• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hacıələmxanlı UNESCO-nun Mədəni İrs Siyahısına salına bilər

Hacıələmxanlı UNESCO-nun Mədəni İrs Siyahısına salına bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, Fərhad Quliyevin Publika.az-a bildirdiyinə görə, başçılıq etdiyi ekspedisiya Tokio Universitetinin mütəxəssisləri ilə birgə Hacıələmxanlı neolit məskənində tədqiqatları davam etdirməkdədir.

Tədqiqatlar zamanı məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərmişdir. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin, Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.

Qazıntı zamanı əldə edilmiş materiallar əsasında yürüdülən ilkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılmış, daha sonralar isə, müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və d.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılmışdır. Sonunculara misal kimi, Hacıələmxanlı məskənindən təqribən 1 kilometr şərqdə yerləşmiş Göytəpə neolit məskənini göstərmək olar. Qeyd edək ki, Göytəpə arxeoloji kompleksindən əldə edilmiş əmək alətləri və tikinti-inşaat tərübəsi ilə müqayisədə Hacıələmxanlı məskəni göstərilmiş parametrlər üzrə daha sadə və primitiv formaları nümayiş etdirir. Beləliklə, Hacıələmxanlı məskəninin tədqiqatları, geniş miqyaslı baxışda, bölgədə primitiv formadan təkmil səviyyəyədək inkişaf xəttinin mövcudluğu, yəni genetik ardıcıllıq və təkamül barədə nəticə çıxarmağa əsas verir.

Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Yaponiya tərəfindən rəhbəri Tokio universitetinin professoru, doktor Yoshihiro Nishiaki bildirib ki, Azərbaycan və Yaponiya mütəxəssislərinin 2012-ci ildən etibarən bölgədə apardığı tədqiqatlar öz uğurlu məntiqi nəticəsini verib.

“Biz Cənubi Qafqazda neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik. Bu böyük uğurdur!” – deyə professor Y. Nishiaki qeyd edib.

Tovuz bölgəsində tədqiqatlar aparan Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri Fərhad Quliyevin bildirdiyinə görə, kəşf edilmiş Cənubi Qafqazın ən qədim neolit məskəni barədə beynəlxalq elm ictimaiyyətinin məlumatlandırılması planlaşdırılır. Həmçinin, aşkar edilmiş maddi mədəniyyət abidələrinin gələcəkdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunması da nəzərdə tutulub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR