• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yaxşı idarəçi, menecer kimdir?

Yaxşı idarəçi, menecer kimdir?

(Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı)

Yaxşı idarəçi, yönətici, menecer peşəkarların da işini görə bilən deyil, onlara yaxşı işləyə bilmək imkanları yaradan, gələcəyi görə və planlaya bilən və bununla da böyük uğuru təmin edəndir!

Bu (indi Sizinlə paylaşacağım) həyat öyküsünü ilk dəfə maraqla oxumuşdim. Çünki idarəçilik, yönəticilik və menecerliyin ana fəlsəfəsini sadə və gözəl bir şəkildə anladır. Özəlliklə gələcəyin idarəçiləri, menecerləri olmaq istəyən gənclər üçün maraqlı olacağını düşünürəm. –

“Amerikanın böyük istehsal şirkətlərindən birinin idarə heyətinin üzvləri maliyyə hesablarını incələyərkən fabriklərdən birinin müdirinin maaşı diqqətlərini çəkmiş. Maaşı bir miqdar aşağı salmağın mümkün ola biləcəyini düşünmüşlər və içlərindən iki adamı seçərək fabrik müdirinin nə etdiyini araşdırmalarını və daha sonra bu məsələdə qərar verilməsini qəbul etmişlər. Seçilən iki adam bir səhər xəbərsiz şəkildə fabrikə getmiş və fabrik müdirinin otağına girmişlər. Gördükləri mənzərə bu olmuşdur; Fabrik müdirinin əlində qəhvə fincanı, ağzında siqar, ayaqları masanın üzərində, ətrafa halqa-halqa duman yaymaqla məşğul... Masanın üzərində nə bir sənəd, nə bir kağız parçası... heç bir şey yox! Bir müddət onunla ordan-burdan danışan heyət üzvləri müdirin heç bir işlə məşğul olmadığını və yalnız bir neçə bəsit telefon danışığı apardığını görmüşlər. Heyət üzvləri apardıqları müşahidədən razı şəkildə idarə heyətinə fabrik müdiri olan adamın yanında olduqları üç saat zaman içində heç bir işlə məşğul olmadığını, buna görə də sadə bir iş üçün verilən illik 100000 dolların ən azından üçdə ikisinin verilə biləcəyini söyləmişlər. Öncəliklə fabrik müdirinə maaşını aşağı salmağı təklif etmişlər. Təbii, fabrik müdiri bu endirilməyə razı olmamış, işdən ayrılmışdır. İdarə heyətinin düşündüyü maaşla çalışmağı qəbul edən bir çox namizəd arasından bir adam fabrik müdiri olaraq seçilmişdir. Üç ay sonra idarə heyətinə verilən istehsal hesabatlarında az bir enmənin olduğu görülmüşdür. “Fabrik müdiri yəni, bu qədər naşılıq olur” deyə düşünmüşlər. Altıncı ayın sonunda gələn hesabatlarda istehsal rəqəmlərində xeyli enmənin olduğunu görmüşlər. İki nəfərlik heyətin üzvləri yeni fabrik müdirini ziyarət etmişlər. Otağa girdiklərində gördükləri mənzərə belə idi: Adam qan-tər içində, bir əlində telefon, bir əli daima sənədləri imzalamaqla məşğul, başıyla gələnlərə oturmalarını işarə etmişdir... Gələn-gedən o qədər çox ki, adamla doğru-dürüst danışmağa imkan belə tapa bilməmişlər. Heyət üzvlərinin gəldiyi qənaət belə olmuşdur: “Belə canla-başla çalışan bir adam iş başında olduğu müddət ərzində işlərin düzəlməməsi üçün heç bir səbəb yoxdur, bir az daha gözləyək.” İlin sonu gəlmiş. Hər il mənfəətlə ili başa vuran fabrikanın balans hesabatı zərərlə qapanarkən, idarə heyətinin üzvləri bir-birlərinə dəymişlər. Bu işi yenidən incələmək üçün aralarından başqa iki adamı seçmişlər. Yeni heyət müdirin otağına deyil, fabrikin içinə girmişlər. Gördükləri mənzərə bu: insanlar işlərinin başında gözləyirlər. Nə üçün gözlədiklərini soruşduqda aldıqları cavab: “Özəl bir tökməyə başlayacağıq. Fabrik müdiri özü gəlmədən işə başlamamağımızı söylədi, biz də onu gözləyirik. Hər halda, elektrik atelyesindən çıxa bilməmiş.”

O sırada heyət üzvlərinin gözləri yaşlı bir ustabaşına sataşmış. Adamı bir kənara çəkmişlər və fabrikin öncəkindən daha pis çalışmasının səbəbləri ilə bağlı fikrini soruşmuşlar. Yaşlı ustabaşı içini tökmə ehtiyacını uzun zamandır hiss etmiş olan kimi... “Bəylər, keçmiş müdirimiz detallar ilə məşğul olmaz, irəliyə istiqamətlənən planlar qurar, işi bizə buraxar, biz də normal şərtlərdə onu rahat buraxardıq... Ancaq anidən və içindən çıxa bilməcəyimiz bir məsələ ilə qarşılaşdığımızda ona müracitə edirdik. Bilirdik ki, o bizim məsələmizi həll edəcək. O gerçək fabrik müdiri idi. Gülərüz, bizimlə zarafat edərdi, hamımız üçün düşünürdü. İndiki müdir də dürüst, xoşniyyətli, hətta daha çox çalışqan bir adamdır. Fəqət, heç birimizə inanmır, hər işi özü etmək istəyir. Yəni o, bizim yerimizə ustabaşlıq edir. Təbii, biz də əmələ çavuş oluruq. Nə isə, buna da fikir verməyək, fabrikin müdirliyi boş qalır. İrəlini görməyə çalışan, önləmlər alan, düşünən adamın yerində heç kimsə yox...”

Öncəki fabrik müdirini təkrar işin başına gətirmək istəyən idarə heyəti bir illik cəhdlərdən sonra onu müdiri ziyarətə gedirlər. Müdir dəniz sahilindəki evinin baxçasında banan ağaclarını sulayarkən qonaqlarını qarşılayır:

“Gələcəyinizi bilirdim. Xoş gəldiniz” deyir. Qonaqlar durumu izah edirlər. “Amma biz haqlı idik, sən bütün günü otağından ətrafı seyr edir, arada işçilərlə söhbət edir, çox da çalışmırdın” – deyirlər.

Öncəki müdir gülümsəyir və izah edir: “Döndüyünüzdə mənim ota-ğımın pəncərəsindən bayıra baxsanız, fabrikin bacasını görəcəksiniz. Mən gün boyunca fabrikin bacasını izlərdim, nə zaman dumanda bir azalma olsa, bir problem olduğunu anlayar, fabrikə enər, problemin səbəbini tapar, həll edər, vahidlər arası əlaqələndirməni təmin edər və otağıma dönərdim. Duman düzənli və yaxşı çıxdığı zamanlar isə üfüqə baxar, qurumla bağlı yeni layihələr irəli sürər və hansı qurum-larda nələr etməli olduğumuzu düşünər, illər sonrasını planlayardım”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR