• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İslahatçı Gənclər” beynəlxalq ictimaiyyətə müraciət etdi

“İslahatçı Gənclər” beynəlxalq ictimaiyyətə müraciət etdi

“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) son günlər cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin davamlı şəkildə atəşkəsi pozması nəticəsində şəhid olan və yaralanan Azərbaycan ordusunun əsgərləri ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara və ayrı-ayrı ölkələrin parlament üzvlərinə etiraz bəyanatı göndərib. Bu barədə məlumat verən İGİB sədri Fərid Şahbazlı qeyd edib ki, bəyanatda beynəlxalq ictimaiyyətin Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərini heçə sayaraq davamlı şəkildə Azərbaycan ordusunun mövqelərini atəşə tutmasına laqeyd yanaşması sərt şəkildə tənqid olunub. Bəyanatda qeyd olunur:

“Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının BMT tərəfindən tanınan ərazisinin 20 faizini 21 ildən artıq ki, işğalda saxlayır. Azərbaycan torpaqlarının işğalı zamanı vətəndaşlarımız Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır fiziki-mənəvi işgənclərə məruz qalıb. Ermənilər tərəfindən işğal olunan Xocalı şəhərində azərbaycanlılara qarşı soyqrım törədilib.

21 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistan iki ölkə arasında bağlanmış atəşkəs haqqında sazişin öhdəliklərini, beynəlxalq hüquq normalarını pozaraq ordumuzun mövqelərini atəş altında saxlayır. Nəticədə bu illər ərzində Azərbaycan ordusunun əsgərləri şəhid olmuş, ağır yaralanmışdır. Bundan başqa dəfələrlə ayrı-ayrı sivil vətəndaşlarımız Ermənistan tərəfindən girov götürülmüş, dəhşətli fiziki-mənəvi zorakılıqlara məruz qalmışdır.

Son günlər isə Ermənistan Silahlı Qüvvələri atəşkəş rejimi intensiv şəkildə pozaraq Azərbaycan ordusunun 13 əsgərini şəhid etmiş, daha bir neçə əsgərimiz isə yaralanmaşdır. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb olmuşdur.

Lakin, çox təəssüflər olsun ki, Ermənistanın iki ölkə arasında bağlanmış atəşkəş sazişinin öhdəliklərini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq həyata keçirdiyi təxribatçılıq siyasəti dünya ictimaiyyəti, beynəlxalq qurumlar tərəfindən laqeydliklə qarşılanmaqdadır. Dağlıq Qarabağ münaqişəsinin birbaşa həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupu, münaqişə ilə bağlı 4 qətnamə qəbul eləmiş BMT Təhlükəsizlik Şurası, AŞPA, Avropa İttifaqı və Avropa Parlamenti yaranmış vəziyyətlə bağlı susqunluq nümayiş etdirirərək, Ermənistanın özünün işğalçılıq və təxribatçılıq fəaliyyətini gücləndirməsinə rəvac verirlər. Halbuki, başqa ölkələrin və münaqişələrin nümunəsində biz bu qurumların ayrı-ayrı dövlətlərə qarşı sərt sanksiyalarına şahidlik etmişik.

Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı uzun illərdir ikili standartlardan çıxış etməsi, beynəlxalq hüquq normalarının pozulmasına göz yumması, Ermənistanın işğalçılıq və təxribatçılıq siyasətini görməzdən gəlməsi Azərbaycan gəncliyi və cəmiyyəti tərəfindən böyük etirazla qarşılanır. Bu həmin beynəlxalq qurumların obyektivliyini şübhə altına salır, onlara ədalətinə olan inamın sarsılmasına gətirib çıxarır. Beynəlxalq ictimaiyyətin ikili standartlardan çıxış edərək susmasından ruhlanan Ermənistanın Azərbaycana qarşı işğalçılıq və təxribatçılıq siyasəti eyni zamanda Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin əldə olunması prosesinə ciddi zərbə vurur.

Biz Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi olaraq, ATƏT, BMT Təhlükəsizlik Şurası, AŞPA, Avropa İttifaqı, Avropa Parlamenti və digər beynəlxalq qurumları Ermənistanın işğalçılıq və təxribatçılıq siyasətinə göz yummamağa çağırır, onlardan beynəlxalq hüquq normalarının pozulmasının qarşısını almaq üçün fəaliyyət göstərmələrini tələb edirik!”

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin bəyanatı ATƏT, BMT, AŞ, Aİ, AP, Avropa Gənclər Forumuna, ABŞ Konqresi, Almaniya Bundestaqı, Fransa senatı, Rusiya Duması, Türkiyə Böyük Millət Məclisi, Böyük Britaniya, Avstriya, İtalya, Polşa, Çexiya parlamentinin üzvlərinə və müxtəlif ölkələrin gənclər təşkilatlarına göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR