“ASAN"-dan başqa yer var ki, müraciət edək?” xidmətdən istifadə edən təqaüdçü

“ASAN” korrupsiya və süründürməçiliyin qarşısını aldı” gəlini üçün şəxsiyyət vəsiqəsi almaq istəyən müəllimə

Siyahını uzada bilərik. Bir dəfə də olsun “ASAN xidmət”-ə müraciət etmiş tanışınız varsa, bu sözləri qulağınıza yad gəlməyəcək.

Bir ildən artıqdır fəaliyyət göstərən “ASAN xidmət”-in necə və nə üçün yaranması barədə danışmayacağıq. Fəaliyyətə başladığı gündən bu günə qədər bir çox yeniliklərə imza atan “ASAN xidmət” mərkəzlərində olub, insanların müraciətləri və onların razı, narazı qaldıqları məsələlərlə maraqlandıq.

Qeyd edək ki, artıq paytaxtda “ASAN xidmət” mərkəzlərinin sayı 4-ə çatıb. Biz 1 saylı “ASAN xidmət” mərkəzində olduq. Həftəiçi olmasına baxmayaraq müraciət edənlər çox idi. Bizə bələdçilik edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov demək olar ki, günün bütün saatlarında müraciətlərin çox olduğunu deyir.

Ona görə də biz ilk olaraq vətəndaşlarla danışıb, onların rahatlığı üçün yaradılmış imkandan razı olub-olmadıqlarını öyrəndik.

Binanın birinci mərtəbəsi ilkin müraciət və növbə gözləmək üçündür.

Gülərüz personal

Bu günə olan məlumata görə, “ASAN”-a təxminən 2 milyon 3 yüz min müraciət olub. Ötən bir il ərzində 1 milyon müraciət olmuşdusa, bu ilin 7 ay ərzində bir milyon 300 min olub.

Gülşən Zamanova sənədlərini təqdim etmək üçün növbə gözləyir. Qızına ümumvətəndaş pasportu almaq üçün müraciət edib. “ASAN xidmət” çox asan olduğuna görə, məhz bura müraciət etmişik. Burada hər şey çox rahatdır. Müraciət edəndə gülərüzlə qarşılayırlar.

Aynur Əliyeva həm özünə, həm də azyaşlı övladına şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. “ASAN xidmət”-i seçməsinin səbəbi isə müraciət və xidmətin asan olması ilə əlaqədar olduğunu deyir:

“Bu gün hər ikimizlə bağlı müraciət etdik. Qan analizi, boyun ölçülməsi, şəkil ­- hamısı burada həll olundu. Sənədlərimizi veririk, deyilən vaxtda da gəlib götürəcəyik. Əvvəllər iki nəfər üçün şəxsiyyət vəsiqəsi almaq xeyli vaxt aparırdı”.

Vaqif Cəfərov həyat yoldaşı və qızı ilə birlikdə müraciət edib. Müraciətlərinin səbəbi xaricdə təhsil almağa gedəcək qızları üçün ümumvətəndaş pasportu almaqdır. “Vaqif müəllim, niyə məhz “ASAN xidmət”-ə müraciət etmişiniz” sualının cavabında “Başqa variant olmadığına görə” cavabını verir:

“Burada hər şey insanların rahatlığı üçündür. Özümüz üçün vəsiqəni “ASAN xidmət -dən almamışıq və bu çox uzun, yorucu proses olub. Ona görə də, qızımız üçün bura müraciət etdik. Növbəmizi gözləyirik, gözləyərkən də yaxşı istirahət edirik. Bufetə gedib çay içirik, daha sonra mərkəzlə gəzib tanış olmuşuq. Beləliklə, həm işimizi görürük, həm də istirahət edirik. Bu, artıq ikinci müraciətimizdir, qızımız üçün şəxsiyyət vəsiqəsini də buradan almışıq, indi də ümumvətəndaş pasportunu alırıq, lazım olsa da, yenə də gələcəyik”.

Əmirhüseynova Gülcahan xanım xidmətdən çox məmnun olduğunu, “ASAN xidmət”-i süründürməçilik və rüşvətə imkan vermədiyinə görə seçdiyini deyir:

“Digər dövlət qurumlarına müraciət edəndə o qədər get-gəl olur ki, adam sənəd düzəltmək də istəmir. Amma “ASAN” -da hər şey asandır. Əlbəttə, bu xidmət həm də rüşvət hallarının qarşısını alır. İlk dəfədir müraciət edirik, amma nəvələrimizə sənədləri düzəltmək üçün də bura müraciət edəcəyik”.

Ruslan Məmmədov miqrasiya ilə bağlı ikinci dəfədir “ASAN xidmət” -ə müraciət edir. Bura gülərüz personal, rüşvətdən uzaq xidmət olduğuna görə, müraciət etmişəm:

“Xarici şirkətin nümayəndəsi olaraq Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi ilə bağlı müraciət etdim və 20 dəqiqəyə işlərimi həll etdim. Əvvəl eyni məsələ ilə bağlı digər dövlət qurumlarına müraciət edəndə daha çox vaxt itirirdik”.

Uşaqlar üçün məkan

Vətəndaşlarla söhbətimizi bitirib, balacaların yanına gedirik. Uşaqlarını bağçaya qoya bilməyən valideynlər sənədləşmə işlərini həll edərkən problem yaşamırlar. Çünki “ASAN” azyaşlı uşaqları da nəzərə alır.

Burada 2 və 6 yaş arası uşaqlar saxlanılır. Xidmət üçün müraciət edən valideynlər azyaşlı uşaqlarını bura qoyub işlərini rahatlıqla həll edirlər. Bu həm də uşaqlı valideynlərin dövlət orqanlarına müraciətindəki çətinliyin birini aradan qaldıran xidmətdir.

Uşaqlara nəzarət edən Fəxriyyə Aslanova deyir ki, uşaqlar qəbul edilərkən onların və valideynlərinin adı, soyadı qeyd edilir, telefon nömrələri götürülür. Valideyn işini bitirənə qədər nəzarət edilsə də, ağlayan və sakit dayanmayan uşaqların barədə onlara məlumat verilir.

“Gün ərzində 50-60 uşağa nəzarət edirik. Nadinc uşaqlarla bağlı isə valideynə məlumat veririk. Digər uşaqlara narahatlıq olmasın deyə, həmin uşaqlar valideynə təhvil verilir. Təxminən iki gündən bir bu hallarla qarşılaşırıq”.

“ASAN xidmət” -də həmçinin fiziki qüsurlu şəxslərin rahat hərəkəti üçün imkan yaradılıb.

Artıq Sumqayıt və Gəncədəki Mərkəzlərlə birlikdə “ASAN xidmət” mərkəzlərinin sayı 6-ya çatıb. Sumqayıt və Gəncədəki mərkəzlər isə həmin rayonlarla yanaşı, onun ətrafındakı bölgələrin sakinlərinə də xidmət göstərirlər. Bakıda isə 4 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bununla da, paytaxt sakinlərinin müraciət məhdudiyyəti aradan qaldırılıb.

İlkin mərhələdə 9 dövlət qurumu çərçivəsində 22 xidmət göstərilirdisə, hazırda 10 dövlət qurumunun 30 qrup üzrə xidmətləri həyata keçirilir. Ümumilikdə, mərkəzdə hüquqi və funksional xidmətlərlə birlikdə 220-dən artıq xidmət təklif edilir.Tərcümə, tibb, bank, sığorta xidmətləri də vətəndaşlara təklif edilir. Bu xidmətlər bütün mərkəzlərdə var.

A.Hüseynov deyir ki, mərkəzlərin sayı artdıqca müraciətlər də artır. Ilkin mərhələdə “ASAN xidmət” mərkəzinə gün ərzində 400-500 müraciət olurdusa, indi onların sayı 2 min-dən çoxdur. Xüsusən yay fəsli olduğuna görə, insanlar məzuniyyət günlərində hüquqi işlərini həll etmək istəyirlər. Xarici ölkəyə getmək istəyənlər pasport almaq üçün müraciət edir.

“ASAN xidmət"-in rahatlığı nədir?

A.Hüseynov həmçinin “ASAN xidmət”-in asanlığından da danışır və müraciətlərin artmasında bir səbəb kimi də bu amil mühüm rol oynayır:

“Mərkəzə müraciət edən hər kəs şəxsiyyət vəsiqəsini təqdim edərək sıra nömrəsi götürür. İlkin mərhələdə lazım olan sənədlər toplanır və daha sonra onların təqdim edilməsi üçün digər mərtəbələrə aidiyyəti quruma müraciət edilir. Sıra nömrəsinə növbə qalmış vətəndaşlar növbə aparatına telefon nömrəsini daxil etməklə qeydiyyatdan keçir. Növbəsinə 5 və daha çox nəfər qalanda onun telefonuna bu barədə məlumat göndərilir. Bakı şəhərində qeydiyyat məhdudiyyəti aradan qaldırıldığına görə, müraciət edənlər insanların sıx olmadığı mərkəzi seçə bilərlər. Xidmətin rəsmi internet səhifəsində real rejimdə “ASAN xidmət” mərkəzlərində növbədə gözləyənlərin sayı və hər bir xidmətin müddəti barədə məlumat əldə edə bilərlər. Növbə gözləmək istəməyən insanlar üçün bu xidmət ən yaxşı imkandır”.

Onun sözlərinə görə, hətta, bura gəlmədən 7 gün əvvəl də növbə tutmaq mümkündür. Saytın onlayn növbə bölümündə gün və saatı seçmək, növbə çatmadan 5-10 dəqiqə əvvəl mərkəzdə olmaq lazımdır. Onlayn alınmış şifrəni təqdim etməklə növbənizi gözləyirsiniz.

"ASAN xidmət"-də ödəniş nə qədərdir?

Insanları maraqlarındıran əsas məqamlardan biri də ödənişdir. Bəzən elə düşüncə yaranır ki, “ASAN” -a müraciət etdimsə, heç bir ödəniş etməməliyəm. A.Hüseynov deyir ki, "ASAN xidmət"-də ödənişlər qanunvericilikdək müəyyən edilmiş qaydada həyata keçirilir.:

“Ümumvətəndaş pasportu almaq istəyən üçün yalnız almaq istədiyi müddətə görə rüsum ödəyir. Şəxsiyyət vəsiqəsinin verilməsi zamanı şəkil çəkilərkən, qan analizi verərkən, yaxud tərcüməyə ehtiyac olduğu halda ödənilən məbləğin rüsuma aidiyyəti yoxdur. Bu, həmin xidmətləri təklif edən özəl xidmət sahələrinin müəyyən etdiyi qiymətlərdir. Onlara da qiymət müəyyən edərkən vətəndaşları nəzərə alınması barədə tövsiyə verilib. Lakin vətəndaş şəxsiyyət vəsiqəsi üçün şəkli özü də gətirə bilər. Amma bu zaman şəkilin köhnə olmamasına diqqət edilməlidir. Bu da fizioloji dəyişikliklə əlaqədar ola bilər. Ümumvətəndaş pasportları üçün şəkil gətirmək qəbul edilmir. Bu pasportlar biometrik olduğu üçün şəkillər 3D formatında çəkilir”.

Toyunuzu “ASAN”-laşdırın

Yalnız şəxsiyyət vəsiqəsi, gömrük, miqrasiya yox, nikahlarını da asanlaşdırmaq istəyənlərin sayı az deyil. Ramazan ayı ərəfəsində müraciətlər azalsa da, bu xidmətə də müraciət edənlərin sayı az deyil. Nikahın xüsusi təşkilinə də cütlüklərə imkan yaradılır. Cütlüklər istədikləri halda onların şəkilləri “ASAN” -ın facebook səhifəsində də yayımlanır. Foto çəkilişi də “ASAN”-ın fotoqrafları tərəfindən həyata keçirilir.

Ideyalarınızı "ASAN"-laşdırın

A.Hüseynovun sözlərinə görə, “ASAN”-ın bütün xidmətləri barədə 108 çağrı mərkəzinə, saytın onlayn əlaqə bölməsinə daxil ola bilərlər ki, burada avtomatik cavab verilir. Daha bir müraciət forması sosial şəbəkələrdəndir. “ASAN"-ın 210 minə yaxın facebook istifadəçisi var, gündəlik sosial şəbəkədən 300-400 müraciət olur.

A.Hüseynov sosial şəbəkədə cavabların gec verilməsinə də münasibət bildirdi. Bəzən müraciətlər 19:00-dan sonra olur. İş saatından sonra olan müraciətlər gecə saatlarında cavablandırılmır.

“Sosial şəbəkədə sualların cavablandırılmasında gecikmə olması bizdən asılı olmur, lakin ən geci 10-15 dəqiqəyə cavab verilir. Şəxs Skype müraciət köşklərinə yaxınlaşaraq sual, təklif və iradını bildirə bilir. İdeya bankı layihəsi "ASAN xidmət"-lərinin təkmilləşdirilməsi üçündür. Bu ideyalar əsasında ana və uşaq otağı yaradılıb”.

“ASAN radio” da təkliflər əsasında istifadəyə verilib. Radionun hələ ki, yeganə aparıcısı Sona Tağıyeva hər gün səhər saatlarında əməkdaşlar və xidmət üçün müraciət edənlərin əhvalını yüksəltməyə çalışır. Bütün “ASAN xidmət” mərkəzlərinin istifadəçiləri və işçilərinin bu radionu dinləmək imkanı var. Radio hələ ki, səhər saatlarında fəaliyyət göstərir. Gün ərzində xidmətə müraciət edənlərin də bu radionu dinləmək imkanın yaradılmasını da ideya bankına biz təklif edərdik.

Yeniliklər

“ASAN xidmət” coğrafiyasını genişləndirməyə çalışır. Artıq yeni planlar da var. A.Hüseynov deyir ki, bu ilin sonuna kimi Sabirabad, Bərdə, Qəbələ və Masallı rayonlarında 4 regional mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Bununla da, respublika üzrə qeydiyyat məhdudiyyətinin də aradan qaldırılması planlaşdırılır. Bu da sənəd düzəltmək istəyənlərin müraciət problemini həll edəcək. Bundan başqa, səyyar avtobusların sayı artırılacaq ki, bu da, xidmətin fəaliyyətini genişləndirəcək.

“ASAN”-da işə düzəlmək

Mərkəzlərin fəaliyyətinin genişlənməsi, iş üçün müraciətlərin də sayını artırıb. Bu vaxta qədər təxminən 2 minə yaxın könüllü fəaliyyətini uğurla başa vurub. Onlar arasında dövlət qulluğunda uğurlu nəticə göstərib, “ASAN xidmət”də işləyənlər var.

Turizm İnstitutunun 3-cü kurs tələbəsi Səadət İsmayılova artıq bir aydır ki, “ASAN xidmət” könüllülərindəndir. Burada həm iş təcrübəsi qazanır, həm də komandada iş bacarığını öyrəndiyini deyir.

“Universiteti bitirdikdən sonra da “ASAN xidmət”-də işləmək mənim üçün xoş olardı. Məlumat vermək hüququmuz olmasa da, xidmətin fəaliyyəti barədə tam məlumatlıyıq. Hələ ki, bir ay könüllülük müddəti var. Daha sonra dövlət qulluğuna imtahan verib burada işləmək istəyirəm. Ali məktəbdən qrup yoldaşlarım arasında da digər mərkəzlərdə çalışanlar var. “ASAN xidmət” perspektiv baxımdan yaxşı seçimdir”.

Gülxar Şərif

Fotolar Elçinindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR