Partlayış yerindən rəsmi məlumat: 9 yaralı, 2 ölü - FOTOLAR - YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

Partlayış yerindən rəsmi məlumat: 9 yaralı, 2 ölü - FOTOLAR - YENİLƏNİR

Fövqəladə Hallar Nazirliyi partlayışla bağlı növbəti məumat yayıb. Məlumata görə, hal-hazırki vaxta qədər xəsarət almış 9 nəfər və vəfat etmiş 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumata görə, dağıntılar altından meyiti çıxarılanlardan biri İfayət Abdullayevadır.

15:07

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Məharət Abbasovun meyiti bu dəqiqələrdə dağıntılar altından xilasedicilər tərəfindən çıxarılıb.

Onun dağıntılar altında qalan bacısının və azyaşlı qızının xilası üçün tədbirlər davam etdirilir.

14:43

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, halhazırkı vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

13:27

Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən binanın olduğu əraziyə gəlib. Nazirə son vəziyyətlə bağlı məlumat verilib.

13:12

Bu gün səhər saatlarında Xırdalan şəhərində yarımçıq yaşayış binasında baş verən partlayışla bağlı araşdırmalar davam edir. 8 nəfər yaralı çıxarılsa da, uçqun altında qalanların olması ehtimal edilir. Bununla əlaqədar olaraq, hadisə yerinə xüsusi təlim keçmiş itlər cəlb edilib.

Bu barədə Publika.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, partlayış baş verən binanın qalan hissələrinin uçmaması üçün qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb. Binanın möhkəmləndirilməsi üçün işlər aparılır.

11:40

Məlumata görə Məharət Abbasov və İfayət Abbasovanın dağıntılar altından çıxarılması üçün əraziyə yeni texnikalar gətirilib. Dağıntılar altından eşidilən səslər onların sağ olmasına ümid yaradır. Xilasetmə əməliyyatı davam edir.

11:20

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, 9 yaşlı oğlan uşağı dağıntılar altından xilas edilib. Qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

10:59

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu dəqiqələrdə xilasedicilər dağıntılar altından bir nəfəri xilas edib. 13-14 yaşlı Aydan Abbasovanın dağıntılar altından sağ-salamat çıxarılması ətrafdakılar tərəfindən alqışlarla qarşılanıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

10:34

Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayışla əlaqədar təxminən 1 saat əvvəl hadisə yerinə Respublika Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov və İcra Hakimiyyətinin nümayəndələri gəliblər.


Publika.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, R. Usubovun iştirakı ilə partlayış baş verən binaya baxış keçirilib.


Hələ də dağıntılar altında qalmış şəxslərin xilas edilməsi üçün aparılan əməliyyatlar davam edir. Binanın altında üç nəfərin qaldığı bildirilr. Onlardan biri kişi, digərləri isə ana və körpə uşaqdır. Onlar binanın birinci mərtəbəsində yaşayan sakinlərdir.

10:28

Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov Publika.az-a bildirilib ki, xəstəxanaya 2 nəfər yerləşdirilib. Onlar 42 yaşlı Vidadi İsmayılov və oğlu, 13 yaşlı Yunus İsmayılovdur.

Ata 90 faiz yanıb, hazırda reanimasiyadadır, oğluna isə ilkin yardım göstərilib və palataya yerləşdirilib.

Bakı Şəhər Təcili və təxirəsalınmaz Tibbi yardım stansiyasından bildirilib ki, bir nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

10:18

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Publika.az-a verilən məlumata görə, stansiyanın həkim briqadası tərəfindən hadisə zamanı xəsarət almış 2 nəfərə ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirlib.

10:03

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata əsasən, Xırdalan şəhəri Mehdi Hüseyn küçəsi 26-da baş verən partlayış nəticəsində dağıntılar altında qalan 6 nəfər xilas edilib. Onlardan biri ağır yanıq, digəri isə sınıq xəsarətləri alıb. Digər 3 nəfərin xəsarətləri yüngül olub.

Məlumata görə, hazırda dağıntılar altında qalan Məharət Abbasovun ailəsinin xilas edilməsi işlərinə başlanılıb. Onun oğlu Ayxan Abbasov xilas edilib, özü, həyat yoldaşı və qızı dağıntılar altındadır.

Müxbirimizin məlumatına görə, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilasetmə işlərini davam etdirir. Bina sakinləri isə pərişan haldadır.

09:24

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən Publika.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

09:12

Abşeron rayon təcili yardım stansiyasından Publika.az-a verilən məlumata görə, hazırda stansiyanın həkim briqadaları hadisə yerindədir. Xəsarət alanların və ölənlərin sayı dəqiq məlum deyil. Bildirilib ki, hadisə nəticəsində binanın yarısı uçub, dağıntılar altında qalanlar var.

08:55

Bu gün səhər saatlarında Xırdalanda 26-cı məhəllədə yerləşən məcburi köçkünlərin yaşadığı dördmərtəbəli yarımçıq tikilidə güclü partlayış olub.

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış binanın 2-ci mərtəbəsindəki mənzillərin birində baş verib və nəticədə, binanın 2-ci və 3-cü mərtəbələri dağılıb.

Partlayış zamanı ölən və yaralananların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın nümayəndələri hadisə yerinə cəlb olunub.

Gülxar

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm